Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / “Akkord” 4 aydır işçilərin maaşını vermir

“Akkord” 4 aydır işçilərin maaşını vermir

Son aylar ərzində ölkədə fəaliyyət göstərən bir sıra təşkilat və müəssisələrdə əməkhaqlarının verilməməsi ilə bağlı şikayətlər səslənir.

Cebhe.info-ya müraciət edən Qazax rayon Ağköynək kənd sakini Əhməd Rafiz Əhməd oğlu “Akkord” şirkətinin də işçilərin əməkhaqqını “kəsdiyini” bildirib:

“Qazax su-kanalizasiya layihəsində çalışırıq. Artıq 4-cü aydır ki, bizə əməkhaqqı ödənilmir. Keçən ilin əvvəlində məcburi olaraq əmək müqaviləmizi ləğv edərək, bizimlə xidməti müqavilə bağladılar. Bu zaman “xidməti müqaviləyə keçsəniz, əməkhaqqınız daha yüksək olacaq” və digər vədlər verdilər. Amma indi 4-cü aydır ki, maaş verilmir, amma bunun səbəbini bizə doğu-dürüst izah etmirlər. “Gələn həftə, o biri həftə” deyərək, süründürməçilik edirlər. İnsanlar var ki, 2-3 aydır ki, işdən çıxarılıblar, amma əməkhaqları ödənilmir”.

Şikayətçi bildirib ki, əməkhaqlarının verilməməsi işçilərin sosial durumunu ağırlaşdırıb:

“Borc-xərclə yaşayırıq. Əməkhaqqını tələb edənləri işdən qovmaqla hədələyirlər. “Akkord” Şirkətlər Qrupunun İcraçı direktoru Vüqar Süleymanov bir dəfə də olsun işçilərlə görüş keçirib, əməkhaqlarının gecikdirilməsinin səbəblərini izah etməyib, məktub və ya bəyanat formasında işçilərə məlumat verməyib. Ötən ayın sonlarında icraçı direktorun müavini Anar Məmmədov isə əməkhaqlarının gecikmə səbəbini “Akkord” şirkətinin büdcəsinin bağlı olması ilə izah etdi”.

Əhməd Rafiz bildirib ki, Qazax su-kanalizasiya layihəsinin sifarişçisi “Azərsu” ASC-dir, İslam Əməkdaşlıq Bankı isə layihəni maliyyələşdirir:

“Biz “Azərsu”nun əməkdaşlarından da soruşmuşuq. Onlar bildirirlər ki, İslam İnkişaf Bankı lazım olan məbləği vaxtında “Akkord”un balansına köçürüb”.

Şikayətçi bir məqamı da qeyd edib ki, “Akkord”un icra etdiyi digər layihələrdə çalışanların da əməkhaqlarının verilməməsi ilə bağlı məlumatlar da var:

“Ağstafa rayonunda Qazax su-kanalizasiya layihəsindən də böyük bir layihə – yol layihəsi icra olunur. Onlar da eyni ilə bizim durumdadırlar, əməkhaqlarını almırlar”.

“Akkord”dan məsələylə bağlı mövqe öyrənmək istəsək də, zənglərimizə cavab verilməyib.

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …