Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / “AMAY Abdulla”: “Mən qara qüvvələrin sifarişi ilə təqib olunuram”

“AMAY Abdulla”: “Mən qara qüvvələrin sifarişi ilə təqib olunuram”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Osman Kazımov çıxış etdi.
O.Kazımov bildirdi ki, bu cinayət işi onun vəkillik təcrübəsində ən eybəcər işlərdən biridir: “Abdulla Abdullayevin bacısını da zərərçəkən kimi tanıyıblar. Mən Azərbaycan hakimiyyətinə yaxın olan adama torba tikiləcəyini gözləmirdim. Məhkəmədən ədalət umuram, amma gözləmirəm”.
Sonra Abdulla Abdullayevin yazılı son sözü oxundu: “Mən bəzi qara qüvvələrin sifarişi ilə təqibə məruz qalmışam. 17 aydır həbsdəyəm. Məhkəmədən ədalətli qərar çıxarılacağını gözləmirəm, amma qərar verərkən insani hissləri nəzərə alın”.
Bununla da proses sentyabrın 7-dək təxirə salındı.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …

Bir cavab yazın