Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Aylıq 170 manata şəhəri qarış-qarış gəzən poçtalyon: “Hər məktubun arxasında bir tale var”

Aylıq 170 manata şəhəri qarış-qarış gəzən poçtalyon: “Hər məktubun arxasında bir tale var”

“Tanımayan tapılmaz məhlədə poçtalyonu,

Hamı istərdi onu, hamı sevərdi onu.

Onu tanıyırdılar adamlar addımından,

Bir bayramdı çantası dolu gəldiyi zaman”

(Süleyman Rüstəm)

Bir vaxtlar yolunu hər kəsin səbirsizliklə gözlədiyi, sevdiyi bu peşə sahiblərinin fəaliyyəti internet əsrinin hüdudsuz imkanlarının kölgəsində qalsa da, poçtalyon peşəsinin məsuliyyəti azalmayıb. Bu gün yenə də poçtalyonlar küçəbəküçə gəzir, yazılan məktubları, göndərilən bağlamaları ünvanlarına çatdırırlar.

Poçtalyon Zərinə Həbibovayla

© SPUTNİK / ILHAM MUSTAFAPoçtalyon Zərinə Həbibovayla

Sadəcə əvvəlki dövrlərdən fərqli olaraq bu məktublar uzaqlarda yaşayan doğmalardan, dostlardan deyil, əsasən, məhkəmələrdən olur. Və bu məktubların vaxtında ünvanına çatdırılması daha çox məsuliyyət tələb edir.

Sputnk Azərbaycan bu gün oxucularını poçtalyon fəaliyyəti ilə məşğul olan Mingəçevir sakini Zərinə Həbibova ilə tanış edəcək. Zərinə Həbibova 20 ilə yaxındır ki, qadınların az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldur.

O, hər səhər işlədiyi 4 saylı poçt şöbəsinə gələn məktubları götürüb, qar-yağış, isti-soyuq demədən, göstərilən ünvanlara paylayır. Gün ərzində 50-60 məktub payladığını deyən poçtalyon hər bir məktubun çatdırılmasının onun üçün məsuliyyət olduğunu bildirir.

“Hər bir məktubun arxasında bir insan taleyi dayanır. Bu məsuliyyəti dərk edərək onların vaxtında çatdırılmasına çalışıram. Məktub gələn gün ünvana çatdırılmalı olduğundan bəzən elə olur ki, bir evə 3-4 dəfə gedirəm. Çünki əksər məktublar məhkəmələrdən olur, onların ləngiməsi əlavə problemlər yarada bilər” – deyir müsahibimiz.

Zərinə xanım xidməti ərazisinin şəhərin mərkəzi olduğunu, əsas idarə və təşkilatların burada yerləşdiyini, bu səbəbdən də göndərilən məktub sayının çox olduğunu deyir. Məktubları ünvana çatdırmaq üçün 59 yaşlı poçtalyon gün ərzində 10 km-ə yaxın piyada yol qət edir.

Hələ çoxmərtəbəli binalara çıxıb-düşməyini hesaba almır: “İşimə sevgim, bağlılığım var deyə, yorğunluq hiss etmirəm. Maraqlı işdir mənimçün. Xoş xəbər verdiyim insanların sevincinə şərik oluram. Məhkəmə məktublarını verəndə kimlərinsə probleminin həllində köməyim dəyir deyə mən də sevinirəm. Bu zaman mənə sanki güc gəlir”.

Poçtalyon Zərinə Həbibovayla

© SPUTNİK / ILHAM MUSTAFAPoçtalyon Zərinə Həbibovayla

Ən çox əsgər məktublarını ünvanına çatdıranda zövq aldığını deyən Z.Həbibova öz xidməti ərazisinin ünvanlarını da əzbər bilir: “Yuxudan oyadıb soruşsalar belə, istənilən ünvana fikirləşmədən gedə bilərəm”.

170 manat məvacib alan poçtalyon qadının arzularından biri də poçt sahəsində işləyənlərin maaşlarının artırılmasıdır.

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …