Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəmiyyət / AMIP-in YENI SƏDRİ ƏLİ ORUCOV OLACAQ?

AMIP-in YENI SƏDRİ ƏLİ ORUCOV OLACAQ?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayının bu ilin mart ayında keçirilməsi planlaşdırılır. Bu barədə AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. Qurultayın mart ayında keçirilməsinin partiyanın rəsmi qərarı ilə təsdiqlənmədiyini deyən Ə.Orucov qurultayın keçirilmə vaxtının bir qədər uzana biləcəyini də istisna etməyib.
AMİP sədrliyinə kimlərin namizəd olacağı məsələsinə gəlincə isə, Ə.Orucov bildirib ki, qurultayın vaxtı rəsmi təsdiq edildikdən sonra namizədlər öz iddialarını ortaya qoyacaq.
Ə.Orucov partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Partiya sədri olmaq o qədər də asan deyil. Sədr olmaq məsuliyyət tələb edir, eyni zamanda, müəyyən kriteriyalara cavab vermək lazımdır. Partiyada belə potensial şəxslər var. İndidən nəyisə demək tez olardı”.
Qeyd edək ki, AMİP-in sədri Yusif Bağırzadə ötən ilin oktyabr ayında vəzifəsindən istefa verib. O, istefasını səhhətində yaranan problemlərlə əlaqələndirib.
Əli Orucov gənc olmasına baxmayaraq, klassik AMİP-çilərdən sayılır. Onun birdən-birə belə iddia ortaya qoyması təsadüfi sayıla bilməz. Bir sıra vacib parametrlər Əli Orucovun gələcəkdə partiyaya rəhbərlik edə biləcəyini istisna etmir. Əvvəla o gəncdir. Digər tərəfdən isə, mediaya açıq siyasətçidir. Son vaxtlar, demək olar ki, AMİP-in mövqeyini mediada ardıcıl müdafiə edən siyasətçi obrazında görünür. Siyasi baxışlarında praqmatiklik və ardıcıllıq hiss edilir. Əli Orucov eyni zamanda konstruktivdir. Başqa partiyaların liderləri tərəfindən də müsbət qarşılanır. Azərbaycanın ən birinci siyasi partiyalarından olan AMİP-in əsas elektoratını Qərbi azərbaycanlılar təşkil edir ki, Əli Orucovun da əslən məhz həmin bölgədən olması onun şanslarını daha da artırır. Sədrlik iddiasını ortaya qoyan personanın AMİP lideri Etibar Məmmədov tərəfindən də dəstəkləndiyi bildirilir. Hətta bəzi informasiyalara görə, Etibar Məmmədov özünün ən layiqli siyasi varisi parametrlərinə uyğun şəxs kimi məhz Əli Orucovu görür. Əli Orucovun sədr seçilmək şanslarını artıran parametrlərdən biri də bir müddət AMİP-ə sədrlik etmiş Yusif Bağırzadə ətrafında yaşananlardır. Bu praktikadan bir daha sübut olundu ki, kənardan gələn şəxsin AMİP-ə rəhbərlik etməsi heç bir müsbət effektə səbəb olmadı.
Ancaq düşünmürük ki, bu yol Əli Orucov üçün hamar olacaq.
Çünki partiyanın daxilində formalaşan və digər klassiklərdən ibarət olan başqa bir qruplaşma isə tamamilə yeni bir siyasətçinin sədrliyə gətirilməsində maraqlıdır. Hər halda, son sözü qurultay deyəcək.
Əlaqə saxladığımız bəzi klassik AMİP-çilər Əli Orucovun sədr seçilməsinin tərəfdarı olduğunu bildirdilər.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni rəis təyinatları

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin edilib. Daxili işlər naziri, general-polkovnik …

Bir cavab yazın