Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / ASLAN İSMAYILOV SOROS ADLI KÖHNƏ DOSTUNDAN İMTİNA EDİR?

ASLAN İSMAYILOV SOROS ADLI KÖHNƏ DOSTUNDAN İMTİNA EDİR?

Son günlərin aktual mövzularından biri də, bəzi xarici media quruluşlarının Azərbaycana qarşı səlib yürüşü təşkil etməsi ilə bağlıdır. Qeyd edək ki, xarici mətbuatda dərc edilən yazılar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Müxalif cameə həmin yazılardan öz xeyrinə dividentlər qazanmaq üçün dəridən-qabıqdan çıxır. Müstəqil və iqtidara yaxın olan çevrələr isə ölkəmizə qarşı təşkil olunan və artıq kampaniya şəkili almış hücumlara birmənalı münasibət bildirmir. İkincilər hesab edir ki, bəzi dünya gücləri tətbiq edilən bu sayaq informasiya presinqi vasitəsilə Azərbaycanı hansısa güzəştlərə vadar etmək istəyirlər. Əslində, biz ölkə olaraq belə media şantajları ilə birinci dəfə deyil ki, rastlaşırıq. Adətən Azərbaycanda mühüm tədbirlər keçiriləndə, ölkəmizin imicinə müsbət təsir edən hadisələr baş verəndə belə vasitələrlə təzyiqlər daha da aktuallaşır və intensiv hal almağa başlayır. Verilən rəsmi reaksiyalardan da görünür ki, Azərbaycan hakimiyyəti onun dabanına atılan daşın hansı ünvandan çıxdığını dəqiq müəyyən edib. Gəlin, bu mövzu ilə bağlı rəsmi Bakının mövqeyini ifadə edən bəyanatla tanış olaq.

Azərbaycan Prezidentinin mətbuat xidməti sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar yaydığı bildirilib ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur:

“Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır. Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.

Göründüyü kimi, Azərbaycanın rəsmi mövqeyini əks etdirən bu münasibətdə ölkəmizə qarşı həyata keçirilən məkrli planı təşkil edən şəxsin dəqiq adı verilir və qeyd edilir ki, onun əməlləri ciddi şəkildə araşdırılmalıdır. Avtomatik olaraq sual meydana çıxır: bəs, Azərbaycanda necə, Sorosun əlaltıları, əməkdaşlıq etdiyi adamlar varmı? Bu suala kiminsə verəcəyi yox cavabı ironik qarşılana bilər. Çünki heç kimə sir deyil ki, Soros uzun müddət Azərbaycandakı fərdlər və bəzi QHT-lərlə yaxından əməkdaşlıq edib.

Foto: Mürvət Həsənli

Bu xüsusda apardığımız araşdırma zamanı diqqətimizi vacib bir məqam cəlb etdi. Tanınmış iş adamı Mürvət Həsənli bununla bağlı Azərbaycan hökumətinə araşdırmalı olan dəqiq ünvanı göstərib və Corc Sorosun özü kimi “saxtakar, fırıldaqçı, yalançı imicini qazanan” Azərbaycandakı adamlarının da fəaliyyətinin araşdırılmasına çağırıb. İş adamı bununla bağlı Prezident İlham Əliyevə müraciət göndərmək niyyətində olduğunu bildirib və müvafiq dövlət orqanlarını bu məsələyə diqqət ayırmağa səsləyib :

“Heç kimə sirr deyil ki, özünü hüquqşünas kimi təqdim edən Aslan İsmayılov Soros Fondu ilə əlaqələrini heç zaman gizlətməyib. Hətta nəinki gizlətməyib, bu barədə hər zaman uca səslə və fəxrlə danışıb. Şəxsən mənim özümə bildirmişdi ki, onun Amerikada Saakaşvili ilə birlikdə oxumasının səbəbkarı Corc Sorosdur. Demişdi ki, Soros onları öz ölkələrinin növbəti prezidentləri kimi hazırlayıb, guya özünün azı 3 dəfə Azərbaycan prezidenti olmaq şansı olub və sairə. İndi həmin bu Soros Azərbaycana qarşı, onun rəhbərliyinə qarşı belə çirkin kampaniya aparır və onu maliyyələşdirirsə, Aslan İsmayılov kimi Soros Fondu ilə əlaqələrindən ağızdolusu danışan adamlar necə məsuliyyətdən, diqqətdən kənarda qala bilərlər? A.İsmayılov illərdir Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun rəhbərliyinə qarşı fəaliyyətlə məşğuldur. Kim zəmanət verə bilər ki, onun bu fəaliyyətinin arxasında elə Sorosun iradəsi dayanmayıb? Bu səbəbdən hesab edirəm ki, müvafiq orqanlar Aslan İsmayılovun fəaliyyətini, onun Soros Fondu ilə əlaqələrini dərindən araşdırmalıdırlar”.

Yəqin ki, Aslan İsmayılovun iş adamının bildirdiyi mövqeyə münasibəti belə olar ki, Mürvət Həsənli onunla aralarında olan ziddiyyət səbəbindən qərəzli danışır. Tutaq ki, bu versiyanı da, ani olaraq qəbul edək. Ancaq bizim internet üzərindən apardığımız araşdırmalardan bəlli olur ki, Aslan İsmayılovun özünün verdiyi müsahibələrdə Sorosla münasibətlərinin yüksək səviyyədə olduğunu etiraf edir, hətta onun dəstəyilə təhsil aldığını belə gizlətmir. Məlumat üçün bildirək ki, Aslan İsmayılov sosial medianın imkanlarından məharətlə istifadə etməyi bacaran adamdır. Ölkədə baş verən ən xırda məsələyə belə öz Feysbuk səhifəsi vasitəsilə münasibət bildirən Aslan İsmayılov nədənsə, Azərbaycanın rəsmən dələduz, fırıldaqçı adlandırdığı dostu Soros barədə heç nə yazmır. Hər halda, Aslan İsmayılovun nümayiş etdirdiyi bu nümunə də etik sayılmır. İnsan ya öz dostunu müdafiə etməlidir, ya da ondan imtina etdiyini açıq deməlidir. Biz Soros mövzusu ilə bağlı Aslan İsmayılovun hazırda isterik vəziyyətə düşdüyünü də anlamaq gücündəyik. Ancaq konkret məqamda mövqesizlik nümayiş etdirmək də, yaxşı hal sayıla bilməz.

İstənilən halda, Azərbaycanın əlaqədar qurumları ölkəmizə qarşı qarayaxma kampaniyasına rəhbərlik edən Sorosun burdakı əlaltılarını və onunla yaxından əməkdaşlıq edən şəxslərin də ifşa olunması istiqamətində zəruri araşdırmalar aparmalıdır.

M.MİRZƏ
Azinforum.az

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …

Bir cavab yazın