Ana səhifə / Cəmiyyət / Azərbaycan kinosunun qara lenti

Azərbaycan kinosunun qara lenti

Maliyyə naziri Samir Şərifovun Milli Məclisin son iclasında ölkədə kinematoqrafiyanın durumu ilə bağlı səsləndirdiyi ittihamlar böyük rezonans doğurub. Nazir qeyd edib ki, Azərbaycan kinosunun inkişafı üçün dövlət tərəfindən kifayət qədər maliyyə ayrılsa da, ortaya çıxacaq bir sənət əsəri olmayıb: “Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə göndərmək olar. Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik, çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyi gecikməyib.  Nazirlikdən  bildirilib ki, “Azərbaycan Respublikası Prezidentinin ”Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb: “Bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə keçirilən ”Böyük Qayıdış” film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olunub. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olunub. Vətən müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır”.

Nazirliyin məlumatında qeyd olunub ki, 1982-ci ildən bu günədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və “Fəryad 2″, ”Məryəm” və “Mərmər soyuğu” tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb: “Eyni zamanda 1965-ci ildən heç vaxt təmir edilməmiş ”Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür. Ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb. Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaiaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq, Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filminin Rotterdam Film Festivalında, “Təkbətək”, “Göy köynəkli adam” və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar”, – deyə nazirlik bildirib.

Məlum məsələdir ki, son illərdə Azərbaycan kinosunda böyük durğunluq, acınacaqlı vəziyyət yaşanır. Doğrudur, dövlət tərəfindən kino sahəsinə maliyyə ayrılsa da, real vəziyyət ortadadır. Araşdıranda məlum olur ki, kino üçün ayrılan vəsaitlər kimlərinsə şəxsi ciblərinə axıb, kino isə “kor günə” qalıb. Əsas günahkar kimi bu sahəyə uzun illər rəhbərlik etmiş sabiq mədəniyyət naziri Əbülfəz Qarayev görülür.

Daha bir məsələ, ölkədə bir kinostudiya olmasına baxmayaraq, iki kino ittifaqı var: 1963-cü il yanvarın 13-də yaradılmış, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı və 2012-ci il 21 iyunda təsis edilən, bu günə qədər rəhbəri xalq artisti Şəfiqə Məmmədova olan Kinematoqrafçılar İttifaqı. Zaman-zaman iki ittifaq arasında gərginlik, qalmaqal yaşanır, bir-birinin ünvanına ittihamlar səsləndirilir. İttifaqın katibi və üzvü olan kinoçular isə bir-birilərinə az qala düşmən kəsilir. Əlbəttə ki, bu faktın özü milli kinomuzun inkişafına öz mənfi təsirini göstərməkdədir. Qeyd edək ki, hər iki ittifaq dövlət tərəfindən maliyyələşir.

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri isə aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

Buradan sual doğur ki, gələcəkdə kinomuzun inkişafı naminə iki ittifaqın birləşmək ehtimalı ola bilərmi?

Ümumiyyətlə, milli kinomuzun inkişafı üçün əsas amil hansıdır – maliyyə, sanballı ssenari, prodüser işi, keyfiyyətli texnika, yoxsa bacarıqlı aktyor?

Mövzu ilə bağlı “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, kinoya milli-mədəniyyətin bir hissəsi kimi yanaşmaq bu məsələdə əsas amildir: “Bu yanaşma da  dövlət səviyyəsində olmalıdır.  Nazirin  “gözəl əsərlər yoxdur, ona görə də bu sahəni maliyyələşdirmək olmaz” fikri tamamilə yanlışdır.  Bu bilirsiniz nəyə bənzəyir? Hansısa xəstəxanada xəstələr ölüb, deməli, həmin xəstəxananı bağlamaq  lazımdır. Hazırda tarixi bir dövr yaşayırıq. Millət kimi yenidən doğulmuşuq. Bu dövr təkcə Qarabağın qayıtması ilə deyil, həmçinin həmin vaxt çəkilən filmlər, yazılan əsərlər, musiqi əsərləri ilə tarixə düşməlidir. Kino millətlərin güzgüsüdür. Necə ki, insan güzgüyə baxmadan küçəyə çıxmır, eləcə də kino bu cür güzgüdür. Mentalitet xalqın, millətin son dərəcə mühüm amilidir. Çox təəssüf ki, bunun çox az adam anlayır. Ona görə ki, biz sovet vaxtı çəkilən filmləri ölçü götürürük. Onlara ölçü kimi yanaşmaq olmaz, gələcəyin kinosuna baxmaq lazımdır. Gələcəkdə böyük filmlər, əsərlər yaratmaq lazımdır və əlbəttə ki, təkcə müharibə mövzusunda deyil”.

Ayaz Salayev son dövrlərdə çəkilən film və serialların mövzusundan da gileylənib: “Seriallara baxanda görürük ki, təkcə məişət mövzusunda çəkilir. Mövzu qaynana, qayınata, borc pul və sairə olur. Amma bir tarixi film çəkilmir. Halbuki Vaqif Mustafazədən Müslüm Maqomayev, Mir Cəfər Bağırovdan tutumuş Hüseyn xan Naxçıvanskiyə qədər və digər tarixi şəxsiyyətlərimiz barədə nə qədər tarixi filmlər, seriallar çəkmək olardı. Lakin heç kimin ağlına da gəlmir, çünki tarixə maraq yoxdur.  Beləliklə, kinoda birinci məsələ mövzu seçimidir. Daha sonra operatorlar, rejissorlar, aktyor işi gəlir. Yəni ən birinci mövzu seçimidir”.

Ayaz Salayev iki kino ittifaqının birləşməsi ehtimalına da mövqe bildirib: “Əgər belə bir şey olarsa, şəxsən mən  oradan çıxacağam. Çünki Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqdakı adamlar onun ”Qafqaz üçlüyü” filmindən sonra da həmin ittifaqda qalır və bu onların mənliyinə toxunmur. Mən bu adamlarla heç vaxt, heç bir zaman bir təşkilatda olmaq istəməzdim. Bizim ittifaq tərəfdən onları qıcıqlandıran elə birinci özüməm və sona qədər də bu mövqeyimə davam edəcəyəm, buna hazıram”.

Tanınmış kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudov da məsələyə münasibət bildirib. O, maliyyə nazirinin açıqlamasını təəssüflə qarşıladığını dedi: “Nazirə demək istəyirəm – Samir Şərifov, sizin kinomuzla işiniz olmasın. Əgər sizin bu kinonu bağlamaq fikriniz varsa, bağlayın, onsuz da bağlanıb.  Orada, sadəcə, 5-3 fədailərlə bu günə qədər şapalaqla üz qızardıb, koridorlarda ac-susuz qalıb o kinostudiyanı ayaqda saxlamışıq. Hansı ki, həmin kinostudiyanı dağıdıb, ”yeyiblər”.

Cənab nazirin xəbəri yoxdur ki, bu şəraitdə heç kim heç nə edə bilməz, amma bizim uşaqlar heç nədən nəsə ortaya çıxarır, beynəlxalq müsabiqələrdə qalib olurlar. Əgər istəyirsə, nazir gəlsin biz ona 3-4 gözəl film göstərək. Bildiyiniz kimi, kino sahəsi tamamilə məhv olmasın deyə ümumi nazirlik səviyyəsində 6 milyon vəsait ayrılır. Bu qədər pulu ayırın nazir niyə maraqlanmır ki, bu qədər pul hara gedir, ondan kimlər istifadə edir. Əslində gedib onu araşdırmaq, nəzarət etmək lazım idi. Axı bizim buna gücümüz çatmır. Nəsə deyəndə də bizə düşmən gözü ilə baxırlar. Zamanında Mədəniyyət Nazirliyinə bu vəsaitlər ayrılırdı və əsl kino işi görənlər bu vəsaiti ala bilmirdi, onlara, sadəcə, qəpik-quruş düşürdü. Daha bir məsələ, sizcə, 5-6 milyon manatla beynəlxalq səviyyəyə çıxan film çəkmək mümkündür? Bu, mümkün olan şey deyil. Yaxşı kino çəkmək üçün yaxşı texniki baza lazımdır.

Fikrimcə, kinoya ən böyük fayda bu olar ki, kino sahəsi Mədəniyyət Nazirliyindən ayrılsın. Belə olan təqdirdə, kinoya ayrılan pullar məhz kino üçün sərf olunar. Nazirliyin yedəyində bu kino heç bir vaxt yaşaya bilməz”.

Şeyx Əbdül Mahmudov kino sahəsində iki ittifaqın olmasından da danışıb:  “Azərbaycan kino tarixində iki ittifaqın olması onun faciəsi deməkdir. Təsəvvür edin, kinonun bir studiyası, iki ittifaqı var. Doğrudur, Rüstəm İbrahimbəyovla Moskvada bir yerdə oxumuşuq, kinolarında çəkilmişlik, 50 il eyni ittifaqda olmuşuq. Lakin onun son hərəkəti yolverilməzdir. Maraqlıdır ki, sonda ona arxa-dayaq durdular və səbəbini hələ də başa düşmürəm. O ittifaqı ki, Rüstəm İbrahimbəyov neçə ildir ki, atıb gedib. Bu ittifaq seçkili şəkildə ictimai təşkilatdır. Burada hər şey seçki ilə qurulur və yaxud ləğv olunur. Ay bəzi kinoçular, axı siz həmin ittifaqı bağlayıb, sonradan təzə ittifaq yaratdınız, təzə ittifaqda seçki edib, sədr seçdiniz, bəs sonra niyə həmin ittifaqa geri döndünüz?

İttifaq dövlət səviyyəsində birləşdirilməlidir. Kinoçuları bir-birinə düşmən etmək lazım deyil. Rüstəm İbrahimbəyov gələrdi, Şəfiqə xanımı ittifaqına və qurultayda namizədliyini verərdi, təzədən seçilərdi və yaxud seçilməzdi. Onun katibləri əvvəllər Rüstəm İbrahimbəyov tərəfindən qovulan adamlardır. Təzədən gedib yığışıblar onun başına…”

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …