Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycana qaçan erməni müxalifət lideri bunu necə bacardı?

Azərbaycana qaçan erməni müxalifət lideri bunu necə bacardı?

“Onlar dedilər ki, Ermənistanda təzyiqlərə məruz qalan bir ailə var”

Novella Cəfəroğlu: “Mən Tiflisdə olanda Gürcüstan QHT-lərindən biri mənə bu barədə məlumat verdi”

Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” İctimai Birliyinin rəhbəri Vaan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb. Bu haqda Novella Cəfəroğlu özü məlumat verib. “Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, V.Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.
Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”.
Dünən isə Bakıda V.Martirosyanın və arvadının iştirakı ilə mətbuat konfransı keçirilib.
“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri V.E.Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutub”. Bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, V.Martirosyan ailəsi ilə birlikdə “Cənubi Qafqaz Qadın Konqresi”nin həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib: “Azərbaycandan sığınacaq istəyən V.Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra V.Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.
Biz bu maraqlı məsələ ilə bağlı qaranlıq qalan mətləblərə aydınlıq gətirmək üçün Novella Cəfəroğlunun özü ilə əlaqə saxladıq. O,  açıqlamasında bildirdi ki, bu proses onun tərəfindən başladılsa da, sonrdan Azay Quliyev və dövlətin əlaqədar qurumları tərəfindən həyata keçirilib: “Mən Tiflisdə olanda Gürcüstan QHT-lərindən biri mənə bu barədə məlumat verdi. Onlar dedilər ki, Ermənistanda təzyiqlərə məruz qalan bir ailə var. Özləri də müxalifətçidirlər. Onların QHT-yə göndərdikləri məktubla tanış oldum. Gördüm ki, kifayət qədər ciddi məsələdir. Mənə bildirdilər ki, həmin adamlar o qədər təqiblərə məruz qalıb ki, hətta Azərbaycana belə keçməyə hazırdırlar. Təbiidir ki, bu məsələ gizli qalmalı idi. Əks halda, həmin adamın ölkədən çıxışına maneçilik törədəcəkdilər. Mən onların bu istəyini millət vəkili Azay Quliyevə çatdırdım. Sonrakı bütün prosesi onlar görüb. Bir də gördüm mənə xəbər verdilər ki, Martirosyan gətirilib, özü də ailəsilə birlikdə”.
“Azərbaycana keçməzdən əvvəl onunla hansısa görüşünüz olubmu” sualına Novella xanım belə cavab verdi: “Yox, sadəcə onunla QHT arasındakı yazışmaları izləmək imkanım olub. Mənə deyiblər ki, bu böyük işdir, ancaq təhlükəlidir. Dünyadakı erməni diasporu tərəfindən mənə təzyiq ola bilər. Təbiidir ki, bununla razıyam. Ancaq mən dövlətimizin maraqları naminə bunu etmişəm. Heç nədən də qorxmuram. Qoy bütün dünya bilsin ki, Azərbaycan necə tolerant ölkədir. Martirosyan deyir ki, Azərbaycana gəlmək istəyən çoxlu sayda erməni ziyalısı var. Şərait olsa, onların da Azərbaycanda məskunlaşmasına kömək edə bilər. O, şəhəri gəzib və bizdə gedən inkişafdan təəcübləndiyini bildirib. Deyir ki, Ermənistanda tamamilə başqa cür təbliğat aparılır. İxtisasca rəssamdır, həyat yoldaşı isə ssenaristdir”.
Martirosyanın gələcək planları barədə geniş məlumata malik olmadığını deyən hüquq müdafiəçisi bildirib ki, bu qərarı ailənin özü və əlaqədar dövlət qurumları verəcək: “Mənə elə gəlir ki, burada qalıb fəaliyyət göstərsə daha yaxşı olar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …

Bir cavab yazın