Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / Aleksander Şapiro-Suliman: “Bütün bunlar ABŞ və başqa ölkələrə Azərbaycan kimi gənc dövlətin nümunəsini örnək götürməyə əsas verir”

Aleksander Şapiro-Suliman: “Bütün bunlar ABŞ və başqa ölkələrə Azərbaycan kimi gənc dövlətin nümunəsini örnək götürməyə əsas verir”

“Hazırda dünyada baş verən dərin çaxnaşmaların fonunda belə bir modelin yayılması olduqca vacibdir”

ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bildirilir ki, Senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul Yuta Ştat Senatının plenar iclasında çıxış edərək, Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.
Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra sözügedən bəyannamə oxunub.
Bəyannamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əminamanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Bəyannamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Eyni zamanda, 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qeyd edək ki, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Bəyannaməni Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.
Yuta ştatına işçi səfəri müddətində baş konsul N.Ağayev ştatın vitse-qubernatoru Spenser Koks, Senatın sədri Veyn Niderhauser, Nümayəndələr Palatasının spikeri Qreqori Hyuqs və digər qanunvericilərlə görüşlər keçirib.
ABŞ kimi nüfuzlu ölkədə Azərbaycanla bağlı belə bir qərarın verilməsi nə ilə əlaqəlidir?
Azərbaycan-İsrail Dostluq Evinin rəhbəri, sülhmərəmlı səfir Aleksander Şapiro-Suliman “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-dakı ştatın belə bir qənaətə gəlməsi üçün kifayət qədər ciddi əsaslar var:

“Bir yəhudi əsilli şəxs kimi mən uzun illərdir Azərbaycanda yaşayıb fəaliyyət göstərirəm. Doğrudan da burda böyük bir multikultural mühit var. Azərbaycan müsəlman ölkəsi olsa da, digər dinlərə də dözümlə yanaşır. Bütün digər dini konfessiyaların Azərbaycanda fəaliyyəti üçün lazımi şərait yaradılıb. Biz belə münasibəti həm Azərbaycan dövlətindən, həm də onun əhalisindən hiss edirik. Bu ölkənin zəngin tarixi var. Dövlətinizin bayrağındakı rənglərin məna baxımdan sintezinin özü də böyük bir multikulturalizm nümunəsidir. Orda həm din, həm milli kimlik, həm də müasirliyi ifadə edən demokratiya var.
Bizim dünyanın müxtəlif ölkələrindən bura qonaq qismində dəvət etdiyimiz şəxslər də belə bir mühiti görəndə xoşhal olurlar. Biz belə bir tolerant münasibəti yalnız dinlərə yanaşmada görmürük. Həmçinin Azərbaycanda yaşayan digər millətlərə də münasibət eynidir. Azərbaycan dövləti bu ili Multikulturalizm ili elan edib.
Bunun çərçivəsində ölkənizdə çox mötəbər tədbirlər keçiriləcək. Bütün bunlar ABŞ və başqa ölkələrə Azərbaycan kimi gənc dövlətin nümunəsini örnək götürməyə əsas verir. Hazırda dünyada baş verən dərin çaxnaşmaların fonunda belə bir modelin yayılması olduqca vacibdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …

Bir cavab yazın