Cümə , Dekabr 2 2022
Ana səhifə / Cəmiyyət / AYB rəhbərliyi hədəfdə: Anara istefa, yeni qurum yaratmaq təklifi

AYB rəhbərliyi hədəfdə: Anara istefa, yeni qurum yaratmaq təklifi

Baba Vəziroğlu: ““Priçom tut” Anar?”

Şuşada Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Vaqif Poeziya günlərinə dəvət almayanların narazılıqları səngimir. Narazılar AYB sədri Anarı və digər rəhbər şəxsləri hədəfə gətiriblər.

Məsələn, AYB üzvü Elbariz Məmmədli etirazını bu sözlərlə bildirib: “Bu gün yeni katibliyin sevimli yazarları Şuşada Vaqif poeziya günlərinə toplaşıblar. Xeyirli-uğurlu olsun! Fəqət, bu tədbirdə iştirak təkcə onlarınmı haqqı idi? 44 günlük Vətən savaşında, eləcə də son 30 illik mübarizəmizdə səsi eşidilməz olanlar birdən-birə Şuşa sevdasına düşüb, Şuşada peyda olurlar. Amma halal haqqı olanlar AYB-nin siyahısından kənarda qalır. Uzun illərdi bu saymazlıq davam edir. Əcəb edirlər! Dəfələrlə dost yazarlara müraciət etmişəm ki, ləyaqətli qələm adamlarını bir yerə toparlayıb, öz ədəbi ocağımızı yaradaq. İndi nə deyirsiniz? Hələ də gördüklərinizə sükutla yanaşmaq fikrinizmi var?”

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Rəşad Məcid: “Sosial şəbəkələrdə paylaşılan statuslarda yazıçı və şairlərin bir-birinə kin-küdurət püskürməsi üzücü mənzərədir”

Daha bir AYB üzvü Süleyman Abdulla narazılığını belə ifadə edib: “Əgər seçim yaradıcılığa əsasən aparılmırsa, bəs hansı arqument əsasında aparılır? Müharibə iştirakçılarınamı üstünlük verilir? Hərçənd ki, əlavə arqumentlərin yaradıcılığa heç bir dəxli olmamalıdır, o, ya var, ya da yoxdur… Yox, əgər üstünlük verilirsə, lap yaxşı! Onda mən də Birinci Qarabağ döyüşlərində heç vaxt məğlub olmayan Prezident Qvardiyasının zabiti olaraq Qubadlı, Laçın, Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıyam. Bir çoxları düşünürlər ki, etirazların məğzini Şuşaya getmək, görmək və dincəlmək təşkil edir. Xeyr, tamamilə səhv düşüncədir. Şəxsən mənim üçün Şuşa vaxtilə uğrunda döyüşdüyüm digər ərazilərdən heç nə ilə fərqlənmir və oraya səyahət imkanım olanda edə bilərəm və edəcəyəm də. Yəni burada məkan elə bir əhəmiyyət daşımır və bu tədbir Laçında, Lənkəranda, Qubada, Yevlaxda, Gədəbəydə, lap elə ölkəmizin ilan mələyən hər hansı bir səhrasında keçirilsə və mən iştirakçı siyahısından çıxarılsam, yenə də narazı qalacaqdım”.

AYB üzvü Dəyanət Osmanlı isə hələ tədbirdən əvvəl bunları qeyd edib: “İndi AYB Katibliyindəki bəzi yeni rəhbər şəxslər haqqı olan yazarlarla dar düşüncəli uşaqlar kimi davranırlar. Qruplaşma yaradıb, ayrı-seçkilik edirlər. Feysbukda şairlik təcrübəsi keçənləri gətirib AYB-yə üzv edir, sədr seçilmək üçün elektorat toplayırlar. Hansı yollasa Anarın sədrlikdən getməsini səbirsizliklə gözləyirlər. Halbuki Anar onlara etimad göstərib, vəzifə verib və bu vəzifə sayəsində də tanınıblar. Ev, fəxri ad, mükafat alıblar. İndi himayədarın yerinə keçmək üçün fürsət axtarırlar. Yoxsa nə yaradıcılıq, nə istedad, nə də ictimai fəallıq baxımından başqa üzvlərdən üstün mövqedə deyillər. Bunlar ədəbiyyatı idarə etməyə yox, gözdən salıb ucuzlaşdırmağa meyllidirlər…”

Yazıçılar Birliyində vəziyyətlə bağlı daha bir müzakirə... - Dəyanət Osmanlı  - MÜSAHİBƏ

Dəyanət Osmanlı 

Bəs narazılıq edən yazıçılar nə qədər haqlıdır? Şuşaya gedən yazıçıların siyahısı hansı meyarlara uyğun aparılıb?

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Şuşaya getmək hamının haqqıdır. Ora getmək istəyən, onu ürəkdən arzulayan adamların hamısını başa düşürəm. Bu səfərin hələ ilk günündə, Bakıdan çıxanda yazmışdım ki, Şuşanı ilk dəfə görənləri müşahidə  etmək çox gözəl duyğudur. Çünki insanın kimliyini ilahi gözəllik, müqəddəs yerə münasibətin müqabilində qiymətləndirmək olar. Mən özüm də müşahidə etmişdim ki, sosial şəbəkədə xeyli insan yazmışdı ki ”ilahi, görəsən, məni də Şuşaya aparan olacaq?” Buna görə də Şuşanı ürəkdən arzulayanların siyahısını yazmışdım, təxminən onlardan 10-15 nəfəri bu dəfə getdi.

Bildiyiniz kimi, ötən il də Şuşada Vaqif Poeziya günləri keçirilmişdi. Həmin vaxt da əvvəl təxminən 200 adamın getməyi planlaşdırılmışdı. Lakin sonra sayı azaltdılar ki, bu qədər mümkün deyil. Bu dəfə də 160 yazıçı və şair nəzərdə  tutulmuşdu. Lakin sonradan bu say yüz nəfərə endirildi. Onda da çalışdıq ki, təkrar gedənləri nisbətən azaldaq. Əlbəttə ki, Şuşaya getmək istəyənlər nə vaxtsa gedəcək. Amma sözün doğrusu, sosial şəbəkələrdə paylaşılan statuslarda yazıçı və şairlərin bir-birinə kin-küdurət püskürməsi, ədavət aparması məni içəridən çox narahat etdi. Əlbəttə ki, cəmiyyətə nümunə olmalı olan  yazıçıların, şairlərin bir-birinə bu cür münasibət bəsləməsi  üzücü mənzərədir”.

Rəşad Məcid qeyd etdi ki, Şuşaya gedən yazıçı və şairlərin siyahısını 3 qurum tərtib edib: “Həmin məlum qurumlar qazi və gənc şairlərin orada iştirak etməsini təmin etmişdi. Digər siyahıda olanlar isə Şuşanı görmək arzusunda olanlar idi”.

Rəşad Məcid yazıçı Anarın Şuşadan paylaşdığı, onu müzakirə obyektinə çıxaran fotosundan da danışdı: “Anar müəllim bizi gözləyirdi və mən də həmin anı əbədiləşdirərək, şəklini çəkib, sosial şəbəkədə paylaşdım. Təsəvvür edin, sosial şəbəkədə elə sözlər yazdılar ki… Ancaq onu deyə bilərəm ki, heç kim yazıçı Anar qədər  Şuşanı sevməyib, təbliğ etməyib. Anarın Şuşa haqqında gördüyü iş danılmazdır. Anar ilk dəfə 14 yaşında Şuşada bədii yaradıcılığa başlayıb. 1981-ci ildə Şuşada Üzeyir bəy Hacıbəyov haqqında ”Uzun ömrün akkordları” filmini hazırlayıb. O filmdə elə kadrlar var ki, Şuşani yaddaşlara köçürüb, insanlara  sevdirib. Həmçinin 1985-ci ildə Şuşa haqqında elə bir etnoqrafik esse yazıb ki, bütün illər ərzində Şuşanı öyrənən insanlar üçün bir nümunədir. 1985-86-cı ildə “Ulduz” jurnalında çıxan “Qarabağ şikəstəsi” essesində yazırdı: “Özüm də bilmirəm ki, Şuşanı niyə bu qədər çox  sevirəm. Burada doğulmamışam, burada böyüməmişəm, qohum-əqrəbam bu şəhərdə yaşamır. Amma imkanım olsaydı, bütün ömrümü bu şəhərdə keçirər və öləndə vəsiyyət  edərdim ki, məni burada dəfn etsinlər”. Bu sözləri Anar 1985-ci ildə yazıb və  yaradıcılığı boyu hər fürsətdə Şuşa haqqında danışıb. İndi deyirlər ki,  Anar niyə Şuşaya getməlidir? Anar Şuşaya getməlidir yox, Anarın Şuşada ev muzeyi olmalı, fəxri vətəndaşı adını almalıdır və buna layiqdir.

Qaldı AYB-də kimin rəhbər olmasına, mənim şəxsi fikrimdir ki, quruma bu gün nüfuz gətirən, onu üzdə saxlayan Anardır, onun sədr olmasıdır. İndi bəzilərinə bu çox görünə bilər. Amma Anar bu illər  ərzində çox işlər görüb, AYB-ni qoruyub saxlayıb”.

Rəşad Məcid AYB-nin yaxın vaxtlarda keçirəcəyi qurultaydan da söz açıb: “Bildiyiniz kimi, qurultayı Şuşada keçirmək istəyirdik, lakin alınmadı. Çünki qurultayda 400 nümayəndənin iştirak etməsi lazımdır, lakin dedilər ki, bu qədər insanın Şuşaya getməsi mümkünsüzdür. Ona görə də biz, sadəcə, Vaqif Poeziya günləri etdik. Yaxın vaxtlarda Natəvanın 190 illiyi olacaq, ola bilsin ki, oraya da yazıçı və şairlər gedəcək. Təxminən avqust-sentyabr ayında Şabranda yazıçı, bəstəkar və rəssamlar üçün yeni bir yaradıcılıq  evi tikilir, onun açılışı olmalıdır. Nəzərdə  tuturuq ki, qurultay həmin yaradıcılıq evində olsun. Biz də təklif edəcəyik ki, Anar müəllim hələ fəaliyyətini bir neçə il də davam etdirsin”.

Baba Vəziroğlu: “O Xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı” – Müsahibə

Baba Vəziroğlu 

Yazıçılar Birliyinin üzvü, Şuşada keçirilən Vaqif Poeziya günlərinin iştirakçısı Baba Vəziroğlu isə narazılara “rus demiş, ”priçom tut Anar?”” deyə sual etdi: “Bu, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və AYB-nin birgə  keçirdiyi tədbir idi. Ona görə də burada konkret günahkar axtarsan belə tapa bilməzsən. Beləliklə, siyahını 3 təşkilat təyin edib və mən yalnız orada 10 nəfəri tanıyırdım, yerdə qalanların hamısı gənclər idi. Prezidentin də dediyi kimi, ”Şuşa əbədi Azərbaycandır!” Bu il olmadı, gələn il gedərlər. Onsuz da tədbirlər hər il keçirilir, bundan sonra da bir neçə tədbir olmalıdır. İkinci də ki, Şuşa  həsrəti ilə alışıb-yananlar varsa, ora gündəlik avtobuslar gedir, portaldan keçib Şuşanı görüb, gəlsinlər. Burada nə böyük məsələ var ki, şikayət edirlər?  Yəqin ki, seçim edəndə yazıçı və şairin sosial çəkisinə, yaradıcılığına baxırlar. Buna əsasən müəyyən limit də var və ona uyğun siyahı tərtib edirlər.

Bir də ki qələm əhlinə heç vaxt yaraşmaz desinlər ki, filankəsi niyə apardılar, məni yox?  Şəxsən mən bunu özümə heç vaxt sığışdırmazdım.  Əgər filankəsi aparıblarsa, mən ona yalnız yaxşı yol arzulayaram. Uzaqbaşı onu arzulayaram ki, inşallah, gələn dəfə də mən gedim. Burada nə var ki?”

Həmçinin oxuyun

“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” – Misir Mərdanov

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən …