Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Cəmiyyət / “Aşurada uşaqları dərsdən yayınan valideynlər məsuliyyət daşıyacaq”

“Aşurada uşaqları dərsdən yayınan valideynlər məsuliyyət daşıyacaq”

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Suraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə “Milli Təhlükəsizliyə Əsas Təhdidlərdən biri-Dini ekstremizm” mövzusunda konfrans keçirib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, Azərbaycandakı sabitliyi və inkişafı istəməyən müəyyən xarici dairələr respublikamıza qarşı pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Azərbaycandakı bəzi gənclər bu kimi dairələrin, ekstremist təşkilatların yalan vədlərinə aldanaraq radikal təsirlərə məruz qalırlar.

Bu səbəbdən Komitənin dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verdiyini deyən sədr müavini vurğulayıb ki, ölkəmizə qarşı yönəlmiş bu təhdidləri nəzərə alaraq, vətəndaşlara da ayıq olmaq, dini məlumatlar alan zaman olduqca diqqətli olmaq tövsiyə edilir. Xüsusilə sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil. Vətəndaşlara yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazə verdiyi dini kitablardan istifadə etməyi tövsiyə edir.
S. Heydərov eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura günü ilə bağlı tövsiyələrini də verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar.Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.
Sədr müavini onu da vurğulayıb ki, son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edilir. Aşura mərasimi qanunlara riayət edilərək, sivil formada keçirilir. Bu il də Aşura mərasiminin daha sivil formada keçiriləcəyi gözlənilir.

Dövlət Komitəsinin sədr müavini sonda hər kəsi Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verəcəyi fətva və tövsiyələrinə riayət etməyə çağırıb.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov çıxışında bildirib ki, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca bu problem olub. Onun sözlərinə görə, nə qədər dindən siyasi məqsədlər üçün istifadə olunacaqsa dini radikalizm də müəyyən formalarda özünü göstərəcəkdir. Ona görə də bütövlükdə dövlət orqanları və cəmiyyətimiz dini radikalizmlə mübarizədə fəaliyyət göstərməlidir.
Administrasiya rəsmisi qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir. Pənah Cahangirov bildirib ki, hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, dünyanın hər bir nöqtəsində islam dağıdıcı din kimi təqdim edilməyə çalışılır. Əl-Qaidə, İŞİD, Boko Haram, Ən-Nüsra terror təşkilatları islam dinini ləkələmək üçün yaradılıb. QMİ-nin sədr müavini əlavə edib ki, din pərdəsi altında müxtəlif dövlətlərdə siyasi sabitlik pozulur. Azərbaycanda isə buna heç bir zaman yol verilmir. Hacı Fuad Nurullayevin sözlərinə görə, dindarlar və dövlət qurumlarının nümayəndələri birgə müzakirələr əsasında çalışırlar.

Daha sonra Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov və Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev hüquq-mühafizə orqanlarının dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib.

Xatırladaq ki, bu il Məhərrəmlik sentyabrın 11-də başlayır.

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …