Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Atatürk Mərkəzi” əməkdaşının Göyçə haqda kitabına sərt etiraz – Qalmaqal

“Atatürk Mərkəzi” əməkdaşının Göyçə haqda kitabına sərt etiraz – Qalmaqal

Bu günlərdə çapdan çıxmış “Haqq-nahaq seçilər haqq divanında” kitabı qərbi azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb olub. 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz ediblər.

Məsələnin maraqlı tərəfi odur ki, kitabın müəllifi Atatürk Mərkəzində çalışan Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.

Toplantıda jurnalist Mürvət Yusifov, şair Niftalı Göyçəli, tədqiqatçı-jurnalist Qabil Zimistanoğlu, el ağsaqqalı Sahib Musayev çıxış edərək kitabın çapının bir missiya olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, 2017-ci ilin iyununda çap olunan kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir. Sual edirlər ki, müəllif həmin sənədləri hansı yolla əldə edib. Və həmin sənədlərə istinad edib Azərbaycan tarixini saxtalaşdıranlara dəstək verməkdə məqsədi nədir?

Kitaba elmi redaktorluq edən Nizami Cəfərov da, rəyçi Ə.Şamil də bu mənbəni etibarlı mənbə kimi qəbul ediblər. Qeyd edək ki, kitabda Göyçədə yaşayıb-yaradan ustad sənətkarlardan Ağ Aşıq Allahverdinin, Aşıq Alının, Dədə Ələsgərin doğum tarixləri saxtalaşdırılıb və onların həyatları haqda yanlış, aşağılayıcı məlumatlar verilib. Məsələ təkcə bununla bitməyib. Göyçədə yaşayan yerli türk əhalisinin sayı kəskin şəkildə azaldılıb. Bu kitabı oxuyan və tarixi bilməyən şəxslər elə hesab edər ki, uzun əsrlər Göyçədə ermənilər və qeyri-türklər yaşayıb. Oğuzların məskəni olan Göyçədəki oğuz türkləri haqda heç bir məlumat yoxdur. Kitabda yer alan erməni mənbələrinə istinadlardan belə nəticə hasil olur ki, türklər bu mahalda çox az olublar və hətta gəlmədilər. Burada müəllifin milli təfriqəni süni şəkildə qızışdırmaq cəhdləri də hiss olunur. Ümumiyyətlə, kitab təhriflər və saxtakarlıqlarla zəngindir.

Image result for Nizami Cəfərov

Kitabda yazılanlara görə, Göyçə mahalında 999 ailə yaşayıb. Kitaba etiraz edənlər deyirlər ki, Göyçədə 999 deyil, qat-qat çox ailə yaşayıb və mütləq əksəriyyəti yerlilər – yəni türklər olub. N.Əhmədli həmin ailələrin 227 nəfərinin kürd olduğunu erməni mənbələrinə istinadən qeyd edir. Bundan başqa, Göyçədə olmayan erməni kəndlərinin adlarını da kitabda yazır. Əslində isə Göyçəyə 9 erməni ailəsi 1831-ci ildə köçürülüb. Onları da yerli əhali qəbul etmək istəməyib. Çar Rusiyası isə həmin erməni ailələrin sənətkarlardan ibarət olduğunu qabartmaqla yerli əhalini sakitləşdirib.

Müəllif kitaba elə kəndlərin adlarını daxil edir ki, həmin kəndlərin əksəriyyətində ya kürdlər yaşamayıb, ya da həmin kəndlər Göyçədə mövcud olmayıb. Ağ Aşığın da kürd tayfasına mənsub olduğu qeyd edilib. Ağ Aşığın nəvəsi, Türkiyənin nüfuzlu universitetlərinin birində dərs deyən professor Elbrus Cəfərov N.Əhmədliyə onun baba, nənə tərəfdən kürdlərlə heç bir əlaqələrinin olmadığını, babası Ağ Aşığın türk oğlu türk olduğu barədə məlumat verib. Buna baxmayaraq, müəllif elə yazdığının üzərində dayanır və bildirir ki, onun istinad etdiyi erməni mənbələri etibarlıdır.

Image result for Nazir Əhmədli

N.Əhmədlinin iddiasına görə, Aşıq Ələsgər 105 yaş deyil, 74 yaş, Aşıq Alı 110 deyil, 77 yaş və Ağ Aşıq isə 106 deyil, 78 yaş yaşamışdır. Hətta bunula kifayətlənməyib, ustadların həyatları ilə bağlı müəyyən məqamları da fantaziyalarını işə salaraq, yanlış şəkildə oxuculara təqdim edir.

Kitabda həmçinin Göyçədə mövcud olan yer-yurd adları da təhrif olunmuş şəkildə verilib. Əlavə olaraq, göyçəlilərə məlum olmayan erməni kəndlərinin adları salınıb. Bir sözlə, Azərbaycanın tərkib hissəsi olan Göyçə tarixi, ədəbiyyatı, coğrafiyası ciddi şəkildə təhrif olunub. Hətta müəllif iddia edir ki, onda Göyçə ilə bərabər Qərbi Azərbaycanın 15 mahalının da kameral siyahısını əks etdirən sənədlər var. Vaxtaşırı bunlar çap olunacaq. Bu isə tədbir iştirakçılarında belə bir sual yaradır ki, N.Əhmədli Ermənistan Milli Arxivinə hansı yolla daxil olub, onun istinad etdiyi və etibarlı sənəd hesab etdiyi məlumatı necə əldə edib? Onun istifadə etdiyi sənədlərin hüquqi statusu varmı? Bir də bu kitablar dövlət səviyyəsində nəşr olunmursa, N.Əhmədli çap etdirəcək maliyyə qaynaqlarını haradan tapır? Ona sosial şəbəkədə bu tipli suallar verilsə də, müəllif tərəfindən cavabsız qalıb, yaxud manevrlərdən istifadə edərək sualdan yayınır, sual verənlərlə qovğa edir.

Tədbirdə professor Mubariz Quliyev, Beynəlxalq Rəssamlar İttifaqının üzvü Nağdli Xəlilov, Qarabağ əlili, Heydər Əliyevin “canlı qəhrəmanlıq eksponatı” adlandırdığı Arif Məhərrəmov, Göyçə ziyalılarından Oruc müəllim, Koroğlu Qasımov, Təvəkkül Cəmilli, Müzahim Mehvalıoğlu, Dədə Ələsgərin nəticələri Xətai Ələsgərli, Nizami Ələsgərli, Sona Ələsgərova, Nəcmədin Məmmədov və başqaları çıxış ediblər. Çıxış edənlər kitabda dərc olunan məlumatların saxta, ermənilərin maraqlarına uyğun, milli maraqlara zidd olduğunu, uzun illər Göyçə folklorunu araşdıran və ustadların irsinin toplanması ilə məşğul olanların hamısının çəkdikləri zəhmətin üzərindən xətt çəkildiyini qeyd edirlər.

Müəllifin iddiasından bu qənaətə gəlmək olur ki, 1972-ci ildə o zaman Azərbaycan MK-nın katibi olmuş H.Əliyevin ustad sənətkarın 150 illik keçirilən yubileyi, Ermənistanda və Moskvada keçirilən yubiley tədbirləri saxta rəqəmlər əsasında keçirilib. Yəni bir sözlə, bu kitabda hər şeyin üzərindən qırmızı xətt çəkilir. İttifaq dövründə bu siyahının yada düşməməsi, indiki Ermənistandan soydaşlarımız deportasiya olunduğu 30 ilə yaxın bir müddətdə erməni arxivlərinin birdən-birə açılması və 16 mahalın əhalisinin kameral siyahısının N.Əhmədlinin əlinə necə keçməsi tədbir iştirakçılarında təəccüb doğurur.

Tədbirdə Sabutay Hacıyevin çıxışı xüsusilə diqqət çəkib. Onun bildirdiyinə görə, şəxsi əlaqələri vasitəsilə Rusiya Federasiyasının Mərkəzi Dövlət Arxivində dəyərli bir məlumat əldə edib. 1879-cu ildə Rusiya imperiyasında çar I Nikolayın əmri ilə əhalinin siyahıya alınması aparılıb. Həmin vaxt Göyçə mahalı Novo Bəyazid uyezdinə daxil olub. Hazırda həmin arxiv Moskva şəhəri, Bolşaya Piroqovskaya küçəsi 17-də yerləşir. Novo Bəyazid uyezdinin tərkibində olan Ağkilsə kəndi ilə bağlı olan sənəddə Ələsgər Alməmməd oğlu ( yəni Aşıq Ələsgər) 58, həyat yoldaşı Anaxanım isə 50 yaşında göstərilib. Hesablayanda isə Aşıq Ələsgərin doğulduğu tarix tədqiqatçıların hesabladığı kimi 1821-ci illə üst-üstə düşür. N.Əhmədlinin istinad etdiyi ermənilərin saxtalaşdırdığı sənədlərin saxta olduğu bir daha üzə çıxır.

Sonda çıxış edənlər kitaba AMEA Folklor İnstitutunun, Azərbaycan Aşıqlar Birliyinin, Dil və Ədəbiyyat, Tarix institutlarının rəsmi münasibət bildirməsini istədilər.(musavat.com)

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın