Ana səhifə / Cəmiyyət / Azərbaycan “Nardaran işi”nə görə təzminat ödəyəcək

Azərbaycan “Nardaran işi”nə görə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edib.
Aihmaz.org xəbər verir ki, pis rəftar iddialarının səmərəli araşdırlmaması, mülkiyyət, birləşmək, ədalətli məhkəmə araşdırması hüququnun pozuntularının mübahisələndirildiyi ərizələr birləşdirilib, 4 qərar elan edilib.

Ələsgər Ələsgərov və başqaları Azərbaycana qarşı
Bu qərar 82 ərizə əsasında çıxarılıb. Məhkəmə işinin hallarına görə, 82 ərizəçiyə məxsus olan əmlaklar – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmiş və tikililər sökülmüşdü. Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilmiş və ya başqa əmlak verilmişdi. Ərizəçilərin bəzilərinə isə heç bir kompensasiya məbləği ödənilməmişdi. Hadisələr Abşeron rayonundakı Mehdabad qəsəbəsində baş vermişdi.
Ərizəçilər Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət, 6-cı və 13-cü maddələrlə qorunan ədalətli məhkəmə araşdırması, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər. Bəzi ərizəçilər fərdi şikayət hüququnun pozuntusuna məruz qaldıqlarını da iddia edirdilər, çünki, onların hüquqi təmsilçisi həbs edilmiş, həmin vaxt onun ofisində axtarış aparılmış, məhkəmə işinə aid sənədlər götürülmüşdü.
Məhkəmə işinin kommunikasiyası zamanı ərizəçilərin nümayəndəsi Məhkəməyə bildirib ki, yalnız 22 ərizəçi şikayətlərini davam etdirmək niyyətindədir. Bu səbəbdən, Məhkəmə, 60 ərizəni baxılacaq işlərin siyashısından çıxarmağa qərar verib.
22 ərizəçiyə (Ələsgər Ələsgərov, Züleyxa Ələsgərova, Bəxtiyar Ələsgərov, Kəmalə Ələsgərova, Kamran Ələsgərov, Eldar Bayramov, Tağı Bayramov, Afət Bayramova, Sultan Qədirov, Züleyxa Qədirova, Arzu Qədirova, Əsəd Qədirov, Fəridə Qədirova, Hağı Nağıyev, Hidayət Nağıyev, Sona Nağıyeva, Lalə Nağıyeva, Aydın Ramazanov, Kifayət Cəfərova, Ceyran Ramazanova, Taleyə Ramazanova, Aynur Ramazanova) münasibətdə isə AİHM onların mülkiyyət hüquqlarının pozulmasına qərar verib. Məhkəmə həmçinin, qərarında qeyd edib ki, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır deyil. Qərara əsasən, məhkəmə 22 ərizəçiyə münasibətdə təzminatın müəyyən edilməsi hüququnu özündəı saxlayır, Azərbaycan hökuməti 3 ay ərzində bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir.

İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı
Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr bu məhkəmə işinin predmeti idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.
AİHM bu işdə 14 ərizəni (İsmayıl Bağanov, Dərya Quliyeva, Eldar Hüseynov, Kəmalə Əliyeva, İntizar Allahverdiyeva, Zərifə Allahverdiyeva, Pərviz Əmirov, Minəxanım Əzimova, Mehriban Əliyeva, Valeriya Mahmudaova, Ruqiyyə Məmməd, Səadət Əzizova, Fuad Əliyev, Yasəmən Kərimova, Flora Qədirova, Rüxsarə Hüseynova, Afaq İsmayılova, Şirinbacı Rzayeva, Əli Rza və Lilya Əliyeva) birləşdirib, ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi qərarına gəlib.
Məhkəmə həmçinin, 4 ərizəçiyə (Yasəmən Kərimova, Lilya Əliyeva, Afaq İsmayılova və Flora Qədirova) münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanıyıb. Əvvəlki işdə olduğu kimi Məhkəmə, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayır. Qərara əsasən, məhkəmə bu məsələdə qərar vermək hüququnu özündə saxlayır, hökumət 3 ay ərzində müvafiq təqdimat göndərməlidir.

Elman Ağayev Azərbaycana qarşı
Bu məhkəmə işi 1979-cu il təvəllüdlü ərizəçiyə qarşı pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlı idi. Ərizəçi 2015-ci ildə “Nardaran hadisələri” zamanı Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilmişdi.
Ərizəçi AİHM qarşısında iddia edirdi ki, saxlanılıb həbs edilən zaman pis rəftara məruz qalıb. Bununla bağlı əlaqəli qurumlara, prokurorluğa şikayətlər edib, ancaq prokurorluq həmin şikayətlər üzrə cinayət işi açmaqdan imtina edən qərar qəbul edib. Yerli məhkəmələrsə, prokurorluğun qərarını qanuni və əsaslı hesab ediblər. Ərizəçi ona münasibətdə Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq) pozulduğunu iddia edirdi.
İşin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 8 min avro ödəməlidir.

Leonid Moroz və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi dini icmanın qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır. “Yahova Şahidləri” dini icmasının təsisçiləri olan Leonid Moroz və Kiril Stepanov Dini etiqad azadlığı haqqında qanunun qəbulundan sonra qanuna müvafiq olaraq, yenidən qeydiyyat üçün müraciət ediblər. Ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi imtina cavabı verib.
Ərizəçilər AİHM qarşısında din və birləşmək azadlığı hüquqlarının pozulduğunu iddia edirdilər. Onlar həmçinin, 9 və 11-ci maddə ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər.
Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, ərizəçilər bütün iddialarından geri çəkiliblər, hökumət isə onlara 5500 avro ödəmək öhdəliyi götürüb.

Həmçinin oxuyun

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb. Aparıcı tamaşaçıların …