Ana səhifə / Cəmiyyət / “AMAY Abdulla”nın məhkəməsində obyekt davası…

“AMAY Abdulla”nın məhkəməsində obyekt davası…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış bir neçə nəfər dindirildi.
Zərərçəkən şəxs qismində Nadir Əliyev, Elzamin Məmmədov, Yelena Qocayeva, Saleh Tağıyev, Elşad Tağıyev və Züleyxa Məmmədova ifadə verdilər.
Zərərçəkənlər Abdulla Abdullayevi şəxsən tanımadıqılarını, 2004-2005-ci illərdə “Xudafərin MMC”dən mənzil almaq niyyəti ilə istədiklərini və dıqlarını, müqaviləni “Xudafərin MMC” ilə bağladıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri olmadıqlarını dedilər.
Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Elşad Tağıyev 2005-ci ildə “Xudafərin” MMC-dən 93 kv.m sahəsi olan obyekt aldığını, müqavilə bağladığını və 85 min 560 manat ödədiyini göstərdi: “Bu yaxında isə məlum olub ki, Pərviz adlı bir vəkil mənə məxsus olan obyekti təmir etdirib oturub orada. Mənə də deyir ki, buranı məhkəmə qərarı ilə almışam”.
Bununla da məhkəmə prosesi sabaha kimi təxirə salındı.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın