Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “AMAY Abdulla”: “Evə bəlkə 30 min manatlıq qızıl unitaz da qoyaq?”

“AMAY Abdulla”: “Evə bəlkə 30 min manatlıq qızıl unitaz da qoyaq?”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 11 nəfər zərərçəkən ifadə verib.

İlk ifadə verən Şakir Niyazov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır. “Xudafərin” MMC-dən ev aldığını deyən zərərçəkmiş narazılığının binanın gec təhvil verilməsindən olduğunu deyib və təqsirləndirilən şəxslərə qarşı maddi tələbinin olmadığını bildirib.

Zərərçəkən Dilşad Əhmədova bildirib ki, müqavilə əsasında ödədiyi pula görə mənzili verilib, hətta təmir də edib. Lakin bina tam hazır olmadığı üçün yaşamaq mümkün deyil.

ZərərçəkənRəna Axundova da bildirib ki, bina tam komplektləşdirilməyib. Bu səbəbdən də yaşamaq mümkün deyil. O, evini tam hazır tələb etdiyini bildirib.

Vəkillər isə ona bildiriblər ki, binanın tam hazır olmaması müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsidir və buna görə mülki qaydada məhkəmədə iddia qaldırılmalıdır.

Zərərçəkən Eynur Hacıyev ifadəsində göstərib ki, mənzil almaq üçün müqaviləni “Xudafərin” MMC-də Anar adlı şəxslə bağlayıb. 2003-cü ildən müqavilə bağlandığını deyən zərərçəkmiş binanın yaşamağa hazır vəziyyətdə olmamasından narazı olduğunu deyib.

Digər zərərçəkən İsgəndər Bayramov 2004-cü ildən  “Xudəfərin” MMC-dən mənzil aldığını, lakin binanın tam hazır olmadığını deyib: “Bununla bağlı məhkəməyə müraciət etmişəm. Bina müqavilə şərtlərində nəzərdə tutulmuş formada təhvil verilmədiyinə görə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişəm. Mənə dəymiş ziyanın ödənilməsini tələb edirəm. Müqavilədə göstərilirdi ki, mənzil bizə işıq xətti çəkilməklə və suvaq vurulmaqla təhvil verilməlidir. Buna görə də tələb edirəm ki, bu işlərin görülməsi ilə bağlı çəkdiyim xərc – 30 min manat mənə ödənilsin”.

Abdulla Abdullayevin zərərçəkənin dediklərinə reaksiyası bu cür oldu:“Həmin binada işıq xətti çəkilib. O ki qaldı suvağın vurulmamasına, əgər belədirsə, bunu da xərci 300 manat edir. Bəs 30 min manat hardan çıxdı? 30 min manata bəlkə qızıldan unitaz da qoyaq mənzilə?

Hörmətli hakim, mən vəsatət qaldırıram ki, ekspertiza təyin edilsin və mənim o binaya çəkdiyim xərc qiymətləndirilsin. Əgər mənim çəkdiyim xərc onların ödədiyi məbləğdən artıq olsa, həmin artıq vəsaiti mən də bu şəxslərdən tələb edirəm”.

Hakim zərərçəkənə bildirdi ki, müqavilə şərtlərində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirlməməsi ilə bağlı hər hansı tələbi varsa, buna mülki məhkəmələr baxır. Bu iş üzrə mülki iddia tələbi vermək hüququ olsa da bu, məhkəmə istintaqı başlanana qədər edilməli idi.

Zərərçəkmiş şəxs qismində ifadə verən İlyas Babayev də mənzilini aldığını, lakin binaın tam təhvil verilmədiyini deyərək, işlərin tamamlanmasını istəyib: “Abdulla Abdullayevin içəridə olmasının bizə bir xeyri yoxdur, çıxıb binanı təhvil versə, biz daha çox xeyirdir”.

A.Abdullayev zərərçəkmişə sərt cavab verib: “Sən mənim fikrimi çəkmə, mənə içəri eşikdən yaxşıdır…”

Zərərçəkmiş Əlifağa İsmayılov bildirib ki, binanın gec təhvil verilməsi ilə bağlı A.Abdullayevlə dəfələrlə görüşüb. O bildirib ki, müştərilərdən əlavə pul toplanaraq binada işlərin tamamlanması ilə bağlı təkliflər versələr də A.Abdullayev tərəfindən qəbul edilməyib. “Bildirdilər ki, özümüz tamamlayacağıq. Lakin hələ də bina hazır deyil” – deyə zərərçəkən bildirib.

A.Abdullayev isə bildirib ki, 2008-ci ildən bir neçə dəfə prokurorluq orqanları tərəfindən binaya həbs qoyularaq tikinti dayandırıldığı üçün işlər vaxtında təhvil verilməyib: “Son olaraq sifariş verdim, 6,5 milyon manat da ödədim ki, binanı tam bitirsinlər. Liftlərin alınması üçün də 1,2 milyon manat ödəyib İrana getdim. İranda olanda zəng etdilər ki, səni Korrupsiya İdarəsinə çağırırlar. Korrupsiyanın adını eşidəndən sonra binadakı işlərin görülməsi ilə bağlı sifariş verdiyim şirkət də işdən imtina etdi. Hətta o vaxtadək gördükləri işlə bağlı sənəd verməkdən də imtina etdilər”.

Daha sonra ifadə verən İsmayıl Tamayev, Tahir Mirzəyev və Elçin Kərimov isə zərərçəkən olmadıqlarını bildiriblər.

Növbəti məhkəmə prosesi 17 aprel saat 10:15-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın