Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Cəmiyyət / Azərbaycan rəssamlarının əsərləri ölkədən necə çıxarılıb – QALMAQAL

Azərbaycan rəssamlarının əsərləri ölkədən necə çıxarılıb – QALMAQAL

Azərbaycanın görkəmli rəssamlarının əsərləri eBay internet-mağazasında Oğuz Tolga adlı şəxs tərəfindən satışa çıxarılıb. Bu barədə Rəşid Behbudov Fondunun Prezidenti Kamil Şahverdi məlumat yayıb. Onun bununla bağlı paylaşımında həmin rəsm əsərlərinin fotoları yer alıb.

Bu sırada məşhur rəssam Səttar Bəhlulzadənin 650 əsəri yer alıb. Bu əsərlərə 18 milyon 500 min dollar qiymət qoyulub. Bundan başqa, sistemdə digər tanınmış rəssam Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Toğrul Nərimanbəyovun, Əli Verdiyevin əsərləri də var.

Mikayıl Abdullayevin iki əsərinə, 190 min və 195 min dollar,  Böyükağa Mirzəzadənin əsərinə 260 min dollar, Toğrul Nərimanbəyovun “İçəri şəhər” tablosuna 34 min dollar qiymət qoyulub.

Türkiyədən satışa çıxarılan əsərlərin orijinal olduğunun Azərbaycan Dövlət Muzeyinin təqdim etdiyi sertifikatlarla təsdiqləndiyi bildirilir. Bu əsərlərin ölkədən necə və nə vaxt çıxarıldığı naməlumdur. Orijinal əsərlər dövlətin və xalqın mülkiyyəti sayılır. Bəs bu əsərlər hansı şəraitdə, necə ölkədən çıxarılaraq, satışa çıxıb?

Məsələ ilə bağlı Səttar Bəhlulzadənin Ev Muzeyi ilə əlaqə saxladıq. Muzeyin rəhbərliyi bu mövzuda heç nə bilmədiyini, xəbərsiz olduğunu bildirdi. Mədəniyyət  Nazirliyi isə ümumiyyətlə, bu haqda mövqe bildirməyəcəklərini açıqladı.

Qeyd edək ki, satışı reallaşdıran “Tolga & Sons Art Gallery” şirkətinin sahiblərindən biri Deniz Bülent Tolqa Yeniavaz.com saytına açıqlamasında rəsmlərin onlara erməni rəssamların əsərləri olaraq satıldığını deyib. Əlavə edib ki, artıq 40 ildir bu əsərlərə Azərbaycandan heç kim sahib çıxmır.

Azərbaycan dövləti Səttar Bəhlulzadənin satışa çıxarılan 650 əsərini ala bilsə, yaxşı olar. Komissiya yaradılsın, əsərlər qiymətləndirilsin, göstərilən qiymətə deyil, münasib qiymətə alıb, həmin əsərləri Azərbaycana gətirmək olar”.

Sənətşünaslığımızda Ziyadxan Əliyev ucalığı - Təbrik yazısı

 Ziyadxan Əliyev

Bunu “Qaynarinfo”ya açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin satışa çıxarılmasına aydınlıq gətirərkən deyib. Ziyadxan Əliyev həmin əsərlərin həqiqətən də Səttar Bəhlulzadəyə aid olduğunu təsdiqləyib: “Bu əsərlər Oğuz Tolğanın əlinə necə keçib, onu deyə bilmərəm. Mən həmin əsərlərə baxdım, onların hər biri qrafik əsərlərdir, eskizlərdir, rəssamlıqda buna cızma-qara deyirlər. 1970-ci illərdə Səttar Bəhlulzadənin vəfatından sonra onun emalatxanasını boşaldırdılar. Emalatxanada onun belə eskizlərindən minlərlə vardı. Mən onları görmüşdüm, həmin vərəqləri bir küncə yığmışdı. Yəqin ki, onun əsərlərinin həvəskarları üçün bu kağızlar əhəmiyyətli olub və onları götürüb. Hətta onların çoxunu diqqətsizlikdən emalatxanadan bayıra atmışdılar. Bir çox adamlar onlardan faydalanmışdılar, bayıra atılan vərəqləri yığıb aparıblar. Bir yolla həmin əsərləri ələ keçiriblər”.

Ziyadxan Əliyev bildirib ki, Səttar Bəhlulzadənin nəinki əsərləri, hətta imzası belə qiymətlidir: “Hər halda, bu gün onun əsərlərinə qoyulan qiymət Səttar sənətinə qoyula bilməz. Bunlar cəfəngiyyatdır, şişirtmədir. Deyilənə görə, İncəsənət Muzeyindən sertifikat alınıb. Bakıda İncəsənət Muzeyində komissiya var, hər həftənin 3-cü günü əsərləri dəyərləndirib, xarici ölkələrə çıxarılmasına icazə verirlər. Həmin əsərlərə sertifikat alına bilər, amma onların xaricə çıxarılmasına icazə verilmir. Görünür, bunlar hansısa yolla çıxarıb. Yadıma gəlir ki, 1993-cü ildə həmin İncəsənət Muzeyinin özündən xeyli qrafik əsər oğurlanıb, xarici ölkələrə aparılıb”.

Ziyadxan Əliyev deyib ki, satışa çıxarılan əsərlər şəxsin öz malıdır, hansısa muzeydən, kiminsə evindən oğurlamayıb:

“Muzeyin möhrü yoxdur, sata da bilər, hədiyyə də edə bilər. Bu əsərlərdən Azərbaycanda çox adamda var”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

 Xanlar Əhmədov

Məsələ ilə bağlı xalq rəssamı Xanlar Əhmədov “Yeni Müsavat”a danışıb. Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinə qarşı bu cür biganəliyi biabırçılıq adlandırıb: “Bu barədə  Ziyadxan Əliyevin çıxışında xəbər tutdum. Bu, sadəcə, biabırçılıqdır! Biz nədənsə öz əsərlərimizə sahib çıxa bilmirik. Ziyadxan Əlizadə də çıxışında deyib ki, vaxtilə Səttar Bəhlulzadənin əsərləri, cızma-qaraları  küçəyə tökülüb və kimlərsə onları götürüb. Hansı ki, həmin əsər və cızma-qaralar  onun fikirləri idi. Bilmirəm kimlər bu əsərlərə sahib çıxıb, götürüb, amma bu həqiqətən dəhşətli hadisədir! 90-cı illərdə Mikayıl Abdullayev, Böyükağa Mirzəzadənin də işləri qəpik-quruşa orada-burada satılırdı. Əlbəttə ki, dahi rəssam vəfat edəndə ilk növbədə Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı onun evini möhürləməli, əsərlərinə sahib çıxmalı, baxmalı, saf-çürük etməli idilər. Lakin böyük biganəlik olub və aydınlaşdırmaq da olmur ki, bu necə baş verib”.

Xanlar Əhmədov həmin əsərlərin ölkədən çıxarılmasının da çox müəmmalı olduğunu deyib: “İncəsənət Muzeyində Ekspert Komissiyası var. Respublikadan çıxan bütün əsərlərə rəy verir və üstünə öz möhürlərini vururlar. İndi görün məsələ necə qarışıb ki, bu qədər əsər ölkədən çıxarılıb. Şəxsən mən öz əsərimi ölkə xaricinə sərgiyə və yaxud harasa hədiyyə aparanda mütləq şəkildə həmin komissiyadan onu keçirir, möhürlədir, ona qiymət də qoyulur və mən dövlətə lazımi vergini də ödəyib ölkədən  çıxarıram. Sərgiyə göndərilən əsər də mütləq ölkəyə  geri qaytarılır və bununla bağlı müqavilə də imzalayırıq. İndi təsəvvür edin, bu cür dahi rəssamımız Səttar Bəhlulzadənin 650 əsəri ölkədən necə çıxarılıb. İndi yaxşı, tutaq ki, deyək kimsə onun bir qrafik əsərini gizli yolla hansısa kitabın arasına qoyub, ölkədən çıxarıb. Bu qədər əsəri ölkədən çıxartmaq olar? 650 əsər onun bütün yaradıcılığı, bir ömür salnaməsi  deməkdir. Rəssam əgər ortaya 650 iş qoyursa, deməli, 6500 əsər yaradır, bir qismini silir, dağıdır, ortaya əsaslarını çıxardır”.

Xalq rəssamı qeyd edib ki, Azərbaycan dövləti mütləq şəkildə Səttar Bəhlulzadənin əsərlərinin qaytarılması istiqamətində tədbirlər görməlidir.

Səttar Bəhlulzadənin əsərlərinin ölkədən çıxarılması ilə bağlı Azərbaycan Milli İncəsənət Muzeyinin də rəyini öyrənməyə çalışdıq. Muzeydən bildirildi ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək. Bir məsələni də qeyd edək ki, bir neçə il öncə dahi rəssam Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində nümayiş olunan əsərlərinin heç birinin orijinal olmadığı haqda iddialar yayılmışdı. Qeyd olunurdu ki, həmin əsərlər əslində kətan üzərinə köçürülmüş fotolardır. Hətta bir vaxtlar bu saxta əsərlər Parisdə orijinal adı ilə sərgidə nümayiş olunub.

Bu barədə xalq rəssamı Ziyadxan Əliyevin Meydan TV-yə dedikləri: “2009-cu ildə Səttar Bəhlulzadənin 10 illik yubileyini YUNESKO-nun xətti ilə qeyd etdilər. Həmin ərəfədə Azərbaycan mədəniyyətini dağıdanlar onun əsərlərinin fotokopyalarını aparıb Parisdə nümayiş etdirdilər. Bu rüsvayçılığa nə ad vermək olar? İnsanlar gəlib əsərə baxırlar ki, görsünlər, rəssam yaxımı necə aparıb, rəngi necə vurub. Əsərin əslinə baxıb, dəyər verirlər, yoxsa fotokopyasına? Heyf ki, Səttar Bəhlulzadə azərbaycanlıdır. Biz onun dəyər-qiymətini bilmədik”.

Həmçinin oxuyun

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı …