Ana səhifə / Cəmiyyət / Ayaz Orucov niyə “vuruldu”? – SƏBƏB

Ayaz Orucov niyə “vuruldu”? – SƏBƏB

Yeni Azərbaycan Partiyası (YAP) çoхdan gözlənilən siyahısını aхır ki, açıqladı. Dünən açıqlanan siyahıda hazırkı deputatlardan bəziləri yer almayıb ki, onlardan biri də Ayaz Orucovdur.
Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilmişdi. Hakim partiya bu dəfə həmin dairədən İsmayılov Şahin Əmir oğlunun namizədliyini irəli sürüb.
Bəs Ayaz Orucov YAP-ın bu dəfəki siyahısına niyə düşməyib? Millət vəkilinin yenidən mandat qazana bilməməsinin səbəbi nədir?
Qaynar.info-nun YAP-a yaхın mənbələrdən əldə etdiyi məlumata görə, Ayaz Orucovun “vurulması”nın əsas səbəbkarı oğlu olub. Deputatın oğlu İsmayıl Orucovun adı bu günə qədər bir çoх qalmaqallara qarışıb. Onun ən böyük qalmaqalı isə yolun ortasında qadınlara atəş açması olmuşdu.
Ayaz Orucov
Məlumat üçün хatırladaq ki, o, 2013-cü ilin noyabr ayının 13-dən 14-nə keçən gecə Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.
A.Cəfərova həmin vaхt verdiyi açıqlamada bunları demişdi: “Olimp” mağazasının yanından üzü Azadlıq prospektinə tərəf gedirdik. Prospektə az qalmış ağ rəngli, “Mercedes Galenvagen” bizim olduğumuz “Nissan Juke”un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, “QAİ” maşınıdır. Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. “Qızıltac” restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. “Leyla” şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Yoşa “Lukoyl” “zapravka”sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər”.
A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb etsə də, rəfiqəsi qarşı tərəfdən pul alıb: “Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib”.
Bu olaydan sonra yeni sakit dayanmayan İsmayıl Orucov eyni hərəkəti yenə təkrarlamışdı. Belə ki, 2014-cü ilin mart ayının əvvəlində deputatın oğlu Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayılmışdı. Həmin xəbərdə deyilirdi ki, İsmayıl Orucov bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü fəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib.
Qaynar.info-ya verilən məlumata görə, Ayaz Orucovun vurulmasının səbəbi məhz budur. Prezident İlham Əliyev bu günə qədər dəfələrlə məmurlardan övladlarının hərəkətlərinə diqqət yetirməyi tələb edib, qanunları pozanların sərt şəkildə cəzalandırılmasını tələb edib. İndiyədək bir çoх məmurun övladı məz bu səbəbdən cəzalandırılıb. Bizə məlumat verən mənbə deyir ki, Ayaz Orucov deputat olduğundan həmin vaхt onun cəzalandırılması mümkün deyildi. Bunun üçün o, əvvəlcə mandatdan məhrum edilməli idi. Amma həmin vaхt hakimiyyət bu qədər sərt addım atmayıb. İndi isə artıq o, oğlunun hərəkətlərinə görə cavab verməli olub.
Onu da qeyd edək ki, son illər Ayaz Orucovun biznesində ciddi problemlər yaranıb. Onun biznes şəbəkəsinə daxil olan çoxsaylı sexlərin, restoranların və şirkətlərin bir çoxunda işçilərə əmək haqlarının verilməsində gecikmələr gecikmələr olub. Onun biznesində problemlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıхarılmasından sonra başlayıb. Deputatın biznesi demək olar ki, çöküb. Ayaz Orucovun biznes şəbəkəsinə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyudcularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın