Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Cəmiyyət / Aprel şəhidinin həyat yoldaşı: “Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi…”

Aprel şəhidinin həyat yoldaşı: “Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi…”

“Ölümündən 3 gün əvvəl Azərbaycan bayrağı ilə çəkdirdiyi şəklini bizə göstərib Vətən uğrunda şəhid olmaq istədiyini dedi”.

Bunu Trend-ə açıqlamasında 2016-cı ilin aprel döyüşlərində şəhid olan Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidova şəhid hərbçimiz haqqında xatirələrini bölüşərkən deyib.

Şəhid ailəsinin üzvü bildirib ki, O.Həmidov hərbi xidmətini başa vurandan sonra 7 il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) çalışıb. Amma 2013-cü ildə yenidən könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb:

“Məqsədi yalnız Vətən, torpaq uğrunda mübarizə aparmaq idi. 2016-cı il martın 29-da evə gəlmişdi. İş yerinə görə Azərbaycan bayrağı ilə şəkil çəkdirmişdi. Axşam cibindən həmin şəkli çıxarıb göstərdi və şəhid olmaq istədiyini dedi”.

E.Həmidova qeyd edib ki, iki oğul atası O.Həmidov həddindən artıq ailəcanlı, vətənpərvər insan idi: “Həmişə Qarabağı azad etmək istədiyindən danışırdı. Onun xidmət etdiyi hərbi hissə təmas xəttinə yaxın olmasa da, könüllü olaraq döyüşə getmək istədiyini bildirib və gedib. Aprelin 2-də Füzuli istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Orxansız çox çətindir, hər axşam elə bilirik ki, işdədir, gələcək. Uşaqları hələ də atasızlığı qəbul edə bilmir. Bu gün Orxanın şəhid olması ilə qürur duyuram, amma onsuz yaşamaq həddindən artıq ağırdır”.

O bildirib ki, şəhid hərbçimiz ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib: “Dövlətimiz bizə bu günə qədər diqqət göstərir. Orxan şəhid olanda yaşayış vəziyyətimiz o qədər də yaxşı deyildi. Evimiz qəzalı vəziyyətdə, köhnə idi. Prezident İlham Əliyevin göstərişi ilə bizə yeni mənzil verildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ailəmiz diqqətdə saxlanılır, mütəmadi olaraq problemlərimizlə maraqlanırlar, yardım edirlər”.

Həmçinin oxuyun

zərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …