Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Azər Həsrət: “AzTV kimi dövlət qurumunun Qulu Məhərrəmliyə qarşı hücumunu təqdir edə bilmərəm”

Azər Həsrət: “AzTV kimi dövlət qurumunun Qulu Məhərrəmliyə qarşı hücumunu təqdir edə bilmərəm”

Dövlət televiziyasının tanınmış telejurnalistə qarşı səfərbər olunması etirazla qarşılanıb.

Ölkənin tanınmış telejurnalisti Qulu Məhərrəmlinin Azərbaycan televiziyasının fəaliyyətə başlamasının növbəti ildönümündə verdiyi müsahibədə AzTV-nin indiki rəhbəri Arif Alışanovu tənqid etməsindən sonra tərəflər arasında yerli medianı bürümüş qarşıdurma yaranıb.

Bəzi saytlarda A.Alışanova dəstək xarakterli materialların dərc olunmasından sonra isə AzTV ilə İctimai Televiziyanın (İTV) 28 əməkdaşının çıxışından ibarət Q.Məhərrəmli əleyhinə 2 saat 44 dəqiqəlik “ifşaedici” video yayılıb.

Ölkə mediası üçün arzuolunmaz bu qarşıdurma ilə bağlı Gün.Az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Q.Məhərrəmli kimi şəxsləri xırda intriqalara qurban etmək, incitmək doğru hərəkət deyil:

“Bu baş verənlər xoş bir təəssürat yaratmır. Qulu müəllimi uzun müddətdir tanıyıram.

Hətta 1998-ci ildə birlikdə 3 həftəlik ABŞ səfərində olmuşuq. Yaxşı yol yoldaşıdır, yetərincə də savadlı insan təsiri bağışlamışdı mənə.

Onun AzTV ilə bağlı müsahibəsini mən də oxumuşam. Mövqeyidir və sayğıyla yanaşıram. Arif Alışanovun da ona cavab haqqına sayğım var.

Amma AzTV kimi böyük bir dövlət qurumunun resurlarını səfərbər edib Qulu müəllimə qarşı hücum təşkil etməsini heç də təqdir edə bilmərəm.

Bu, mediadan, vəzifədən sui-istifadədir. Ümumiyyətlə isə qeyri-etikdir.

Digər tərəfdən, Qulu müəllim ömrü boyu ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən birisi olub.

Belə adamları xırda intriqalara qurban verib incitmək doğru bir hərəkət deyil. Əksinə, onun kimi insanların potensialından istifadə etmək lazımdır”.

A.Həsrət bu qarşıdurmanın Mətbuat Şurasına çıxarılaraq çözülməsi ehtimalını da dəyərləndirib:

“Məsələnin Mətbuat Şurasında müzakirəsinə gəlincə, tərəflərdən biri müraciət edərsə, əlbəttə baxıla bilər. Amma hələlik belə bir müraciətin daxil olduğunu deyə bilmərəm.

Yəni müraciət olmadan, o məsələyə baxmaq səlahiyyətimiz yoxdur”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın