““Ağayı sürüşkən” olmağın qadın-kişi fərqi yoxdur. Elələri üçün zaman, vaxt da olmur, “sürüşmə” vaxtını gözləyirlər ki, nə vaxt sürüşəcəklər. Mən kənddə doğulmuşam. Bizim kənddə bir nəfər qıza oxşayan oğlan olanda hamı ondan qaçırdı, üz döndərirdi. Fikirləşirdik ki, bundan əcaib adam yoxdur, hərəkəti, davranışı qadına oxşayır. İndi isə çox qəribədir, bu əcaibləşmə o qədər sürətlə inkişaf edir ki, adam məəttəl qalır. Mən də bu qoca vaxtımda – 60 yaşımda fikirləşirəm ki, görəsən, nəyimi dəyişib bir az cavanlaşım? Təsəvvür edin, Xalq artisti, Əməkdar artist şalvarını, pencəyini daraldır, saqqal yerinə bığ qoyur… Dəhşətlidir. Təəccüblü heç nə yoxdur. Televizor çıxanda fikirləşirdik ki, uşağı baxmağa qoymayaq, gözlərini kor edər. Telefon çıxanda da eyni… Amma bunlar hamısı bəhanədir. Çünki təkcə bizdə deyil, bütün dünya miqyasında belədir. Avropa bu haqq-hesablar çoxdan var. Azərbaycana isə bir az gec çatıb. Ətrafa baxırıq, görürük ki, İlahi, qadın kişiləşib, kişilər də qadınlaşıb. Ən çox mavi ekranlarda, insanların sıx olduqları, mədəni-kütləvi, vacib yerlərdə olurlar. Çünki insanlar nə iləsə yadda qalmaq istəyirlər…”
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış jurnalist, ekspert Anar Vəziroğlu deyib.
“Bəzən biz televiziya ekspertləri bir gün efirə çıxmayanda fikirləşirik ki, nəsə itirmişik. İndi fikirləşin, gündəmdə qalan müğənnilər və digərləri nə hala düşürlər. Bunlar səhər tezdən durmurlar. Günortadan sonra durub gedirlər “podyumlara…”, haralarınısa dəyişməyə. Kitab yox, mütaliə yox. 45 ildir junalistikaya xidmət edirəm, amma yadda qalmıram. Kiminsə haqlı yerə üzünə su çiləyirəm, onu tirajlayırlar. Yəni millətin maariflənməsi o qədər dayazdır ki. Vaxt da sürətlə keçir. Yadıma gəlir, 40 yaşımda deyirdim ki, görəsən nə vaxt qocalacağam. Amma 50-dən sonra günlər çapar at kimi sürətlə gedir. O açıq-saçıq geyinən qadınlar da belədir. Çünki ata-anasının qadağaları ilə böyüyən insanlarda hərcmərclik çox olur. Bu, həmişə belə olub. Onlar bağlı qapı arxasına gedirlər. Nağıllarda da 40-cı otaq həmişə bağlı qapı olub. Hamı da fikirləşir ki, görəsən orada nə var?”, – o deyib.
A.Vəziroğlu bildirib ki, cəmiyyəti dəyişmək üçün əvvəlcə mentalitetdə, dəyərlərdə nəyisə dəyişmək lazımdır: ““Arvadı özündən ay qoçaq Nəbi” nə deməkdir? Arvad necə kişidən qoçaq ola bilər ki, Nəbinin iki yüz nəfərlə gətirə bilmədiyi kişini bir Həcər qaçırıb gətirir? Axı yalandır. “Dərədə yatmış idim, top atdılar, oyanmadım…” Nə qədər dəhşətli bir şeydir… Kökündən bütün bunları dəyişmək lazımdır. Dəyişməsək, qızlarımız bugünkündən daha dəhşətli olacaq. İndi dizdən yuxarı baldıra kimi qaldırıblar, gələcəkdə Allah bilir, nə geyinəcəklər. Kişilər də həmçinin. Ən çox bildikləri şey özlərini qadına oxşatmaqdır. Əzilib-büzülmək… İyrəncdir. İlahi, insan bu qədər iyrənc ola bilərmi? Biz maarifləndirməyə qayıtmalıyıq. Maariflənmə təkcə televiziya, qəzet vasitəsilə olmamalıdır. Uşaqları bağça dövründən formalaşdırmaq lazımdır. Onlara düzgün əqidə, Azərbaycançılıq ideologiyası aşılanmalıdır. Bəlkə, onda düzələr. Televiziyada münsiflərə baxın. Orada təbii neçə nəfər var? Səkkiz nəfərdən, bəlkə, yeddisi hər şeyini dəyişib. Kişi də dəyişib, qadın da. Adam dəhşətə gəlir. Fikirləşirsən ki, sabah oğluma elçi gedəndə görəsən hansı qızı alacağam? Bəlkə, qızın yerinə oğlan çıxacaq? Adam çaşbaş qalıb…”