Şənbə , İyun 25 2022
Ana səhifə / Cəmiyyət / Alimlərə “Sizi Şuşaya aparacam“ deyib aparmayan kimdir? – “Heç bir aldatma olmayıb“

Alimlərə “Sizi Şuşaya aparacam“ deyib aparmayan kimdir? – “Heç bir aldatma olmayıb“

Şuşada elmi konfrans adı ilə yüzlərlə alim aldadılmasında bir sıra AMEA institutlarının, o cümlədən, deputatlar – Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı və AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin adı hallanıb. Sonradan AMEA iddiaları təkzib edib.

Qafqazinfo xəbər verir ki, məsələdə adı hallanan “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov haqqında yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, İKSAD və AMEA bir çox beynəlxalq konfranslar keçirib:

“Qarabağ konfransları da 3-cü idi. Tezis qəbulu 20 may 2022-ci ilə qədər idi, sonra xəbər gəldi ki, konfrans iştirakçılarının Şuşaya getməsinə icazə verildi. Bundan sonra tezis qəbulu 5 gün uzadıldı – 25 maya qədər.

Bundan sonra elm xadimləri məqalə verməyə davam etdilər. Gediş üçün qeydiyyatdan keçdilər. Mənə heç kim limit olduğunu deməmişdi”.

Əlvan Cəfərov bildirib ki, son günlər – 6 iyunda AMEA-nın Rəyasət heyəti aidiyyəti qurumlara rəsmi şəkildə məktubla müraciət edərək konfrans iştirakçılarının Şuşaya ekskursiya etmək arzularını bildirib və razılıq alıb:

“Bundan sonra konfransların tezis qəbulu tarixləri 20 may 2022-ci ildən 25 may 2022-ci il tarixinə qədər uzadılıb. Şuşa İli ilə əlaqədar keçiriləcək bu iki konfransa 1000-ə yaxın tezislə müraciət olunub, 646 (Humanitar konfransda 429, Tətbiqi elmlər konfransında 217) nəfər dünyanın 28 ölkəsindən görkəmli elm xadimləri məruzə üçün qəbul ediliblər.

Bu iştirakçılardan isə 470 nəfər alim-məruzəçi Şuşaya getmək arzusunu bildirib və Şuşaya getmək üçün qeydiyyatdan keçiblər. Bunlardan bir neçə nəfər də, Türkiyə və Naxçıvandan Bakı şəhərinə gəlmək üçün təyyarə biletlərini alıb və hətta bəziləri də artıq gəliblər”.

Onun sözlərinə görə, iyun ayının 6-da Elmlər Akademiyası Rəyasət Heyətinə zəng edilərək bildirilib ki, bu 470 nəfər konfrans iştirakçılarından cəmi 100 nəfərin Şuşaya getməsinə icazə verilir:

Dedilər ki, 100 nəfər seçib siyahını bizə göndərin. Hər bir elm xadiminin, Azərbaycan vətəndaşının Şuşa şəhərinə getmək hüququ olduğu və hər bir elm xadimi bizə əziz olduğu üçün konfransın təşkilat komitəsi bu seçimi edə bilməyəcəyini qətiyyətlə bildirib və bu seçimdən imtina edib.

Sonra təşkilat komitəsinə deyilib ki, təcili 100 nəfərin siyahısı verilməlidir. Bundan sonra təşkilat komitəsi siyahını hazırlayıb mənə göndərib. Mən də 7 iyun gecə saat 21:00-da portala daxil edilməsi üçün müvafiq qurumlara vermişəm.

Mənim burda seçki və seçimdə heç bir hüququm olmayıb, sadəcə texniki işləri etmişəm. Seçilib mənə verilmiş 100 nəfərin səfərə gedişi haqlı olaraq insanlarda narazılıq yaradıb.

Burada heç bir aldatma olmayıb. Rəsmi yazışmalar, sənədlər hamısı var. Konfransların rəsmi, qanunlar çərçivəsində keçirilməsi də sənədlərdə öz əksini tapıb”.

Ə.Cəfərov səfərə gedə bilməyənlərin ödənişlərinin qaytarılmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Səfərə gedə bilməyən hər bir kəsin ödənişləri geri verilir və davamlı olaraq geri veriləcək. İnsanları səbrli olmağa çağırıram”.

Həmçinin oxuyun

1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..?

Yazıya giriş  olaraq onu qeyd edək ki,  hazırda  Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan …