Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar… – Xalq artistinin faciəvi sonu…

Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar… – Xalq artistinin faciəvi sonu…

Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Oonun haqqında maraqlı faktları təqdim edirik.

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlir. Rejissorlar ona da rol veriblər. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur. Səyavuş Aslan qızı qaçırdır.

Gallery

Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.

Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır…

Gallery

Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Səyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb. Onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik… Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.

Gallery

Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.

Səyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbut yazırdı. O, atasının “Xətai” metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Səyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: “Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb – 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım.”

Gallery

Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: “Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 “şirvan” maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı “şirvan”ı keçib. Həmin vaxt Səyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.

Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.

Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!

Gallery

Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Səyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.

“Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Səyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Səyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.

Gallery

O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun “Adam ol!” filminə. Və sonra peşman olduğunu bildirib.

Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. (kulis.az)

Həmçinin oxuyun

“BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!”

Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə …