Cümə , Oktyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Azər Qərib: “Mənəm-mənəm” deyənlər gec-tez yağlı qapazlarını alırlar…

Azər Qərib: “Mənəm-mənəm” deyənlər gec-tez yağlı qapazlarını alırlar…

Deməli, kişilər öpüşü natural dodaqlardan dərən vaxtlardı, Bakıda karate dəbə mindi. Özü də elə mindi, elə mindi, çapıb sökür aləmi, daşı hara atırsan, gedib karateçiyə dəyir.

Axşamlar evdə yığışıb videomaqnitafonda Brüs Liyə baxırıq, o da Allah saxlamış çatana çatır, çatmayana kəllə, ona fənd, buna çubuq, saat yarım ərzində minə yaxın meyit qoyub gedir yatmağa, bizim yuxumuz qaçmış. Pəh, qızlar ürəyini tutur ki, oy kakoy djanik, ax kakoy masik, ni to şto naşı-filan, oğlanlar isə cırnayırlar ki, az, çox da şey eləmə, kinodur, bizim kənddə bir Ağabala var, Brüs Li kimilərin beşini qatlayıb qoyar cibinə, neçə ailəyə qırğın saldı bu zalım ensizgöz.

Nə isə, bizim məktəbdə bir pəzəvəng oxuyurdu, sinfə girəndə perpendikulyar girirdi ki, çiyinləri keçə bilsin, parta arxasında tək güclə yerləşirdi, lüstrda lampa dəyişmək lazım olanda bunu çağırırdılar ki, bəs məktəb büdcəsindən nərdivanın pulunu yemişik, ölkədə görünməyən hal…

Bir sözlə, buna baxan aptekə qaçırdı qarın işləməsini dayandırmaq üçün, o qədər qorxunc idi, sizdən nə gizlədim.

Məktəb əhli bunu karateçi kimi tanıyırdı, bütün günü əllərini divarlara, künclərə, daşa-taxtaya vurub bərkidirdi, otururdu-dururdu, ayağını qaldırırdı, hoppanırdı, muskullarını oynadırdı, inanın, qarnının “kubik”lərindən Qəbələdəki evimizi hasarlamaq olardı, hasarı olmasaydı.

Peşman olurduq ki, tənəffüsə çıxaq, koridorda bunun əlindən tərpənmək olmurdu, qızlar üstündə bir davalara çıxırdılar ki, gəl görəsən, amma görməsən, yaxşıdır.

Məktəbdə də o vaxt bir qız oxuyurdu, gözəllər gözəli, ahu gözlü, bülbül səsli, amma bizim karateçiyə “nol vnimani”, çox gözəl idi,  operativ şəkildə formalaşmış formaları, qaş-dodaq-burunu, inanın, bəlkə də plastik cərrahları işsiz qoymaq səviyyəsinə qədər gözəl idi, bax o dərəcədə.

Və bu qızın dalınca bir oğlan gəlirdi başqa məktəbdən, nə cılız idi, nə də bizim pəzəvəng boyda, orta boylu oğlan idi, çox fağır, alnında böyük hərflərlə yazılmışdı ki, fizika-riyaziyyatdan 5 alanlardandır.

Gəlirdi, dururdu kənarda və qız çıxanda bərabər gedirdilər piyada.

Uzun sözün qısası, günlərin bir günü milli aravuranlar gəlib karateçimizin qulağını doldururlar ki, kül sənin kişi başına, məktəbimizin ən gözəl qızı hansısa “lox” ilə görüşür, bu, sənə söyüşdür, sən cəhənnəmə, məktəbin adı batır. Ki, bəs küçədə bizi barmaqla göstərib gülürlər, xəcalətdən çölə çıxa bilmirik, düş qabağa. Nəhayət, o qədər dedilər ki, əjdaha coşdu. Çoşdu, nə coşdu, çox pis coşdu, gözlər bərəldi, nəfəs daraldı, gəldi dərsdən sonra qapının ağzına və gözləyir ki, əlaçı gəlsin, bu da onun dərsini versin. Xəbər də bütün məktəbə yayılıb ki, bu gün qan töküləcək, bizim fəxrimiz çağırılmamış qonağın belini qıracaq, hamı axışıb məktəb həyətinə, tamaşa gözləyirik, tamaşa başladı. Dəqiq elmlər daşıyıcısı daxil oldu həyətə, yaxınlaşdı qapıya, baxır ki, millət doluşub, nə məsələdir, bizim karateçi yaxınlaşdı buna.

– Ala, səni bilirsən neyləyərəm?

– Neyləyərsən?

– Ala, səni diri-diri udaram, ponyal?

Və elə təzəcə əlini uzatmaq istədi ki, məktəbimizin yad kürəkəninin yaxasından tuta, bir də gördük, pəzəvəng havada üç kruq vurub tarappıltı ilə dəydi yerə, sən demə, bu, çoxbilmiş güləş ustası imiş.

Bizim Qələbəmiz haqqında söhbət düşəndə həmişə bu əhvalatı xatırlayıram ki, həqiqətən də çox atlanıb-düşən, sinəsinə vurub “mənəm-mənəm” deyən, qonşularla ünsiyyət qura bilməyənlər gec-tez yağlı qapazlarını alırlar…

Azər Qərib

Həmçinin oxuyun

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan …