Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Aynur Camalqızı: “Hər uğurlu qadının arxasında Allah dayanır”

Aynur Camalqızı: “Hər uğurlu qadının arxasında Allah dayanır”

Bu gün “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının doğum günüdür.
Moderator.az tanınmış jurnalistin modern.az-a müsahibəsini təqdim edir:
– Aynur xanım, indiyə kimi yaşadığınız ömrünüzü necə qiymətləndirirsiniz, taleyinizdən razısınızmı?
– Bu suala birmənalı cavab vermək çox çətindir. Nə tamamilə razıyam demək mümkündür, nə də narazıyam demək. Məsələ burasındadır ki, bu həyatı, bu yolu biz özümüz seçirik. Bu səbəbdən çətinlikləri, acısı, şirini ilə həyat bizimdir. Təbii ki, hər şey bizə doğmadır. Onu ağa və qaraya bölmək həddindən artıq çətindir.
– Yaş artdıqca, keçmiş günlərin həsrətini çəkən insanlar var. Siz necə düşünürsünüz, bu günü dünənə dəyişərdinizmi?
– Hamımız bilirik ki, bu mümkün deyil. Nə keçmişi bu günə, nə də bu günü gələcəyə dəyişmək olur. Lakin indiki təcrübə, dünyagörüşü ilə yenidən başlamaq imkanı olsaydı, daha mükəmməl həyat yaşaya bilərdik. Onda da həyat bu qədər maraqlı olmazdı. Çünki biz çətinliyə düşə-düşə möhkəmlənirik. Bu baxımdan düşünürəm ki, hər şey normaldır.
– Fərqli ixtisası bitirmisiniz. Bəs necə oldu jurnalistikanı seçdiniz?
– Bu mənim uşaqlıq arzum idi. Amma ali məktəbə test üsulu imtahan vermişdim və mənim balım Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna düşdü. Xoşbəxtlikdən bizim fakültəni bitirən uşaqların, tələbə yoldaşlarımın əksəriyyəti jurnalistikanı seçdilər. Əslində politologiya ilə jurnalistika arasında böyük bir sərhəd yoxdur, bir-birinə çox yaxın sahələrdir. Bu səbəbdən çox asanlıqla jurnalistikanı seçə bildim. Əlbəttə, təhsil önəmlidir. Amma düşünürəm ki, jurnalistikada təhsillə yanaşı, təcrübə də çox böyük önəm daşıyır. Jurnalistika fakültəsini bitirən bir sıra tanışlarım var ki, qələmi, istedadı o qədər də qənaətbəxş deyil. Həmçinin, tamam başqa sahəni bitirən və jurnalistikada böyük uğurlar əldə edən adamlar da tanıyıram.
– Aynur xanım, deyirlər, hər uğurlu kişinin arxasında qadın dayanır. Bəs uğurlu qadınların arxasında kim dayanır?
– Bütün uğurlu qadınların arxasında Allah dayanır. Uğur insanın çabası, fəaliyyəti ilə bağlı olsa da, burada şansın da çox böyük önəmi var. Allahın bizə verdiyi şanslar bəzən həyatımızı çox dəyişdirir. “Hər uğurlu kişinin arxasında bir qadın dayanır” sözünü mən də çox bəyənirəm. Dediyim kimi, hər uğurlu qadının arxasında da Allah dayanır. Yolumuzu müəyyənləşdirməkdə, çətinlikləri aşmaqda bizə doğurdan da gözə görünməz qüvvə kömək edir.
– Həm iş, həm də ailə. Bunları necə idarə edirsiniz? Övladlarınıza istədiyiniz kimi vaxt ayıra bilirsinizmi?
– İşlədiyimiz rejimdə tamamilə ideal qadın, ideal ana, ideal ailə başçısı olmaq çətindir. Mən işimi çox sevirəm. Bizim media qrupun işçilərini də öz övladlarımdan ayırmıram. Onlara da kifayət qədər diqqət göstərməyə çalışıram. Ağır iş rejimində övladlarıma xüsusi qayğı göstərmək imkanlarım məhduddur. Bu işdə mənə anam, doğmalarım kömək edir. Onların dəstəyi olmasa, özümü işə həsr edə bilmərəm.
– Övladlarınızın jurnalistikaya marağı necədir?
– Övladlarımda jurnalistikaya xüsusi maraq hiss etmirəm. Oğlum futbolla çox maraqlanır. Böyük qızım rəsmə, musiqiyə meyillidir. Amma kitabla maraqlanırlar, çünki evimizdə hər şeydən çox kitab var. Gələcəkdə bunun onlara təsir etmə ehtimalı ola bilər. Jurnalistikaya meyillənmə bəlkə də mümkün oldu. Amma indi yaşları kiçik olduğuna görə bu barədə danışmırlar.
– Aynur Camalqızı necə bir evdar qadındır?
– Vaxtım olsayı, çox yaxşı evdar qadın ola bilərdim. Amma təəssüf ki, zaman məhduddur. Özümdən asılı olmayan səbəblərdən buna kifayət qədər vaxt ayıra bilmirəm. Həftə sonları imkan düşdükcə çalışıram ki, yeməyi, səhər süfrəsini özüm hazırlayım. Uşaqları özüm yedirdim, onları gəzməyə çıxardım. Lakin bu, hər zaman alınmır.
– Adətən yaş artdıqca xanımlar bunu özünə kompleks edir. Sizdə necədir?
– Mən bütün yaşları sevirəm. Bu təbiətin işidir və siz ömrünüzün sonuna kimi gənc qala bilməzsiniz. Hər yaşın öz gözəlliyi var. Düşünürəm ki, qadınlar da yaşlaşdıqca, daha da gözəlləşirlər. Mən hər bir qadına yaşlanmağı arzulayıram. Düzdür, öz şəxsi həyatımda doğmalarımı erkən yaşlarında itirmişəm. Bunun nə demək olduğunu bəlkə də mənim qədər heç kim anlaya bilməz. Amma yaşlanmaq, qocalmaq Allahın lütfüdür. Arzu edirəm ki, Allah bütün yaxşı, dəyərli insanlara 80, 100 il yaşamağı qismət etsin.
– Siz bir müddət deputat kimi fəaliyyət göstərmisiniz. Yenidən Milli Məclisə geri dönmək istəyərsinizmi?
– Mən həmişə demişəm ki, Milli Məclis mənim sevdiyim yerdir. Bu daha çox qismətə bağlı məsələdir. Bu barədə danışmaq tezdir. Hələ seçki ilinə çox var. Qismətsə, bu haqda danışarıq.

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …