Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Aşura donorluğunun acı reallığı – qanında virus olan yüzlərlə insan var…

Aşura donorluğunun acı reallığı – qanında virus olan yüzlərlə insan var…

Rəqəmlər ildən-ilə artır, ekspertlər həyəcan təbili çalır

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qan verən 169 nəfərdə virus aşkarlanıb. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uygun olarag zərərsizləşdirilib.

“Yeni Müsavat” xatırladır ki, ötən il Aşura günündə keçirilən qanvermə aksiyasında da nəticələr ürəkaçan deyildi. Keçən il qan verən 5539 nəfərin birində QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanmışdı.

Tanınmış həkim Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, təkcə Azərbaycanın yox, dünya səhiyyəsinin problemləridir. Onun sözlərinə görə, bu viruslar çox yayılıb və son zamanlar onların aşkarlanması üsulları təkmilləşib: “Dünya əhalisinin 2 faizə yaxını bu viruslara yoluxub. Müxtəlif ölkələrdəki sosial vəziyyətdən asılı olaraq, virusa yoluxma halları da müxtəlifdir. İnkişafı aşağı olan ölkələrdə yayılma daha yüksəkdir. Bütün xəstəliklərin zamanında aşkarlanması müalicə baxımından əhəmiyyətlidir. Belə bir misal var: ən yaxşı müalicə xəstələnməməkdir. Təəssüf ki, hər zaman buna nail olunmur. Virus patologiyaları uzun müddət heç bir əlamətlə özünü göstərməyə bilər. İnsanda heç bir siqnal yoxdursa, bunu necə müəyyən etmək olar?”

Zülfüqar Yusifov ile ilgili görsel sonucu

Z.Yusifov bildirdi ki, mütəmadi screeninq yoxlamalar olmalıdır. Onun sözlərinə görə, yük vətəndaşın öz üzərinə düşür: “Vətəndaş maariflənməlidir. Tək maariflənmə yetərli deyil. Lazım olan dövlət proqramları, lazımi dövlət proqramlarının layihələri var. Sığorta məsələsi ilk sırada dayanır. Dünyada bu kimi hadisələri irəli aparan təkcə mədəniyyət deyil, iqtisadi maraqlardır. Avropada bəzi ölkələr var, 40 yaşına çatanda screenin müayinəyə aparmırlarsa, polis gücü ilə aparılır. Sığorta iqtisadi olaraq hesablayır ki, 40 yaşında insanı yoxlayanda müəyyən problemlər aşkarlanırsa, ortaya çıxan problemə X vəsait xərclənəcək. Bu müayinə 50 yaşında aparılanda isə müalicəyə X+ xərc tələb edilir”.

Müsahibimiz eyni zamanda hepatit və digər qanla yoluxan viruslardan qorunmaq üçün lazımi tədbirlər barədə də danışdı. Dedi ki, tibbi prosedurlara gedən insanlar diqqətli olmalıdır. Evdə iynə vurdurma halları, eləcə də cinsi yoluxma halları nəzərdən qaçırılmamalıdır: “Bu məsələdə təbii ki, immun sisteminin əhəmiyyətini nəzərə almalıyıq. Virusa yoluxan hər kəs xəstə olmur. Bu xəstəliklərin inkubasiya dövrü 6 həftədən 6 aya qədər davam edir və orqanizmdə yuva qurur. Gündəlik həyatımızda birdəfəlik alətlərdən, tibb müəssisələrində strelizasiya alətlərindən, cinsi münasibətlər zamanı isə qoruyucu vasitələrdən istifadə olunmalıdır. İlk növbədə 6 aydan bir laborator müayinələr aparılmalıdır. Tək bunlar yox, adi bir qan analizi alanda belə, bu məqamlar üzə çıxır. Trombositlərin aşağı olması Hepatit virusunun xəbərçisidir. Hepatit B və Hepatit C virusları təhlükəlidir. Amma Hepatit C sürətli və təhlükəlidir. İkisinin də müalicəsi ciddi addımlar istəyir”.

Həkim bildirdi ki, hepatitlərin bütün yoluxmaları təhlükəli və ölümcül deyil. Onun sözlərinə görə, bir qisim insanlar o göstəricilərlə uzun müddət yaşaya bilirlər: “Ümumiyyətlə, qorxu və panika bu məsələdə neqativ rol oynayır. Əgər bu insanda xəstəlik varsa, insanlar ona doğru heç bir addım atmırlar. Ailə üzvləri ona psixoloji dəstək verməlidilər. Bundan başqa, xəstə özü də, ailə üzvləri də anlaşıqlı şəkildə özlərini yoluxmadan qorumalıdılar.  Bəzən evdə ailə üzvlərinin diş fırçalarının yaxın qoyulması belə bu xəstəliyə yoluxma ilə nəticələnə bilər. Belə ki, diş ətinin qanaması nəticəsində bir fırçadan digərinə virus ötürülə bilər. Ailədə xəstəlik bir nəfərdə aşkarlanıbsa, digər ailə üzvlərinin də yoxlanması vacibdir. Ər-arvad yoxlanmalıdır. Yeni doğulan uşaq varsa, bütün ailə yoxlanmalıdır. Bu, həm də qorunma üçün vacibdir. Hepatit B-nin vaksinləri var. Vaxtında peyvəndləri var. Ən azı Hepatit B-dən 50 faiz qorunma var”.

Bəs hər arzulayan şəxs donor ola bilərmi? “Qan və onun komponentlərinin donorluğu haqqında” qanunda göstərilir ki, anemiyalı xəstələr, şəkərli diabet xəstələri, pirsinq, tatu, yaxud xırda əməliyyat keçirən şəxslər, hətta bir neçə ay əvvəl xaricdə olan şəxslər belə donor ola bilməz. Bundan başqa, qanında hansısa xəstəlik çıxan insanın adı “qara siyahı”ya salınır və həmin şəxs heç vaxt donor ola bilməz. Ümumiyyətlə, hər donordan maksimum 400 ml qan götürülə bilər. Götürülən qan səkkiz saatdan sonra, qan kürəciklərinin hamısı isə bir aydan sonra bərpa olunur. Qadınlar il ərzində 4 dəfə, kişilər isə 5 dəfə donor ola bilər. Mütəmadi şəkildə donorluq edən şəxslərdə ürək qan-damar xəstəlikləri, hipertoniya və digər xəstəliklərin rast gəlmə riskləri digərlərinə nisbətən 5-10 dəfə aşağı olur.

Şəxs qəsdən öz xəstəliyini gizlətdikdə və bu hərəkətin nəticəsində resipiyentin (qan köçürülən şəxsin) sağlamlığında pozuntular, dəyişikliklər əmələ gələrsə, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyır.

Donorlar tibbi müayinədən keçdikləri və qan, onun komponentlərini verdikləri gün mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əmək haqqı saxlanılmaqla işdən azad olunurlar. Donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …