Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Ali məktəblərə onlayn sənəd qəbulu gələn həftə başlayır

Ali məktəblərə onlayn sənəd qəbulu gələn həftə başlayır

“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.

“XI sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır” deyən, DİM sədri bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: “İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi, hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər”.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.  DİM sədri bildirib ki, bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər: “Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində təşkil ediləcək”.

“Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək”. DİM sədri bildirib ki, müsahibələr onlayn qaydada keçiriləcək: “Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək”. Musavat.com

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …