Ana səhifə / Cəmiyyət / “Amaşovun deputat kimi qısa fəaliyyəti ehtimallarımızı tam şəkildə doğrultmuş oldu”

“Amaşovun deputat kimi qısa fəaliyyəti ehtimallarımızı tam şəkildə doğrultmuş oldu”

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin son iclasında büdcə layihəsinin müzakirəsində medianın maraqlarına cavab verən təkliflərlə çıxış edib. Millət vəkili bildirib ki, layihə hazırkı şərait üçün ən optimal variantdır:

“Mən də öz növbəmdə ümumən sənədə səs verəcəm.
Ancaq bir məsələnin üzərində dayanmaq istərdim. Ötən çıxışımda da bu barədə söz açdım. Məlumdur ki, iki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır. Ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hesabına formalaşır.
Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində oturuşmadığından, kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirir. Bu missiya isə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar.
Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Qeyd etdiyim kimi, daxildə ictimai rəyin düzgün şəkildə formalaşdırılması önəmlidir. Buna görə də medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır.
Növbəti bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, ölkəmizə kənardan maraq da az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı da ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Əlavə nəyisə vurğulayıb vaxtınızı almaq istəməzdim. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq…”.
Əflatun Amaşovun Milli Məclisdə irəli sürdüyü təkliflərə media ekspertlərinin münasibəti necədir?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Əflatun Amaşovun Milli Məclis tribunasından qaldırdığı məsələlər olduqca aktualdır və medianın mövcud problemini özündə əks etdirir: “Bilirsiniz ki, baş verən devalvasiya bütün sahələrə təsir etdiyi kimi, mediaya da öz mənfi izlərini qoyub. Kağızın qiyməti kəskin şəkildə artıb. Bununla yanaşı, çap mediası maliyyə problemləri ilə üzləşməli olub. Bilirsiniz ki, qəzetlərin maliyyələşməsi KİVDF xətti ilə həyata keçirilir. Həmin qurumun büdcəsi isə əvvəlki kimi qalır. Bu baxımdan da Əflatun Amaşovun parlament tribunasından söylədiyi fikirlər tam əsaslıdır. Biz bilirdik ki, Əflatun Amaşov deputat olacağı təqdirdə medianın problemlərini ən yüksək tribunadan səsləndirəcək. Onun deputat kimi qısa fəaliyyəti ehtimallarımızı tam şəkildə doğrultmuş oldu. Ümid edirəm ki, hökumət səslənən təkliflərlə bağlı lazım olan addımları atacaq. Başqa vacib bir məsələ isə online medianın maliyyələşdirilməsidir. Hesab edirəm ki, həmin fikirlərində də MŞ sədri tam haqlıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın