Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Amaşovun seçki kampaniyasına bütün mediadan dəstək olacaq

Amaşovun seçki kampaniyasına bütün mediadan dəstək olacaq

“Əflatun müəllimin mandat alması istənilən istiqamətdə Azərbaycan jurnalistikasına fayda verə bilər”

Yadigar Məmmədli: “Şəxsən mən onun deputat olmasından böyük məmnunluq hissi keçirərəm”

Qarşıdan gələn parlament seçkilərinə media mənsubları da böyük maraq göstərir. Deputat olmaq istəyən jurnalistlərin sayı günü-gündən artır. Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov da noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olacağını açıqlayıb.
MŞ sədri bildirib ki, namizədliyini 62 saylı Saatlı seçki dairəsindən irəli sürəcək: “Parlament seçkisi hər bir şəxsin xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır. Mən də bu şansdan yararlanmaq, daha geniş toplum üçün faydalı olmaq niyyətindəyəm. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmağa iddialıyam. Rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası indiyədək respublikamızın bir çox rayonlarında tədbirlər təşkil edib. Bu xüsusda yerli əhali ilə görüşmək, söhbətləşmək imkanım da çox olub. Onların problemlərini, qayğılarını öyrənmişəm. Mətbuat Şurasının özü də elə ictimai institutdur ki, burada daha çox vətəndaşlarla təmas yaradırsan. Hər il ölkənin müxtəlif bölgələrindən yüzlərlə müraciətin həllinə yardımçı olmağımız bu təmasların canlı nümunəsidir. Bizi respublikanın hər yerində tanıyır və dəyərləndirirlər. Fəaliyyətimiz ictimaiyyətə doğru açılan körpüdür. Düşünürəm ki, ötən illərin təcrübəsi bu fəaliyyətin geniş spektrdə davam etdirilməsinə imkan verəcək. Ölkə parlamentində jurnalistika ilə əlaqəli şəxslərin təmsilçiliyi məsələsinə də toxunmaq istərdim. Milli Məclis canlı orqanizmdir. Orada bütün orqanların funksional fəaliyyət göstərməsi zəruridir, həyati prosesdir. Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki media cəmiyyətin güzgüsüdür. Onun problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir. Onu da deyim ki, 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirak barədə öncədən də düşünmüşdüm. Belə qənaətə gəlmişdim ki, namizədliyimi bölgələrdən birindən irəli sürəcəm. Azərbaycanın, demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlarımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm”.
Mətbuat Şurasının sədrinin Parlamentdə təmsil olunması Azərbaycan jurnalistikasına nə verə bilər?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, Mətbuat Şurası yaranandan bəri onun İdarə Heyətinin üzvləri arasında çoxlu sayda millət vəkili olub: “Biz bu praktika ilə tanışıq. Hazırda da bizim jurnalist deputatlarımız var. Aqil Abbasın, Bəxtiyar Sadıqovun adını çəkə bilərəm. Eyni zamanda, ictimaiyyət nümayəndələri olan MŞ təmsilçiləri arasında da deputatlar var. Bunu nəyə görə sadalayıram? Biz hər zaman belə təmsilçiliyin xeyrini görmüşük. Lazım olanda medianın problemləri operativ şəkildə qanunverici orqanın tribunasından səsləndirilib. Media ilə bağlı yaranan təşəbbüslərdə həmin millət vəkilləri daha fəal olur. Əflatun Amaşova gəldikdə isə, şəxsən mən onun deputat olmasından böyük məmnunluq hissi keçirərəm. Əflatun Amaşov uzun illərdir ki, mediaya ictimai nəzarəti həyata keçirən bir quruma rəhbərlik edir. Bu sahədə böyük təcrübəsi var. Bizim parlamentdə media ilə bağlı çoxlu sayda qanunvericilik aktlarımız müzakirə olunur. Əflatun müəllimin mandat alması istənilən istiqamətdə Azərbaycan jurnalistikasına fayda verə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakıda gəlin maşını küçənin ortasında yanaraq külə dönüb – VİDEO

Avtomobilin hansı səbəbdən yanması məlum deyil, xəsarət alanlar barədə də məlumat yoxdur Paytaxtda toy üçün …

Bir cavab yazın