Ana səhifə / Cəmiyyət / Azərbaycan Müəllimlər İnstitutunun  Mingəçevir filialında MTN izi

Azərbaycan Müəllimlər İnstitutunun  Mingəçevir filialında MTN izi

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialı ləğv edilərkən bu təhsil ocağında maddi-texniki bazanın yetərli olmaması səbəb gətirilmişdi.
Amma mətbuat institutda saxta diplomların və tələbə biletlərin satılmasından, rektorla müəllim və ya müəllimlər arasında baş verən qalmaqallardan yazırdı. Filialla bağlı şikayətlər hələ də səngimir.
Filialın keçmiş prorektoru, fəlsəfə doktoru Xatirə Elbrus qızı Həsənova virtualaz.org saytına müraciət edərək bu təhsil müəssisəsində dövlət vəsaitinin mənimsənildiyini, bununla bağlı şikayət etdiyi üçün ona təzyiqlərin olduğunu bildirib.
Şikayətçi deyir ki, indiyədək etdiyi müraciətlər nəticəsiz qalıb: “Çünki dövlət vəsaitini mənimsəyənlərin arxasında nazirliyin özəl  universitetlər üzrə kuratoru İlyar Vahabov dayanırdı. Vahabov isə artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin adamı kimi tanınırdı. Nazir bir müddət bundan əvvəl Vahabovu vəzifəsindən uzaqlaşdırdı. Buna görə də mənimsəmə faktlarının indi obyektiv araşdırılacağına ümid edirəm”.
X.Həsənovanın sözlərinə görə, Təhsil Nazirliyinin razılığı ilə filialda audit yoxlaması aparılıb və 270 min manat dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb: “2012-ci ilin noyabrında filialın direktoru Orucəli Rzayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldı. AMİ rektorunun 6 noyabr, 2012-ci il tarixli əmri ilə mən direktor əvəzi təyin edildim. Amma müəyyən şübhələrim olduğu üçün sənədlərin təhvil-təsliminə razı olmadım. İnstitut rəhbərliyi filialda audit yoxlaması aparılmasını təklif etdi. Audit yoxlaması üçün Təhsil Nazirliyinə rəsmi müraciət etdim. Nazirliyin razılığı ilə audit xidməti üçün 5 min manat ödənildi və filialın 3 illik fəaliyyəti yoxlanıldı”.
X.Həsənovanın iddiasına görə, təkcə maliyyə-təsərrüfat sahəsində 270 min manat yeyintiyə yol verilib:“Digər sənədlərdə də saxtakarlığa yol verilmişdi, məsələn, sənədləri iki möhürlə işləmişdilər. Nəticələr həm institutun rəhbərliyinə, həm də nazirliyə təqdim edildi. Amma araşdırma aparmaq əvəzinə Orucəli Rzayev institutun Zaqatala filialına rektor təyin edildi. Onun himayədarı İlyar Vahabov idi. Vahabov məhz korrupsiya əməllərinə görə işdən azad olundu”.
Şikayətçi deyir ki, təhsil naziri Mikayıl Cabbarov onun təqdim etdiyi faktları araşdırılmasına göstəriş verib:“Nazir məni dinlədi, məsələnin araşdırılması üçün daxili nəzarət şöbəsinə göstəriş verdi. Hətta dedi ki, müəlliməyə telefon nömrəsi verin, ona qarşı təzyiq edilərsə, dərhal zəng vura bilsin. Amma Vahabov yenə də məsələnin araşdırılmasına imkan vermədi”.
X.Həsənova deyir ki, Mingəçevir filialında baş verənlər bununla yekunlaşmayıb. İşə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də qarışıb: “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məktub göndərərək filialın maliyyə sənədlərini göndərməyimi istədi. Məsələ burasındadır ki, bank maxinasiyaları ilə bağlı cinayət işində filialın da adı keçirdi. İdarənin tələb etdiyi sənədlərin təqdim etməyə imkan vermədilər. Əvəzində daha bir qanunsuzluq edildi, filialın əmr kitabı və digər sənədləri dəyişdirildi”.
Keçmiş direktor əvəzi bundan sonra təzyiqlərə məruz qaldığını da deyir: “Küçədə tanımadığım şəxslər məni qorxudurlar. Cinayət işi açılmadığından bu təzyiqlərin audit yoxlaması ilə bağlı olduğunu sübut edə bilmirəm. Məni Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən azad etdilər. Guya əmək funksiyamı yerinə yetirməmişəm. Buna görə də indiyədək heç yerdə işləyə bilmirəm. Hətta nazirin qəbuluna da buraxmırlar. Mən əmr kitabının surətini, audit yoxlamalarının nəticələrini təqdim etmək istəyirəm. Filial ləğv edilsə belə dövlət vəsaitini mənimsəyənlər qanun qarşısında cavab verməlidir”.
Səslənən bu iddialara aydınlıq gətirmək üçün Təhsil Nazirliyinə müraciət etdik.
Təhsil Nazirliyinin mətbuat xidmətindən virtualaz.org saytına bildirdilər ki, X.Həsənovanın müraciəti ilə bağlı nazirliyin müvafiq qurumuna rəhbərlik tərəfindən araşdırma aparmaq barədə göstəriş veriləcək və nəticələr ictimaiyyətə açıqlanacaq.
AMİ-dən isə bu iddialara cavab verməkdən imtina etdilər.
Bununla belə yazıda adıçəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq.

 

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …

Bir cavab yazın