Ana səhifə / Cəmiyyət / Azər Həsrət Azinforum.az-a verdiyi açıqlamaya görə ölümlə hədələnir – Tanınmış jurnalist məsələyə rəsmi qurumların müdaxiləsini tələb edir

Azər Həsrət Azinforum.az-a verdiyi açıqlamaya görə ölümlə hədələnir – Tanınmış jurnalist məsələyə rəsmi qurumların müdaxiləsini tələb edir

Dövlətimə müraciət etməyə məcburam. Çünki həyatım üçün təhlükə olduğunu düşünürəm. Tanımadığım bir şəxs dünən gecə gec saatlarda Facebook daxili yazışmasından istifadə edərək məni açıq şəkildə hədələmişdir. Belə anlaşılır ki, bu şəxs barəmdə hansısa zorakılıqla müşayiət edilən addımlar atmağa hazırlaşır. Ona görə də cənab nazirdən təhlükəsizliyimin təmin edilməsi üçün uyğun tapşırıqların verilməsini xahiş etməyə məcburam.


Atası kimmiş? Bilmirəm. 
Məsələ isə belə oldu. Anar Xəyali adlı bir Facebook istifadəçisi (facebook.com/anar.xayali) daxili yazışmadan (inbox) istifadə edərək öncə məni təhqir etməyə başladı. Baş qoşmadım. Amma bundan sonra konkret hədələrə keçdi. Mənə xəbərdarlıq etdi ki, onun atasıyla işim olmasın.

Anar Xəyali adlı şəxsin fotosu

Amma anladım ki, bugünlərdə dünyasını dəyişmiş Əli Nasir adlı şəxsin məzarı başında olan şəxsləri əks etdirən şəkildəkilərdən biridir. Özü belə yazdı. Məsələ də ondadır ki, mənim şəxsən tanımadığım bu adamlar Əli Nasirin məzarı başında dua edir. Təbii ki, normaldır, qarışmırıq. Ölənin də arxasınca danışmırıq. Bizim həmin şəkildə diqqətimizi çəkənsə məzar üzərində gözə dəyən bez parçası oldu. Bu bez parçasını Azərbaycan dövlətinə xəyanəti sübut edilmiş, hazırda xaricə sığındığı halda işğalçı Ermənistanla Azərbaycana qarşı açıq işbirliyi edən, özünü talışların lideri kimi qələmə verən Əlikram Hümbətov “bayraq” kimi qələmə verir.

İndi belə bir bölücü xainin “bayrağının” bir mərhumun qəbri üstündə asılması, üstəlik bəzi şəxslərin gedib həmin “bayraq” fonunda şəkil çəkdirməsi əlavə təhlükədən xəbər vermirmi? Verir təbii. Ona görə də azinforum.az saytına verdiyim açıqlamada məsələyə DTX-nin diqqətini çəkmək istəmişdim: “Ümid edirəm ki, DTX vaxt itirmədən tədbir görəcək. Onların bu əməli Azərbaycan uğrunda can qoymuş talışların özlərinə belə təhqirdir. Ölünün arxasınca danışmazlar. Amma bu bez parçasını gözümüzə dürtənlərə də cavab vermədən keçə bilmərik. Bu adamlar Azərbaycanın havasını udur, amma Vətənə arxadan zərbə vurur. Guya talışların özünüdərki üçün çalışırlar. Halbuki onların əməlləri bölücülük və xəyanət olmaqla bu dövlətə sədaqətilə seçilən talış qardaşlarımızın kürəyinə saplanan bıçaqdır”.

Göründüyü kimi bu açıqlamada talışlar təhqir edilmir, konkret olaraq bölücülərin əməllərinə diqqət çəkilir. Üstəlik, dua edənlərin kimlikləri də sorğulanmır. Sadəcə o bez parçasını Azərbaycana canıyla, qanıyla bağlı olan, Qarabağda neçə-neçə şəhidlər vermiş, hazırda da ordumuzda vicdanla xidmət keçən talışların adına bayraq kimi təqdim edənlərin kimliyi mütləq bu dövləti maraqlandırmalıdır. Yuxarıda da qeyd etdiyim kimi, bu “bayrağı” hər addımda gözümüzə dürtən Vətən xaini Əlikram Hümbətovun kimliyi bəlli olduğu üçün.

 

Adı keçən “bayraq” qəbir üstündə və Əlikramın arxasında

 

 

 

İndi Anar Xəyali adlı bir şəxs bu açıqlamadan rahatsız olub, özünü türk kimi qələmə verir, amma nəyə görəsə bölücülərin bayrağını dolayısıyla müdafiə edir. Bu azmış kimi məni təhqir edir, barəmdə yalanlar uydurur və sonda da hədələyir. Onunla olan bütün yazışmanı gərək olacağı təqdirdə həm DTX-yə, həm də DİN-ə təqdim etməyə hazıram. Burda isə sadəcə uzunçuluq etmədən bəzi kəsimlərini təqdim edirəm.

Adam heç bir tərbiyə həddi gözləmədən görün, nə yazır: “Salam, daha doğrusu sənə şalom yazmalıydım. Ən azından milli mənsubiyyətin yəhudi olduğu üçün. Amma səndən bir şeyi soruşmaq istəyirəm. Ay yəhudi millətinə mənsub Həsrət, o düzdür ki, sən rəhmətlik Əli Nasirin məzarı önündəkiləri separatçı deyə atan Yahova üçün lənətləyirsən?”

Bu yazışma zamanı diqqətimi çəkdi ki, bu adamın ümumiyyətlə yəhudilərlə problemi var. Anlaşılan, Azərbaycanın ən sadiq vətəndaşları olan, bu dövlətin uğrunda qanından, canından keçən, ölkəmizə şəhid Albert Aqarunov kimi Milli qəhrəman bəxş etmiş yəhudiləri düşmən kimi görür. Bunu onun hələ 2012-ci ildə mənə eyni tərbiyəsiz şəkildə yazdıqlarına baxarkən gördüm.

2012-ci il, iyulun 31-də bu Anar Xəyali adlı adam mənə birbaşa sual edir ki, sən yəhudisən? Ardından da belə bir müraciət edir: “Əgər yəhudi deyilsənsə, qulağında sırğa et. Yəhudiyə sayğı duyma. Çünki yəhudiyə görə yer üzündə – “Tövrat”a görə – iki canlı var: insanlar və heyvanlar. İnsanlar yəhudilərdir. Heyvanlar isə yəhudi olmayanlar. Sən əgər bunu inkar edib yenə də türk olduğunu iddia etsən, sənin türk olduğuna inanan atasından bixəbər biclər ola bilər ancaq”.

Göründüyü kimi, adam yəhudilərə nifrət püskürməklə məşğuldur. Yəqin ki, müvafiq qurumlar bu adamın gerçək kimliyini, niyə belə iddialarla insanların üzərinə getdiyini araşdıracaqlar ki, daha böyük fəsadlar ortaya çıxmasın.

Görünür bu adama zamanında layiqli cavab vermədiyimə və dövləti görəvə dəvət etmədiyimə görə, həvəslənib, bu dəfə üzərimə hədəylə gəlir.

Görün, nə yazır: “Mən səni ikaz etdim… Sən deyəsən özünü savadsızlığa, ya da yəhudiliyə qoymusan… Deyəsən sən məni anlamadın. Mən səni ikaz etdim ki, atam cəbhə yoldaşının məzarını ziyarət edib… Nə əlaqəsi var ölən adam kimdir? Onun məzarına nəsə bayraq qoyulubsa, get, talışlara saldır… Atamın rəsmi olan şəkli hallandırma… və məsələni də milli zəminə yozma.
Və yadında saxla: atam mənim üçün bütün bəşəri hisslərin fövqündədir… lütfən cılızlaşma. Mənim heç vecimə deyil talış, türk, yəhudi”.

Sual oluna bilər ki, niyə bu adam atasına görə məni “ikaz” edir (mənə xəbərdarlıq edir)? Qeyd etdiyim kimi, mən nə o adamın özünü, nə də atasını tanımıram. Sadəcə o “bayraq” dedikləri bez parçasının arxasında durub dua edənlərin kimliyi doğrudan da məni, lap elə dövləti də maraqlandırmalıdır. Mən də diqqəti buna çəkmişəm. İndi bu şəkildəkilərdən hansısa bunun atasıdır. Təbii ki, ordakılarının kimliyinin şəxsən mənə isti-soyuğu yoxdur. Hər kim olursa olsun, bölücü “bayraq” altına sığındığı üçün dövlət o adamı sorğulamalıdır! Əks təqdirdə, bu dövlət çökər! Ona görə də bu adama yazıram ki, bütün bölücülər layiqli cavabını alacaq: “Atan kimdir bilmirəm, amma bu ölkədə separatçılıq edənlərin hamısının kökünü qazacağıq, şübhən olmasın”.

Sonda bu adama yazdıqlarını hədə kimi qəbul etdiyimi bildirdim. İddia etdi ki, məni hədələməyib. Yazdım ki, artıq səninlə dövlət məşğul olacaq. Sual etdi ki, “hansı dövlət, şərəfsiz dediyin dövlət?”Daha sonra deyir ki, səndən və sənin hədələrindən qorxan sənin gününə düşsün. Yəni adam açıq meydan oxuyur. Hərçənd mən heç bir hədə yazmamışam. Sadəcə mədəni bir dildə onunla söhbəti bitirərək bundan sonra barəsində şikayət edəcəyimi demişəm. Bunu da öz əxlaqsızlığı çərçivəsində qiymətləndirir.

Olsun. Mən o adamın yazdığı təhqirləri burada paylaşmıram. Amma qeyd etdiyim kimi, DTX və DİN araşdırma başladacağı təqdirdə bütün yazışmaları onlara təqdim etməyə hazıram.

Yeri gəlmişkən, şikayət barədə xəbərdarlığımdan sonra bu adam məni blokladı. Amma səhər gördüm ki, yenidən açıb. Az sonra təkrar blokladı. Lakin bloklasa belə bu, məni narahat etmir. Çünki biz bu cür adamları araşdırmaq üçün yetərincə alternativ imkanlara da malikik.

İndi çox istərdim ki, müvafiq dövlət qurumları hər şeydən öncə bu adamın milli düşmənçiliyinin qarşısını alsınlar. Digər tərəfdən də mənə qarşı hədələrini araşdırsınlar. Çünki belə adamlar adətən cəzalandırılmayanda daha da uzağa gedirlər və şəxsən qorxmasam da düşünürəm ki, onun cavabı mütləq verilməlidir. Həm də ona görə verilməlidir ki, o, dolayısıyla etnik separatizmi dəstəkləyir və ya dəstəkləyən adamları müdafiə edir. Özü də yəhudi vətəndaşlarımızı təhqir etməklə bərabər…

Azər HƏSRƏT

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın