Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəmiyyət / “Atam məni evə həbs etdi, anama da tapşırdı ki…” – “Məşhur uşaqlar”

“Atam məni evə həbs etdi, anama da tapşırdı ki…” – “Məşhur uşaqlar”

“Məşhur uşaqlar” rubrikası tanınmış sənətçilərin uşaqlıq xatirələrinə işıq tutur.

Bu dəfə uzun illərdir Türkiyədə yaşayan əməkdar incəsənət xadimi, aktrisa, rejissor Məlahət Abbasova Teleqraf.com-la uşaqlıq fotolarını və xatirələrini bölüşüb.

“Ailədə beş uşaq olmuşuq: üç bacı, iki qardaş. Evin ikinci uşağıydım. Uşaqlığım Pirşağı qəsəbəsində “Sovxoz 2” deyilən ərazidə keçib.

İndiki uşaqlar kompüterin başında böyüyürlər, əllərindən telefon düşmür. Amma o vaxtlar bunlar yox idi. Ona görə bizim bütün boş vaxtlarımız küçələrdə keçirdi. “Sovxoz uşağı” necə böyüyürsə, mən də elə böyümüşəm. Yağışın altında islanana qədər, qara bata-bata qartopu oynayardıq. Hələ “Klas-klas”ı, futbolu demirəm. Mən də nədənsə həmişə qapıçı olurdum. Yəni tam kənd uşağı kimi böyümüşəm.

Toyuq-cücələrimiz, qoyun-quzularımız, həyətimizdə Alabaş adında köpəyimiz də var idi. Atamla anam işlədiyi üçün Sovxozda sırayla qoyun otarırdıq. Mən də qoyun otarmışam. Mənə görə çox gözəl uşaqlığım olub”.

“İndiki həyatım xəyallarıma gəlməyən bir həyatdır”

“Uşaq Məlahət üçün darıxıram. Uşaqlıq şəkillərinə də tez-tez baxıram. Başqa ölkədə olmaq xatirələrimizin həmişə təzə qalmağına səbəbdir. Çünki vaxtaşırı keçmiş günləri xatırlayırsınız.

Uşaq Məlahətin arzuları, xəyalları var idi. İndi o uşaq Məlahətə demək istədiklərim çoxdur: xəyal etdiyi bir yerdəyəm. Hətta xəyalını belə düşünmədiyin bir yerdəyəm. Başqa bir ölkədə o vaxt xəyal belə edə bilmədiyim sənət insanları ilə artıq çox yaxın dostam. Onlarla bərabər işləyirəm, vətənimə, xalqıma daha xeyirli işlər görürəm. Bu gün Azərbaycan mədəniyyəti, teatr və kino sənətini qardaş bir ölkədə tanıtmağa çalışıram. Bəlkə uşaq Məlahət bunları heç vaxt xəyal etməmişdi. İndiki həyatım xəyallarıma gəlməyən bir həyatdır.

Sevinirəm ki, o uşaq Məlahət xəyallarının arxasınca getdi və bu gün həyatımda var olan hər şeyə görə Allahıma şükürlər edirəm”.

“Qatar bələdçisi olmaq istəyirdim”

“Bütün uşaqlar kimi mənim də arzularım var idi. Atam bizi sirkə, şəhərə gəzməyə aparanda həmişə metro ilə gedib-gəlirdik. Metroda qatar bələdçilərini görüb, onların geyiminə, duruşuna vurulmuşdum. Qızların başlarında şapka, əyinlərində xüsusi geyimləri olurdu. Metroda ancaq onlara baxırdım. Özümü onların yerində görürdüm. İlk arzum qatar bələdçisi olmaq idi. Hətta “Liftçi qız” filmində Xuraman Qasımovanın oynadığı lift bələdçisi obrazı istəyimi, həvəsimi daha da artırmışdı. Sonra öyrəndim ki, qatar bələdçisi olmaq üçün universitet bitirmək lazım deyil. O zaman həvəsdən düşdüm, çünki ən böyük istəklərimdən biri universitet tələbəsi olmaq, təhsil almaq idi.

Bir dönəm tarixə də həvəs göstərdim. Mənim dayım tarix üzrə çox bilikli insan idi. O, mənə bir sual verirdi, cavabını bilməyəndə deyirdi ki, get 5-ci sinfin kitabını aç, filan səhifədə sualıma cavab tapacaqsan. Mən də onun kimi tarixi öyrənmək istəyirdim. İndi sənətçi olsam da, tarixə yenə də həvəsim var. Hər hansı romanı oxuyanda, kino və seriala baxanda mütləq tarixi ilə maraqlanıram. Tarixçi olmaq həvəsim İncəsənət Univeristetinə daxil olana qədər davam etdi.

“İlk həvəsim Şahmar Ələkbərovla başladı”

“5, yaxud 6-ci siniflərdə mənim birdən-birə sənətə qarşı meylim yarandı. Çünki anamın ən yaxın qohumu Şahmar Ələkbərov idi. Onun qardaşları nənəmgilə tez-tez gəlirdi, eyni ilə onlar da gedirdilər. Yəni ailələr arasında get-gəl olurdu. Mənim heç vaxt Şahmar müəllimlə tanışlığım olmayıb. Amma hər dəfə Şahmar bəyin oynadığı filmlər nümayiş olunanda ailəlikcə oturub baxırdıq. Beləcə ilk həvəsim Şahmar Ələkbərovla başladı.Ətraflı

Telman Adıgözəlovla Firəngiz Mütəllimovanın televiziyada bərabər verilişi yayımlanırdı. O verilişin də mənə təsiri olub.

Ən son qərarımı verdiyim günü isə çox dəqiq xatırlayıram. “Uzaq sahillərdə” filminə baxdım və yadıma gəlir ki, filmin və Anjelikanın təsiri altında qaldım. Anjelika obrazını çox sevdim. Hətta xatırlayıram ki, evdən çıxdım, bostanımıza gedib, orada çox ağladım. Günorta vaxtı, yağışlı gündə “aktrisa olacağam” qərarını verdim. Amma paralel olaraq tarixi də istəyirdim.

İncəsənət Universitetinin imtahanları tez başladığına görə sənədlərimi verdim, düşünürdüm ki, özümü sınayım, keçə bilməsəm tarix üzrə təhsil alacam. O dönəm hətta tarix üzrə hazırlığa da gedirdim.

Tale elə gətirdi ki, mən ən yüksək balla – üç beş, iki dörd qiyməti ilə universitetə daxil oldum. İmtahanı Şəfiqə Məmmədova götürürdü. Və beləliklə qarşımda başqa bir dünyanın qapıları açıldı”.

“Səhəri günü bütün məktəb, Sovxoz məndən danışırdı”

“Uşaqlıq xatirələrim çoxdur. Sovxozda asfalt yox idi. Hər yağış yağanda küçə palçıq olurdu. Biz uşaqlar da palçıqdan oyunlar oynayırdıq. Qonşu qızları ilə palçıqdan evlər tikərdik. Zarafatlaşmaq üçün bir-birimizə palçıq da atardıq. Üstümüz-başımız palçıq içində evə gələndə anam çox əsəbləşirdi. Hətta məni vurduğu da olmuşdu.

Həyətimizin yanında pişik balaları var idi, biz vedrənin içində ocaq qalayıb, onları qızdırırdıq. Mən də taxtalardan yuva tikib pişik balalarını onun içinə yerləşdirirdim. Qonşunun uşaqlarından biri o pişiyi götürüb vedrənin içindəki ocağın içinə atdı. İndiyə kimi xatırlayıram, uşaq olmağıma baxmayaraq əlimi vedrənin içinə salıb, yanan ocaqdakı pişiyi götürüb əzizlədim. Bu xatirəmi heç vaxt unutmuram.

O zamanlar məktəblərdə gül əkmək, gül sulamaq ənənəsi var idi. İlk müəllimimiz Münəvvər xanımdan xahiş etmişdim ki, o işi mənə tapşırsın. O da razılıq vermişdi.

Məktəbdə yaxşı oxuyan şagirdlərdən biri olsam da riyaziyyatdan çox zəif idim. Mənim atam çox mühafizəkar idi: vaxtında evə gəlməliydik, saat 6-7-dən sonra qətiyyən çöldə olmazdıq.

Bir gün məndən vurma cədvəlini soruşdu, mən də hər şeyi səhv söylədim. Yanvar ayında 12 günlük tətilimiz var idi, atam məni evə həbs etdi, anama da tapşırdı ki, Məlahət evdən çıxsa, mənə deyərsən. Mən isə atamdan çox qorxurdum. Qorxudan 12 gün riyaziyyatla məşğul oldum.

Məktəbimizə tez-tez şairlər qonaq gəlirdilər. Nəriman Həsənzadə, Tofiq Bayram, Arif Süleymanov və digərləri.

Yadımdadır, Nəriman Həsənzadənin məktəbimizdə yaradıcılıq gecəsi keçirilmişdi. Həmin gecədə şairin bir şeirini söyləmişdim. O da “Günün ekranı” verilişində yayımlanmışdı. İlk dəfə məhz onda televiziyaya çıxdım. Onun səhəri günü bütün məktəb, Sovxoz məndən danışırdı.

O günləri xatırladıqca çox duyğulanıram. Uşaqlığım gözəl, qayğısız idi…”


Həmçinin oxuyun

Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”

Yay mövsümündə tez-tez rastlaşılan problemlərdən biri də rayonlara istirahətə gedən vətəndaşların dələduzluq qurbanı olmasıdır. Belə …