Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 1000 yaşlı ağac – Ona qorxudan heç kim yaxın düşmür

Azərbaycanda 1000 yaşlı ağac – Ona qorxudan heç kim yaxın düşmür

Tovuz rayon Qovlar şəhəri ərazisində bir ağac var ki, gövdəsinin nəhəngliyi və haqqında gəzən rəvayətlərlə hər kəsdə bir xof yaradır. Sakinlərin bal ağac, beşbarmaq çinar, mayak çinar adlandırdığı bu nəhəng çinara hətta xüsusi torpaq sahəsi də ayrılıb və heç kəs onun ərazisinə girib ziyan verməyə cürət etmir.

Tovuz rayonu Qovlar şəhərində 1000 yaşlı ağac

Tovuz rayonu Qovlar şəhərində 1000 yaşlı ağac

Bölgənin ən yaşlı ağacı hesab edilən xan çinarın gövdəsi təxminən 25-30 metr, hündürlüyü isə 50 metrdən çoxdur. Yay fəslində 30-40 kilometrlikdən bu ağacı sərbəst şəkildə görmək mümkündür. Yerli sakinlərin sözlərinə görə, çinarın 1000 ildən çox yaşı olduğunu elmi tədqiqatlar da sübuta yetirib. Həmin tədqiqatların aparılmasının canlı şahidi olan Kamran Ələkbərov çinar haqda məlumatları Sputnik Azərbaycan-ın bölgə müxbirilə paylaşıb.

Onun sözlərinə görə çinarın üzərində tədqiqat aparılan vaxt o məktəbli olub və görülən işləri maraqla izləyib.

Tovuz rayonu Qovlar şəhərində 1000 yaşlı ağac

Kamran Ələkbərov

“Ötən əsrin 70-ci illərində ağacın yaşını hesablamaq üçün Moskvadan iki alim göndərmişdilər. Azərbaycandan da yerli nümayəndələrlə birlikdə 20-ə yaxın adam gəlmişdi. Bir gün ölçüb-biçib getdilər. Onlar sonra kənd nümayəndəliyinə məktub göndərərək ağacın yaşının min ili çoxdan keçdiyini yazmışdılar”.

Müsahibimiz, Böyük Vətən müharibəsi illərində çinarın təyyarələr üçün mayak kimi istifadə edildiyini söyləyir. Babasından eşitdiyinə görə, müharibə illərində əsgərlər tərəfindən çinarın ən hündür yerindən böyük bayraq asılıb. Müharibə bitdikdən sonra isə təkrar çıxarılıb. El arasında ağacın “Mayak Çinar” adlandırılması da bu hadisə ilə bağlıdır.

Tovuz rayonu Qovlar şəhərində 1000 yaşlı ağac

Tovuz rayonu Qovlar şəhərində 1000 yaşlı ağac

K.Ələkbərov bu gün də sakinlərin ağacı müqəddəs qəbul etdiyini, onun yarpağına belə toxunmadıqlarını söyləyib. O, bu haqda yaşadığı bölgədə onlarla rəvayət olduğunu söyləyib.

“Kənddə heç kim bu ağacın budağını qırmağa cürət etmir. 100 illərin sınağına görə, kim bu çinardan şəxsi məqsədi üçün istifadə edirsə, çox böyük fəlakətlə üzləşir. Yaşlı nəsil deyərdi ki, onun budağından kəsib ocaq yandıran adamın evi yanıb. Yaxud, bir nəfər onun budaqlarından tövləsinin üstünə istifadə edib. Bir gecədə tövlədəki mal-qaranın hamısı tələf olub” – deyə məlumat verib.

“O səbəbdən sakinlər onun yerə düşən budağına belə toxunmurlar” deyən müsahibim, hətta çinarın gövdəsində koğuşlarda arı yuvaları olduğunu, lakin heç kimin oradan bal götürməyi belə, ağlına gətirmədiyini deyib. El arasında Bal Çinar adlanmasının səbəbi də bu arı yuvalarıyla bağlıdır.

Hazırda Qovların Nizami küçəsində öz əzəmətilə göylərə ucalan çinarın ətrafına hasar çəkilib. Ayrılmış 0.6 ha əraziyə xüsusi giriş qapısı qoyulub. Ətraf ərazilərin sakinləri mütəmadi olaraq bu əraziyə gələrək qurbanlar kəsir, niyyət süfrələri açaraq öz müqəddəs ağaclarını ziyarət edirlər. (Sputnik)

Həmçinin oxuyun

Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ… – FOTOFAKT

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə …