Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Cəmiyyət / “AMAY Abdulla”: “Məni “Gənclik”dən Hacıbala Abutalıbov köçürüb”

“AMAY Abdulla”: “Məni “Gənclik”dən Hacıbala Abutalıbov köçürüb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri üzrə şahidlər dindirildilər.

Şahid qismində dindirilən Qaradağ sement zavodunun direktoru Əmirağa Xəlilov adıçəkilən zavodun A.Abdullayevə heç bir aidiyyətinin olmadığını dedi, zavodun üzərinə qoyulan həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciət etdi: “Zavodun üzərinə qanunsuz olaraq həbs qoyublar.  Məhkəmədən xahiş edirəm bu həbs götürülsün. Mən bu zavodu sənəd-sübutla 2013-cü ildə Abdulla Abdullayevdən almışam. Ötən ilin aprel ayında Abdullayev həbs olunandan sonra zavodun üzərinə də həbs qoyuldu”.

Şahid qismində məhkəmədə ifadə verən “Əhmədli-çörək” zavodunun keçmiş direktoru Əlirza Abuşov “Texnikabank” dan kredit götürdüyünü, həmin məbləğin “AMAY”-ın tikintisinə sərf olunduğunu dedi: “Mən “Şahdağ” firmasının rəhbəri olmuşam. Pul “AMAY”-ın kassasına keçirildi. Həmin məbləğ tikintini başa çatdırmaq üçün lazım idi və hamısı da qəpiyinə kimi “AMAY”-ın tikintisinə xərclənib”.

A.Abdullayev “Əhmədli-çörək” zavodunu satarkən orada əlavə iki sex də olduğunu, altı-yeddi il keçməsinə baxmayaraq həmin sexlərin sənədlərinin hələ də onlara qaytarılmaması ilə bağlı vəsatət qaldırdı.

“AMAY” firmasının meneceri işləmiş Kazım Həsənov şahid qismində məhkəmədə dindirilərkən istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirdi: “800 min manat kredit götürülməsi ilə bağlı sənədə imza atdım. Kredit götürüldü, sonra da qaytarıldı. Bütün proseslər gözümün önündə baş verib. O pullar “AMAY”-ın tikintisinə xərclənib. İstintaq zamanı hər şeyi olduğu kimi demişəm”.

Şahid qismində dindirilən Nəriman Hacıyev də eyni məzmunlu ifadə verdi. O, ifadəsində “Tac Mahal” firmasının direktoru olduğunu, “Texnikabank”dan 600 min manat kredit götürdüyünü və məbləğin “AMAY”-ın tikintisinə sərf olunduğunu dedi.

Şahid qismində dindirilən “Tyanşan” firmasının rəhbəri Yavər Vəliev təqsirləndirilən A.Abdullayevlə 15 il bir yerdə işlədiklərini, bankdan 1 milyon vəsait götürdüyünü və pulun “AMAY”-ın dam örtüyünün vurulmasına xərcləndiyini bildirdi.

A.Abdullayevin yaxın qohumu Emin Abdullayev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıldığını, istintaq zamanı dindirildiyini, ayrı-ayrı vaxtlarda 1 milyon 200 min manat və 600 min manat kredit götürüldüyünü dedi.

“AMAY” şirkətində müavin vəzifəsində işlədiyini, A.Abdullayevlə yaxın dost olduqlarını, Beynəlxalq Bankla “Texnikabank” arasında borc müqaviləsi olduğunu, 8 milyon 40 min manat kredit götürüldüyünü bildirdi.

Şahid İnqilab Kərimov A.Abdullayevi tanısa da bu işlə bağlı heç bir əlaqəsi olmadığını bildirdi: “Məni niyə çağırıblar bilmirəm. Bu işlə bağlı heç nə bilmirəm. Bunu istintaq zamanı da demişəm. Mən bir müəssisənin rəhbəriyəm. Həmin müəssisə 7 ildir fəaliyyət göstərir, Abdulla müəllimlə heç bir əlaqəsi də yoxdur”.

A.Abdullayev yerindən replika verdi: “Bu adamla şəxsi münasibətlərimiz olub. Heç onun hansı müəssisənin rəhbəri olduğunu da bilmirəm. Özü də qubalıdır. Başa düşə bilmirəm ki, bu boyda zərərçəkəni, şahidi niyə yazıblar?”

A.Abdullayevin vəkili istintaqın qanunvericiliyin tələblərini pozmasını məhkəmənin nəzərinə çatdırdı.

Vəkil O.Kazımov bu qədər kreditin hansı səbəbdən və niyə yarandığını, A.Abdullayevi tikintini başa çatdırmaq üçün kimin tələsdirdiyini soruşdu.

A.Abdullayev bildirdi ki, Bakı meri Hacıbala Abutalıbov göstərişi ilə “Gənclik”dəki ərazidən köçməli olublar: “Dedi ki, həm yer ayrılacaq, həm də pul ödəniləcək. Mən tikməyə başlayanda pul ayrılmadı. “AMAY” 2008-ci ilin iyun ayında təhvil verilməli idi. Mərhum prezidentin yubileyi ilə bağlı məsələ oldu. 17 zavodumu satdım, bunu hamı bilir. Dedilər ki, mərhum prezidentin yubileyi ilə bağlı açılış elə, işləri mayın 10-na kimi tamamla”.

Vəkil O.Kazımov A.Abdullayevdən Sahibkarlığa Milli Kömək Fondundan pulun ayrılmasını kimin göstəriş verdiyini xəbər aldı:“Konkret sizə kim dedi ki, Sahibkarlığa Milli Kömək Fondundan pul ayrılacaq?”

Hakim isə bu cür sualların məhkəməyə heç bir aidiyyətinin olmadığını bildirdi.

Vəkil O.Kazımov isə əksinə, bunun işə birbaşa aidiyyətinin olduğunu dedi: “Nə qədər qanınızda qorxu var, məhkəmə sistemi də bu cür olacaq”.

Hakim vəkilə “Bura mitinq deyil” deyə xəbərdarlıq etdi.

Bundan sonra A.Abdullayev qısa çıxış etdi: “O sualı Sahibkarlığa Milli Kömək Fonduna verin. Onlar yaxşı bilir. Mən artıq-əskik danışmaq istəmirəm. Fonda olunan müraciətlər, məktublar hər şeyi təsdiq edir”.

Məhkəmə prosesi mayın 18-ə kimi təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıda şirkət ağac kəsdiyinə görə 50 min manat cərimə edildi

Nərimanov Rayon Məhkəməsi “R.R.Constructions” MMC-nin 50 min manat cərimə edilməsi barədə qərar qəbul edib.Məhkəmə şirkəti …

Bir cavab yazın