Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycan milyonçusu Cümhuriyyət qurucularına necə xəngəl ziyafəti verdi? – Kölgədə qalan tarix

Azərbaycan milyonçusu Cümhuriyyət qurucularına necə xəngəl ziyafəti verdi? – Kölgədə qalan tarix

…1957-1982-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda gizli mübarizə aparmış, Xudu Məmmədov, Bəxtiyar Vahabazadə, Nurəddin Rza, Yusif Məmmədəliyev və s. kimi görkəmli ziyalılarımızın da üzvü olduğu Milli Azadlıq Qərargahının(MAQ) sədri olmuş Oqtay Eldəgəzin bir sıra maraqlı məqalə və söhbətləri ilə  Moderator.az oxucularını tanış etmişik.  
Bu dəfə Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə sizlərə  MAQ liderinin məşhur Azərbaycan xeyriyyəçisi Murtuza Muxtarlının 1919-cu ildə  Hacı Zeynalabdin Tağıyev də daxil olmaqla Cümhuriyyət qurucularına verdiyi  ziyafət barəsindəki maraqlı söhbətini təqdim edirik.
“1919-cu il dekabrın ilk çərşənbə axşamı Bakı neft sənayesi milyonçusu Murtuza Muxtarlı(1854-1920) öz şəxsi mülkündə(indiki Səadət sarayı) aşpazı Kərbəlayı Məlikəjdəri yanına çağıraraq çox vacib bir tədbir xatirinə onunla məsləhət qılmaq istədi. Məlum oldu ki, hər il avqust ayının 16-da Şollar suyunun Bakıya gətirilməsi münasibəti ilə ziyafət verərərək onu da dəvət edən Hacı Zeynalabdin Tağııyevdən nümunə götürən Murtuza əfəndi Hacı Zeynalabdin başda olmaqla Xalq Cümhuriyyəti qurucuları və bəzi xarici qonaqlardan ibarət 70 nəfərlik ziyafət təşkil etmək niyyətindədir…
O, aşpazıyla söhbət əsnasında masa üzərində bir xəritə açdı. Dedi ki, ikicə gündür mətbəədən götürüb. Xəritənin üzərində  yazılmışdı:
“Azərbaycan Demokratik Cümhuriyyəti, siyasi xəritə. “Orucov qardaşları” mətbəəsi.  Buraxılıb: 3 dekabr 1919-cu il”. Kərbəlayı Zəngəzur, Dərələyəz və s. də daxil olmaqla Azərbaycanın 114 min kv. km-lik qədim ərazilərini əhatə edən xəritəyə baxan sahibini çoxdandır belə bəxtəvər ovqatda görməmişdi. Murtuza əfəndi uca səslə:”Kişi,  elə bil ki, düşmənlərimizin başında məhşər qopub, bilmirlər canlarını hara qoysunlar” –dedi.  Söz sözü çəkdi.  Kərbəlayı da Müsavat ordusunun  Göyçay piyada alayında otuzbaşı(leytenant) rütbəsində xidmət edən oğlu Rəşiddən söz saldı.  Dedi ki, oğlunun nəql etdiyinə görə, 1918-ci ilin qışından qiyama qalxan Yuxarı Qarabağ hayklarını cilovlamaq üçün 2-3 piyada alayı və süvari dəstələrimiz topla təchiz olunaraq oraya göndərilib. Bu il Novruza bir həftə qalmış daşnak hərbi qüvvələri və aldadılmış yerli hayk kəndli könüllüləri darmadağın ediliblər. Bir yandan Laçında Qara göl ətrafında  Sultanbəy Paşabəy oğlu tayqulaq Andranikin qoşununu ağır tələfata uğratmış, 3 mindən artıq əsgər və zabiti əsir götürmüş, digər yandan Xankəndi və Kərkicahan civarında alaybaşı(polkovnik) Hüseynağa Səlimlinin başçılığı altında Müsavat döyüşçüləri düşmənin birləşmiş güclü dəstələrini məğlubiyyətə uğratmış, külli miqdarda silah-sursat ələ keçirmişlər. Beləliklə, 1918-ci ilin martından başlayaraq ermənilərin ölkəmizin müxtəlif bölgələrində törətdikləri qırğınların qisası yetərincə alınmışdır…
Müsavat ordusunun  son bir ildəki döyüş uğurları qeyrətkeş milyonçunun əhvalını elə durultmuşdu ki, aşpazı çağırmasının səbəbini də unutmuşdu. Nəhayət, özünə gəlib aşpazdan soruşdu ki, Hacı Zeynalabdin ən çox hansı yeməyi xoşlayır. Kərbəlayı söyləyəndə ki, quru xəngəl Hacının ən çox sevdiyi təamıdır, milyonçu cəld göstəriş verdi ki, birisi günə 70 nəfərlik ziyafət süfrəsi hazırlansın.  Aşpaz qəşş edərək geri çəkildi və dedi:”Çatdıra bilmərəm, ağa, başına dönüm…” Kərbəlayı 15 il Hacı Zeynalabdinin aşpazlığını yapdığından onun  hər bir sahədə olduğu kimi, xörəklərin tamını bilməkdə də necə incə zövq sahibi olduğunu gözəl bilirdi. Ona görə də  Murtuza əfəndi bir az əsəbi halda səbəbini soruşanda söylədi ki, Hacının damağına uyğun xəngəl hazırlamaq üçün ona bir həftə vaxt lazımdır. Çünki Dəliməmmədli buğdasının unu, Göyçay cöngəsinin əti, Ucar camışının qatığı, Kürdəmir sarımsağı, yalnız Buzovna quru nanəsi, Hövsan soğanı və Xilə kəndinin turşməzə həyət təməki(pomidor) və s. toplamaq gərəkdir. “Bunlardan birində xoruz buraxsam, biabır olacağıq, ağa. Mənə gərək 5 nəfər qoşasan və bir həftə rüsxət verəsən, sabah Bakı-Tiflis qatarı ilə yola düşüm…”-deyə aşpaz xahiş etdi.
Bu minvalla Murtuza əfəndi qərara gəldi ki, ziyafəti  dekabrın 10-a təyin etsin. Və bundan sonra hər sənə həmin gündə Azərbaycan-Müsavat ordusunun daşnak yağıları üzəridə tam qələbəsini qeyd etmək üçün ziyafət versin…
Nəhayət, 4 gün ötmüş aşpazın dəstəsi deyilən ərzaq və ədviyyaları toplayıb Bakıya döndü. Miladi llinin son ayının ikinci çərşənbə axşamı gündüz saat 13:00-dan başlayaraq  izzətli qonaqların faytonları Murtuza Muxtarlı mülkünə doğru yol alırdılar. Nüfuzlu seçmə qonaqlar yerlərini tutan kimi məşhur xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimli və kamançaçalan Oqenazaşvili üçlüyü sürəkli alqış sədaları altında “Dilkəş” təsnifini ifa edərək səhnəni tərk etdi və ortalığa çıxan Rus Qızlar Gimnaziyasının  yuxarı sinif şagirdlərinin rəqqasələri incə bir şuxluqla Hacı Zeynalabdinin çox sevdiyi “Tərəkəmə” rəqsi ilə məclis əhlini şadlandırdılar…
Ziyafət iştirakçıları arasında  Milli Şuranın sədri, Müsavat firqəsinin başqanı Məhəmmədəmin Rəsulzadə, dövlət və hökumət rəhbərliyindən Fətəli xan Xoylu, Yusif bəy Nəsibbəyli, Əlimərdan bəy Tobçubaşlı, Hacı Hacılı,  Bakının general-qubernatoru V.Q. Roqqe, milyonçu sahibkarlardan Şəmsi Əsədullalı, Alfred Rotşild, AXC-nin Türkiyədəki səfiri Yusif Vəzir Çəmənzəminli, müsavatçı gənc dramaturq Cəfər Cabbarlı, 15 ölkənin Azərbaycandakı səfirləri, Xilə(Əmircan) kəndinin ağsaqqalı Kərbəlayı Vəli, tanınmış neft mühəndisi, buruq ustası Xeyrulla əfəndi və başqaları vardı. Bir az keçmiş Müdafiə başqanı  general-leytenant Səməd Ağa Mehmandarlı və Baş qərargah rəisi Əliağa Şıxlı da təptəzə hərbi qiyafətdə yerlərini tutdular. Hacı Zeynalabdin Səməd ağadan rica etdi ki,  ordumuzun bu ilki  uğurlu yaz-payız əməliyyatlarına dair bir neçə kəlmə söyləsin. General bunları dedi:
“Müzəffər ordumuzla Yuxarı Qarabağda daşnakları və bəzi aldadılmış yerli əhali ünsürlərini yerində oturtduq, çox  miqdarda silah-sursat ələ keçirdik. Adladıq Mehri bölgəsinə. Oranı,  Qafanı, Basarkeçəri, tamam Zəngəzuru, Dərələyəzi, Qazaxla qonşu Şəmsəddin əyalətini tutduq, Göyçə gölünün üçdə iki qismini, Dilican Dərəsini və Dilicanı ələ keçirdik. Və gəlib Qırmızı körpüyə çatmaqla tarixi ərazilərimizi azad etdik. Yəqin ki, yeni xəritəmizi görmüsünüz. Gələn ilin yanvarında  qalib Antanta dövlətləri Versalda keçirəcəkləri Sülh konfransında bu ərazi bütövlüyümüzü təsdiqləyəcəklər. Bu, artıq Əlimərdan bəy diplomatiyasından asılı olacaq…
Siz neftxudaların yardımıyla ordumuzun silah və ərzaq pürçəsini(problemini(S.L.) yoluna qoymuşuq. Bu günlərdə sizin pullarınızla zabit və əsgərlərimiz üçün İtaliyadan daha 30 min dəst yeni hərbi geyim almışıq. Şimaldan Denikin təhlükəsi olmasaydı,  üçrəngli Müsavat bayrağımız İrəvan  üzərində və Alagöz dağında dalğalanacaqdı. Sağ olun!..” Alqış sədaları ucaldı.  Yuxarı başda ayrıca qoyulmuş kürsüdə oturan Bakı qazisi  Hacı Mir Məhəmmədkərim axundun tilavatıyla şəhidlərimizin ruhuna Fatihə surəsi və dualar oxundu.
Düz saat 15:00-da Murtuza Muxtarlının işarəsi ilə  masalar üzərinə yemək süfrələri açıldı. Azərtürk mətbəxində yalnız quru xəngəl dəstgahında ortada az qab-qacaq olur, soyuq qəlyanaltılar verilmir. Xalis gümüşdən tökülmüş duzdanlarda Hacının xoşladığı həvəngdəstədə narın döyülmüş  daş Naxçıvan nəməyi(duzu),  təmiz gümüşdən hazırlanmış xörək qaşıqları, zərif ütülənmiş, saya əlsilən dəsmallar adambaşı olmaqla ortaya gəldi. Hərəyə bir kasa sərin qatıq qoyuldu və ayran sürahiləri düzüldü. Ardınca böyük sinilərdə isti və ləziz quru xəngəl süfrəyə gətirildi. Yarımca saat ötmüş qonaqlar dadlı xəngəlin təamını bitirdilər. Süfrələr yığışdırıldı…Gözlənilmədən Hacı Zeynalabdinin amiranə səsi eşidildi:”Aşpazı çağırın!” Kərbəlayi qolu üstə dəsmal içəri gəlib həyəcanla keçmiş ağasının qarşısında dayandı. Hacı yanında əyləşmiş maliyyə müdirinə əmr etdi ki, aşpaza on ədəd qızıl onluq ayırsın. Aşpaz pulları  ovcunda bərk-bərk sıxıb tər axıdırdı. Hacı dilləndi:”İndi onlardan birini qaytar müdirimə”. Kərbəlayı bir onluğu geri verəndən sonra astaca soruşdu:”Təqsirim nədi, ağa?” Məclis əhli heyrətdən donub qalmışdı. Hacı sağ əlini bığlarına çəkərək:”Xəngəlin lap xoşuma gəldi, buna heç bir gileyim yoxdur, kərbəlayı. Mənim yanımda işləyəndən də əla bişirmisən”-deyə dilləndi:”Əşi, soğanı alanda bir baxmazlar ki, bu, muğamlılar, dağlılar məhəlləsindəndir, yoxsa kəndin gündoğanından- Hövsan  məhəlləsindən? Gündoğan soğanı daha acı, daha sanbal olur axı…” Zalda partlayışı andıran qəhqəh səsləri divarları silkələyirdi. Qonaqlar Hacının dimağının kəramətinə “əhsən” dedilər. Aşpaz boynuna aldı ki, Buzovnada nanə sovdasından sonra faytonu Hövsan kəndinin günbatanına – muğamlılar məhəlləsinə sürdürərək soğan alıb…
1920-ci ilin yanvarında Versal Sülh konfransı  Quzey Azərbaycanın  yeni xəritədə ehtiva olunan ərazi bütövlüyünü, deməli, sərhəd toxunulmazlığını tanıdı…
Gün gələcək, müzəffər ordumuz xalqımızın və dövlətimizin dəstəyi ilə yenidən daşnak yağılar üzərinə yeriyərək Vətənimizin, ən azı, Cümhuriyyət dövründəki xəritəsini bərpa edəcəkdir. Tanrı azərtürk xalqını qorusun! Amin!..”
Təqdim etdi: Sultan Laçın 

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …