Ana səhifə / Cəmiyyət / Aşığı Arxeologiya İnstitutuna baş direktor qoyublar

Aşığı Arxeologiya İnstitutuna baş direktor qoyublar

“Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır”.

Bu barədə professor, Milli Şuranın sədri Cəmil Həsənli paylaşım edib.
“Uzun müddət arxeologiya və etnoqrafiya Azərbaycan tarix elminin qabaqcıl sahəsi olub. Ötən əsrin 50-60-cı illərindən bu sahədə oturuşan milli kadrlar sözün tam mənasında “tarix yazıblar”. Saleh Qazıyev, İsaq Cəfərzadə, Ömər İsmizadə, Qələndər Aslanov, Ələsgər Ələkbərov, İdeal Nərimanov, Osman Həbibullayev, Rəhim Vahidov, Qara Əhmədov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Məmmədəli Hüseynov, İlyas Babayev, Vəli Əliyev, Qüdrət İsmayılzadə, Aləm Nuriyev, Fərman Mahmudov, Fazil Osmanov, Firuzə Muradova, Əsədulla Cəfərov, Azad Zeynalov və sizlərin də yaxşı tanıdığı sonrakı nəsillər. Eyni sözü etnoqraf alimlər haqqında da demək olar. Bunlar hamısı elmdə böyük nüfuzu olan alimlər idi.
Belə böyük elmi potensialı və ənənəsi olan bir institutun baş direktoru vəzifəsinə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini məzunu Abbas Seyidovu qoyublar. Adamın bioqrafik məlumatlarında göstərilir ki, peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır və hələ üstəlik Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şübhəsiz ki, bunlar müsbət keyfiyyətlərdir, amma elmə elə bir aidiyyəti yoxdur. Abbas müəllimin Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinə dair bəzi çap işləri olsa da (Bax: Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002), daha çox haqqında olan digər nəşrləri daha çox bədii – publisistik məzmun daşıyır. Yəqin ki, Akademiyaya növbəti seçkilər gələndə yəqin ki, baş direktor vəzifəsini tutduğuna və Voronejdə kitabı çıxdığına görə ən azında müxbir üzv də “seçəcəklər”.
Bu azmış kimi İnstitutun icraçı direktoru vəzifəsinə isə Tibb İnstitutunun məzunu Zaur Həsənov təyin edilib. Zaur bəyin qədim tarixlə bağlı bir sıra maraqlı çap işləri olsa da, arxeoloji qazıntılarda, çöl tədqiqat işlərində ciddi bir təcrübəsi yoxdur. Əlavə olaraq baza tarix təhsili yoxdur.
Doğurdanmı bu institutda elmi yönləndirəcək ayrı mütəxəssis yoxdur? Əlbəttə, var. Amma onları irəli çəkən yoxdur. Məsələn, elmlər doktoru Əliağa Məmmədli, adam 1985-1988-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində məşhur arxeoloq, SSRİ EA-nın akademiki Valentin Lavrentyeviç Yaninin rəhbərlik etdiyi Arxeologiya və Etnoqrafiya kafedrasında aspirantura təhsil alıb. Tarix elmləri doktoru Viktor Vladimiroviç Karlovun rəhbərliyi altında aspirantura müddətində namizədlik dissertasiyasını müdafiə edib, sonra elmlər doktoru olub, hal hazırda da Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunda şöbə müdiridir. Mən bunu nümunə üçün göstərdim. Belə misallar çox gətirmək olar.
Deməli Azərbaycan tarix elmində böyük yeri, rolu, töhfəsi, potensialı olan strateji əhəmiyyətli bir institutu tapşırıblar bir gitaraçı ilə bir həkim cərraha, sonra da deyirlər ki, tarix elmi niyə bu vəziyyətə düşüb?”.

Həmçinin oxuyun

Yeni cəza tədbirləri qüvvəyə minir – VİDEO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli …