Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Aqil Abbas Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi

Aqil Abbas Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi

Millət vəkilləri Aqil Abbas və Fəzail Ağamalı Qüdrət Şükürov məsələsinə fərqli münasibət sərgiləyiblər.

Deputat Aqil Abbas “Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovun 400 milyon manat yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb. O, deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməsidir.

Sitat: “Deyilənə görə, 400 milyon yeyinti olub. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, Qüdrət Şükürov nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

A.Abbasın həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Q.Şükürovun yol verdiyi milyonlarla yeyintilərə görə Maliyyə Nazirliyinin ittiham olunmasının əleyhinədir: “Maliyyə naziri Samir Şərifovun üzərinə bu və ya buna bənzər şəkildə haqsız hücumlar olur. Bunun tamamilə əleyhinəyəm. Azərbaycanda maliyyə sabitliyinin qorunub saxlanılmasında, maliyyə sisteminin inkişafında nazir kimi Samir müəllim üzərinə düşən vəzifəni uğurlar yerinə yetirib. Onunla məsafəli münasibətlərim var. İstərdim ki, bu sözlərimin səmimiliyinə və ciddiliyinə hər kəs inansın. Fikirlərimdə subyektiv yanaşmalar qətiyyən yoxdur və ola da bilməz.

Vaxtı ilə Beynəlxalq Bankdakı yeyintiləri də Samir müəllimin üzərinə yönəltməyə çalışırdılar. Mən o zaman da dedim ki, cinayətkarı kənarda qoyub, Samir Şərifovun üzərinə gəlirlər. Büdcədən maliyyələşən qurumların maliyyədən necə doğru və düzgün istifadə etməsi səlahiyyətləri Hesablama Palatasına verilib. Onun sədri Vüqar Gülməmmədov da çox böyük bir ləyaqətlə işini yerinə yetirir. Amma elə məmurlar var ki, onları bu və ya digər şəkildə diqqətdən yayındırırlar, yaxud informasiya gəlmir ki, onları yoxlamaq, fəaliyyətinə nəzarət etmək lazımdır. Ona görə də, mətbuat vasitəsilə bildirirəm ki, liftlərin Bakıda bərbad vəziyyətdə olduğu hər birimizə aydındır. Bununla bağlı yeyintiləri mətbuatdan oxuyuram. Deyirəm ki, bunların məsuliyyəti birbaşa Qüdrət Şükürovun üzərinə düşür. O şəxs bu cinayətə yol verib, pulları yeyib, övladlarına təmtəraqlı həyat qurub. Özü üçün də yüksək səviyyədə həyat qurub. İndi o bu pulu qaytarmalıdır. Eyni zamanda, Qüdrət Şükürov kimi insanlara güzəşt edilməli deyil. Bu pul xalqındır, dövlətindir, hər bir Azərbaycan vətəndaşınındır. Samir Şərifovun üzərinə yönəlmiş ittihamları qəbul etmirəm. Düşünürəm ki, bunlar düşünülmüş şəkildə cinayətkarın cinayətini onun üzərindən götürüb başqa istiqamətə yönəltmək cəhdidir. Bu cür yanaşmalar qeyri-obyektivdir”.

Həmçinin oxuyun

Ayaz Salayev 25 yaşında Ağdamda – FOTO

Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Ağdam rayonundan şəkil paylaşıb.   O, bu barədə “Facebook” hesabında paylaşım …