Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “Avromed”in inhisarçı mövqeyinə son qoyulur

“Avromed”in inhisarçı mövqeyinə son qoyulur

Prezident İlham Əliyevin ötən həftəsonu Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığı medianın ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Xatırladaq ki, prezident dərmanların baha satıldığını deyib və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

 
Bu mövzunun nazirlərin iştirakı ilə keçirilən müşavirədə diqqətə gətirilməsi prezidentin əhalinin az qala çörək dükanı qədər müraciət etdiyi apteklərdəki vəziyyətdən, xalqın narazılığından xəbərdar olduğunu göstərdi. Çünki manatın fevralın 21-də qəfil devalvasiyasından sonra apteklərdə, xüsusilə həyati əhəmiyyətli dərmanların satışı faktiki olaraq, ya dayandırıldı, ya da iki-üç qat baha qiymətə təklif edildi ki, bu da əhalidə ciddi narazılıq yaratdı. 
Bəzi apteklər qapılarını bağladı, bəziləri isə piştaxtaları boşaldaraq açıq etiraf etdilər ki, dərman bazarında inhisarçı mövqedə olan “Avromed Company” MMC depolarını bağlayıb və dolların “son dayanacağını” gözləyir. Bu proses təxminən 1 həftə çəkdi. Dolların kursu sabitləşən kimi apteklər kifayət qədər bahalaşmış preparatlarla yenə doldu.
Dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olan “Avromed” 2002-ci ilin aprelində təsis edilib, dünyanın aparıcı əczaçılıq  istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Bu şirkətin ölkəyə idxal olan dərman preparatları, tibbi vasitələrinin sayı 15 mindən artıqdır. “Avromed”in infrastrukturuna Bakıda yerləşən mərkəzi ofisi, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. “Avromed”in müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir. 
Paytaxtda yerləşən Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, Mərkəzi Klinik Xəstəxanası, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumlarının nəzdində olan müalicə müəssisələri də “Avromed”in müştəriləridir.   Dərman biznesində əsas satış monopoliyası əvvəllər iqtidara yaxın olan “Riad” şirkətinə aid idi. Lakin bir neçə il əvvəl “Riad”ın hegemonluğuna son qoyuldu. Bazar “Avromed”in nəzarətinə keçdi. Bəzi bilgilərə görə, “Riad” indi yalnız  azsayda aptekləri dərmanla təmin edir.
Çox maraqlıdır ki, manatın devalvasiyasından bir gün əvvəl – fevral ayının 20-də “Avromed Company” MMC-yə yeni direktor təyin edilib. Əvvəllərdə Direktorlar Şurasında təmsil olunan Əzizə Baxşalıyeva baş direktor seçilib.
Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəyə idxal edilən dərmanlar  ƏDV və gömrük rüsumlarından azad edilib. Lakin buna baxmayaraq, dərman bazarındakı monopoliya “Avromed”ə imkan verir ki,  ölkəyə gətirdiyi dərman preparatlarına istədiyi qiymət təyin edərək satışa çıxarsın.
Milli Məclisdə “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər zamanı deputat Vahid Əhmədov maraqlı bir fakt açıqlamışdı ki, bu da onun həmkarı, “Avromed”in ilk təsisçisi  Cavanşır Feyziyevin xoşuna gəlməməşdi. V.Əhmədov demişdi ki, şəhərin bir yerindən 12 manata aldığım dərmanı başqa bir yerdə ona  24 manata təklif ediblər: “Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar”. Cavanşir Feyziyev isə dərman sahəsində monopoliyanın olmadığını iddia etmişdi: “Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə nisbətdə bahadır. Bunu inhisarçılıqla əlaqələndirirlər. Amma belə deyil”.
Göründüyü kimi, bu problem o qədər ciddiləşib ki, prezident Nazirlər Kabinetinin iclasında məsələni kəskin qoymalı olub. “Yeni Müsavat”ın xəbərinə görə, iqtidar manatın ikinci mümkün devalvasiyasının da qaçılmaz olduğunun fərqindədir və bu məqsədlə əhalinin xüsusilə ehtiyacı olduğu sahələrdə ciddi islahatlarda, bəzi sahələrdə isə monopoliya ilə mübarizədə qərarlıdır. Çünki manatın dəyərdən düşməsi ilə monopolistlərin də qiymətləri iki qat artırması əhalinin hökumətdən narazılığını daha da artırır.
Mənbəmizin məlumatına görə, iqtidar dərmanlara vahid qiymət tətbiq edilməsi barədə artıq qərar verib və yaxın günlərdə Nazirlər Kabineti vahid tarifləri təsdiqləyəcək. Bu da “Avromed”in qiymət  inhisarçılığına son qoymuş olacaq.
Mümkündür ki, monopolistlər bu cür qərarlara müqavimət göstərsinlər. Amma prezidentin son çıxışından da belə görünür ki, iqtidar parlament seçkiləri ərəfəsi sosial vəziyyətin ağırlaşmaması üçün inzibati yollara əl atmalı olacaq. Artıq belə xəbərlər var ki, bəzi inhisarçı oliqarx məmurların “əl-ayağı”nın yığışdırılması prosesi başlayıb. Onların ciddi gəlirləri əlindən çıxarılıb və proses  iqtidarın iqtisadi siyasətini az qala sabotaj edən məmurların hətta həbsi ilə də nəticələnə bilər.
Qəzetimizə çatan bilgilərə görə, yaxın günlərdə gömrük sistemi ilə təmin edilən bir sıra monopol istiqamətlərdə liberallaşma olacaq. Bir sıra gündəlik tələbat təyinatlı mallarla yanaşı, digər əmtəə çeşidləri də monopoliyalardan çıxarılmaqla, ucuzlaşdırılacaq. Ən azından, siyasi hakimiyyət bu cür qərar verib. Əks halda, ölkədə yaranan sosial gərginlik seçki ilində mövcud hakimiyyətə qarşısıalınmaz və geriyədönməz problemlər yaradar. Bunları da hesablamaq o qədər də çətin deyil…

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …

Bir cavab yazın