Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / ANAMI YUXUDA GÖRDÜM (Xocalı şəhidlərimizə ithaf edirəm)

ANAMI YUXUDA GÖRDÜM (Xocalı şəhidlərimizə ithaf edirəm)

Anamı yuxuda gördüm. Qara saçından dustaq olub üç oğul böyüdən, oxudan, ev-eşik edib saçını ağardan anamı…

Əlləri əsada, çənəsi əllərinin üstündə olan anam çarpayıda əyləşib nəmli, qəmgin və qayğılı gözləri mənə baxaraq danışmağa başladı: «Qəbir əzabı haqq olduğu qədər ağırdır, oğul. Hərə öz günahının dərəcəsinə görə bu əzabı keçirir. Lakin valideynin qəbirdəki halını yüngülləşdirən amillərdən biri də dünyadakı övladların yaxşı işlərilə ona rəhmət oxutdurmasıdır. Bu rəhmətlər dünyasını dəyişən bütün valideynlər kimi mənə də məlhəmdir. Elə isə yaxşılıq edin. Bilin ki, həmin rəhmətlər sizin də qəbir əzabınızı xəfif edər, oğul…»
Tövsiyə və məsləhətlərinin ağırlığından, dünyaya qəbirdən, qəbirdəki əzab və axirətdən verdiyi soraqdan dəhşətə gəlib hövlank oyandım. Saata baxdım. Beşin yarısı idi. «Gördüyüm yuxu doğrudurmu» sualının cavabını tapmaq üçün Buxarinin «Səhih hədislər» kitabını vərəqlədim. Oxudum ki, Peyğəmbər (ə.s.) buyurub: «Ən doğru yuxu səhərə yaxın vaxtda görünəndir. Yaxşı yuxular Allahdan, pis yuxular isə Şeytandandır». Yuxumun doğruluğuna şübhə etmədim. Yuxumun xeyirli olmasına da əmin oldum. Çünki yuxunu səhərə yaxın görmüşdüm və həm də yuxuda anamı görmüşdüm. Məgər «Cənnət anaların ayaqları altındadır» Peyğəmbər (ə.s) kəlamı deyilmi?!

Anamı yuxuda gördüm… Qayğılı, nəmli və çoxmənalı gözlərilə həqiqi aləmdən – qəbirdən mütləq ilahi hesabatın çətinliyi barədə mənə danışan anamı. Vaxtilə dünyaya bir pəncərə, fəqət, indi torpaqdan başqa bir şey olmayan o nəmli gözlər ilahi bir qüdrət ilə qəbir aləmindən dünya adlanan mehmanxanaya baxan, qəbrini və mənim qəlbimi qəbri boyda işıqlandıran və mənəvi işığı ilə mənimlə danışan anam soruşdu: «İlahi əsilləri – axirəti qazanmaq üçün kölgələri – dünyanızı qoruya bildinizmi? Miras, əmanət verilən torpaqlara sahib çıxdınızmı? Xocalıda ağ qar üzərində al qanları ilə «Allahu-Əkbər», «Vətən» yazan Şəhidlərimizin intiqamını aldınızmı? Öldürülən anasının döşünü əmən körpənin taleyi necə oldu? Vətən və haqq uğrunda ölənlərin övladlarına sahib durdunuzmu? Allah evlərini, sizin qəbiristanlıq dediyiniz, bizim isə əməllərin ələkdən keçirilən yer adlandırdığımız qaranlıq və vəhşət əmanətləri geri qaytara bildinizmi? Hesabatlar çox və həm də çətindir, oğul.

Hesabatdan qorxun. Bilin ki, bu bəndə yox, Allah qarşısında hesabatdır. Nə adama baxır, nə də pula. «İtirdiyiniz dəyərləri alanlar hələ atalarının belində, analarının bətnindədir» kəlamına arxayın olmayın. Buna ümid edənlər 200 ildən çoxdur ki, buradadırlar və hələ də hesabat verirlər. Ruhlarımız bu vəhşət aləmində sizdən imdad, kömək diləyir. Verilənlərə orda sahib olun ki, burada hesab verə biləsiniz. Məgər Həzrəti Əlinin kəlamını oxumamısan: «İnsanlar dünyaya sınaq üçün salınırlar, orada nə əldə etsələr hamısının hesabatı burada sorular…»
Bəli, bu yuxu fani, ani və ədalətsiz dünya ilə əbədi və ədalətli axirət arasında bir rabitə idi. Bu yuxu dünya adlanan bir günlük mehmanxananı həmişəlik qalacağımız evimizlə birləşdirən bir körpü idi. Bu yuxu qüdrət aləmi olan axirətdən hikmət aləmi dünyaya göndərilən «heç ibrət alan varmı» mesajı idi. Həmin səbəbdən məsul olduğumuz müqəddəs işləri ataların belində, anaların bətnində olan gələcək nəslə saxlamayaq.

Vaqif CƏLİLOĞLU

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …