Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan Prezidentinin Qarabağ həllini istəyənlərə və istəməyənlərə son qəti mesajları

Azərbaycan Prezidentinin Qarabağ həllini istəyənlərə və istəməyənlərə son qəti mesajları

Hatəm Cabbarlı: “İlham Əliyev Ermənistanın bütün təxribatlarının qarşısının alınacağını və cəzalandırılacağını xüsusilə vurğulayıb”

“Bu məsələdə qərəzli mövqe tutan dövlətlərə də xəbərdarlıq edib”

Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edərək bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib: “Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir.
Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin.
Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu. Yəni bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.
Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, – onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, – biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.
Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı.
Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər…
…Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır”.
İlham Əliyev Təhlükəsizlik Şurasında etdiyi çıxışı ilə dünya birliyinə, Ermənistana və beynəlxalq təşkilatlara hansı mesajları vermək istəyib?
Siyasi şərhçi Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər Ermənistan işğalı altında olan bölgələrdə, təmas xəttində atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulması və mülki əhalinin ölməsi və yaralanması, birmənalı olaraq, Ermənistanın problemin sülh yolu ilə həll edilməsini istəmədiyini göstərir:

“Hər nə qədər erməni rəsmiləri beynəlxalq tribunalardan sülhdən, barışdan, bölgənin sosial, iqtisadi və siyasi inteqrasiyasından bəhs etsələr də, reallıqda vəziyyət tamamilə başqadır. Ermənistan militarist dövlətdir, bölgə və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid edir və son hadisələr bu iddianın doğru olduğunu təsdiqləyir.
Cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağırdı və bu toplantıda problemi geniş olaraq dəyərləndirdi. O, ATƏT-in Minsk Qrupunun yarıtmaz vasitəçilik missiyasını, Ermənistanda problemin həll edilməsi yönündə siyasi iradə bəyan edən dövlət rəsmilərinin hakimiyyətdən qovulması ilə nəticələnən hadisələri, Fransada Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı bəzi məsələlərdə əsasən razılığa gəlinsə də, daha sonra Ermənistanın bu razılaşmadan imtina etməsini xatırladıb.
Ermənistanın bütün cəbhə boyu atəşkəs rejimini kobud şəkildə pozmasına baxmayaraq, Minsk Qrupu həmsədr dövlətlərinin bölgə təhlükəsizliyini təhdid etməsinə görə Ermənistana təzyiq etmədiyini vurğulayan İlham Əliyev Ermənistanın bütün təxribatlarının qarşısının alınacağını və cəzalandırılacağını xüsusilə vurğulayıb.
Atəşkəsi Ermənistanın pozmasına baxmayaraq, bəzi dövlətlərə məxsus KİV-də buna görə Azərbaycanı ittiham edən informasiyaların verilməsi məsələsinə də toxunan Prezident İlham Əliyev onların bu ittihamların ünvanını bilərək qəsdlə yanlış göstərdiyini bildirib.
Prezident çıxışında, nəyin bahasina olursa-olsun, Azərbaycanın torpaq bütünlüyünü beynəlxalq hüquq prinsip və normalarına uyğun şəkildə təmin edəcəyini bildirməklə, bu məsələdə qərəzli mövqe tutan dövlətlərə də xəbərdarlıq edib.
Çıxışında problemin sülh yolu ilə həll edilmə imkanlarının tükənməməsinə baxmayaraq, Ermənistanın mütəmadi olaraq təxribatlara əl atmasını bildirən Prezident, hər zaman olduğu kimi, bundan sonra da qarşı tərəfin layiqli cavab alacağını qeyd edib”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın