Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Ayaqları tutulan Məsumə Babayeva: “Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar”

Ayaqları tutulan Məsumə Babayeva: “Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar”

“O gün evdə yıxılmışam. Ayaq üstə idim, fırlanmaq istəyəndə yıxıldım. Ayaqlarımda problemlərə görə qalxa bilmədim. Zəng etdim qızıma, o, taksi ilə şəhərdən yaşadığımız yerə gəldi. Taksi sürücüsü ilə köməkləşib məni qaldırdılar. Divana uzadıb, getdilər. Axşama kimi o vəziyyətdə qaldım. Çox əziyyət çəkirəm”.

Bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.

75 yaşlı sənətkar səhhətinin ağır olduğunu, ayaqlarının tutulduğunu və bu səbəbdən yeriyə bilmədiyini açıqlayıb:
“Müalicələrimi edirəm, amma heç bir effekti yoxdur. Harada qırıldı, qırıldı… Ayağıma stent qoydular. Sonra isə həkimlər istədilər ürəyimdə cərrahi əməliyyat keçirsinlər, ürəyimə stent qoysunlar. Amma əməliyyata icazə vermədim. Çünki 72 yaşım var. Bu ağır əməliyyatdan sağ çıxmaram.


Şəhərdə ürək həkimim var. O mənə söylədi ki, səni əməliyyatsız müalicə edərəm. Mənim özümə baxan insan lazımdır. Alim qızım mənə evdə hər bir işimdə kömək edir. Çimizdirir, yeməyimi verir, müalicələrimi edir. Özüm isə heç bir iş görə bilmirəm. Çünki ayaqlarımın hər ikisi tutulub. Gəzə bilmirəm, yıxılıb qalıram saatlarla evdə. Gərək iki adam olsun ki, məni yerdən qaldırsın. Mütəmadi uzanıram”.
M.Babayeva maddi vəziyyətinin aşağı olduğunu və bu səbəbdən dərmanları aptekdən nisyə aldığını bildirib:

“Müalicələrimi evdə edirəm. Dərmanlarımı aptekdən nisyə alıram. Onları qəbul edirəm. Təqaüd alanda aptekə yavaş-yavaş borclarımı ödəyirəm. Dərmanların qiyməti də od tutub yanır. Qızım məni saxlayır. Qızım ADNSU-da (Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) dərs deyir. O, alimdir. Alimin və müəllimin aldığı maaş isə çox aşağıdır. Birtəhər dolanırıq”.

Aktrisa Mədəniyyət Nazirliyinin onun vəziyyətindən xəbərdar olduğunu, lakin heç bir yardım göstərmədiyini vurğulayıb:

“Mədəniyyət Nazirliyi vəziyyətimdən xəbərdardır, amma heç nə etmir. Bir dəfə Qurban bayramında evə qurbanlıq payı göndərdilər. Ondan sonra səs-səmirləri kəsildi. Heç kim mənimlə əlaqə saxlamayıb. Elə bil ki, yoxam bu dünyada. İllərlə çalışdığım, hazırda isə yaşıma görə çıxdığım Gənc Tamaşaçılar Teatrının Həmkarlar İttifaqı yanvar ayında yardım məqsədi ilə mənə bir qutu ərzaq göndərdi (makaron, vermişel, çay, qənd və s.). Ondan sonra heç kim mənimlə nə maraqlanır, nə də hansısa maddi yardım edir.

Mən yaşıma görə müəyyən miqdarda təqaüd alıram. Amma aktrisalıq fəaliyyətimlə bağlı heç bir təqaüd almıram. Mənimlə nə maraqlanan var, nə də bu haqda danışmaq istəyirəm”.

Məsumə Babayeva onu seriallara çəkən rejissorlardan da gileylənib. Aktrisa deyib ki, onlar səhhətinin ağırlaşdığını bildikdən sonra onunla bütün əlaqəni kəsiblər:


“Bir çox seriallara çəkilmişəm. Amma o serialların rejissorları bir dəfə də olsun zəng vurub mənimlə maraqlanmırlar. Onlar mənim əməyimdən istifadə edib, özlərinə bahalı avtomobillər və ev aldılar. Şəraitlərini düzəltdilər. Mənim ağzıma isə bir tikə atırdılar ki, danışma, sus. Zəhmətimi əlimdən alırlar, amma əvəzində heç nə vermirlər.


Deyəndə ki, xəstəyəm, bununla da hər şey bitir. Rejissorlara dedim ki, xəstəyəm, məni seriala çağırmayın. Ondan sonra bir adam da tapılmadı ki, maraqlansın, varam, yoxsa yoxam”.

Sənətkar gününü televizora baxaraq keçirdiyini söyləyib:

“Oturmuşam evdə, günümü elə televizora baxa-baxa keçirirəm. Bütün gün uzanıram. Evin içində ayağa durub, gəzə bilirəm. Amma uzun məsafə gedə bilmirəm. Stulda da çox oturanda ayağımdakı damarlar işləmir. Gərək uzanım ki, qan damarlarda dövrə etsin. Ona görə mənə çox çətindir”.

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunmuşdu. Əməliyyat zamanı isə onun süd vəziləri xaric edilmişdi.

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …