Ana səhifə / Cəmiyyət / Akif Çovdarovun oğlundan sensasion açıqlamalar

Akif Çovdarovun oğlundan sensasion açıqlamalar

Ruslan Çovdarov: “Sizcə, Akif Çovdarovla bağlı ölüm işi olsaydı, bunun üçün də saxta şahidlər tapıb, onun üzünə qoymazdılarmı?”

Son bir neçə ayda mətbuatın barəsində ən çox yazdığı şəxs heç şübhəsiz ki, hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovdur. Elə gün olmur ki, məhkəmədə ifadə verən zərərçəkmişlər onun barəsində sensasion ittihamlar səsləndirməsin, istintaq onun əməlləri ilə bağlı yeni detalları cəmiyyətə açıqlamasın. 

Amma bu məlumatlardan ən çox narazı qalan A.Çovdarovun ailə üzvləridir. Xüsusən də oğlu Ruslan Çovdarov sosial şəbəkədəki statusunda zaman-zaman öz etirazını səsləndirir. “Yeni Müsavat” bu narazılıqları səsləndirməsi, eləcə də bizim suallarımıza cavab verməsi üçün bir neçə gün sosial şəbəkə vasitəsilə müsahibə üçün israr etdi. 

Bir gün məhkəmə,  başqa bir gün atası ilə görüş… Söhbətimiz uzansa da, axırıncı dəfə “mən bu gün atama istədiyi kitabları almaq üçün kitab mağazasına gedəcəm, vaxtım yoxdur”, cavabını verdi. Dediyi saatda AVM-lərdən birində yerləşən kitab mağazasına getdik və budur, üz cizgiləri eynən A.Çovdarova bənzəyən gənc Çovdarov kitab seçir. Detektiv kitab bölməsində… Bunun özü də bir başqa söhbətin mövzusudur.

Ruslan bəylə bulvardakı çayxanalardan birində oturub, bizi, sizi maraqlandıran bütün suallara cavab tapmağa başladıq. Təbii ki, öncə atasının səhhəti barədə danışdıq.

– Çoxdandır atanızla görüşmək imkanı əldə etmirdiz. İndi vəziyyəti necədir? Necə keçdi görüş? 

– Görüş üçün müəyyən edilmiş vaxt olur. Ayda iki-üç dəfə, 10 gündən bir… Sağ olsunlar, atamın səhhətini nəzərə alıb, görüş təşkil edirlər. Dünən də görüşdüm. Bildiyiniz kimi, səhhəti çox pisdir. Başlatdığı aclıq aksiyası davam edir. Bu insan gün ərzində 200-250 qram su içir. Görə də bilərlər, bir qram sovqat da aparmırıq. Atam ancaq su içir. Buna da səbəb odur ki, ağrıkəsici dərmanlar qəbul edir. Susuz olmaz.

– Yeməkdən imtina edib… 

– Bəli, tələbləri yerinə yetirilmədiyinə görə. Bu gün onu ayaqda saxlayan sudur.

– Nə qədərdir davam edir bu aksiyası?

 

– Bir ay olar.

– Oxuculara xatırladaq. Nədir tələbləri? 

– Səhhəti ilə bağlı ekspertiza keçirilsin. Ekspertizada öz yerli həkimlərimizlə yanaşı, xaricdən də həkimlər iştirak etsinlər. Xaricdən həkimləri öz vəsaitimiz hesabına gətirməyi təklif etmişik. İstər Türkiyə, istər Gürcüstan, istər Rusiya olsun. Amma daha yaxşı olardı ki, Almaniyada onu əməliyyat edən xəstəxananın həkimini də gətirtsinlər. Amma məhkəmə onun bu vəsatətini təmin etmədi, razı olmadılar.

– Ailə üzvlərinizin müsahibəsindən belə aydın olur ki, Akif Çovdarovun səhhəti kritikdir. Ödü çıxarılıb, bəzi orqanları köçürülmədir. Niyə belədir ki, mənzərə? Səhhəti niyə bu formadadır? 

– Əlbəttə. Onun köynəyinin qabağını açan hər kəs sinəsində əməliyyatların yerini görər, heç epiqrizə də ehtiyac qalmaz. Boğazından aşağıya qədər kəsiyi var. 2006-cı ildə ürəkdən, şuntlama əməliyyatı keçirib. Dörd damarı dəyişdirildi. Ondan sonra iki dəfə şok vəziyyətinə düşdü, şok aparatı ilə ayıltdılar. Bu yaxınlarda ürək ritminin pozulmasından əziyyət çəkirdi. Almaniyada olanda həkimlərə müraciət etdik.

Dedik ki, ürək ritminin düzənlənməsi üçün şok aparatından istifadə etsinlər. Həkimlər bizə bunu etməməyi məsləhət gördülər. Dedilər ki, şok aparatından istifadə etsək, ayılmaya bilər. Sonra 2011-ci ildə mədəsinin yuxarı hissəsində onkoloji xəstəlik tapıldı. Əvvəl fikirləşdik ki, mədəsinin həmin hissəsini götürsünlər. Amma iki-üç ay həkimlər kimya terapiyası (“ximoterapiya”)  məsləhət gördülər. Ondan sonra isə həkimlər mədəni bütöv götürməyi uyğun bildilər. Mədəsi bütöv götürüldü. Ödü də yaxşı işləmirdi. Həkimlər dedilər ki, o ki əməliyyata girir, ödü də işləmir, elə ödünü də birdəfəlik götürək.

“Yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar”

– O zaman daim dərmanlarla yaşayırdı… 

– Əlbəttə. İşdə olanda evdən xüsusi yeməklər hazırlanıb göndərilirdi. Xəstəliyi ilə əlaqədar həkimin məsləhət gördüyü, pəhriz xarakterli yeməklər. Tez-tez, az-az yemək… Dərmanları da onun kimi. Daim həkim nəzarətində idi. Amma indi təəssüf ki, bizim onun durumunu əvvəlki kimi həssaslıqla nəzarət altında saxlamağımız mümkün deyil. Həftədə bir dəfə ona yemək aparırıq. Həmin boyat yeməyi həftə boyu yeyə bilməz. Mədəsi də yoxdur. Bağırsaq birbaşa qida borusuna birləşdirilib. Bu halda da ona boyat yemək və ya qeyri-ev yeməyi olmaz.

– Atanızın adı bizə, mətbuata illər öncədən tanış idi. Elmar Hüseynovun qətli, Aqil Xəlilin döyülməsi  məsələlərində adı ən çox hallanan şəxslərdən idi. Biz onun fotolarını da məhz Aqil Xəlil döyülən ərəfədə gördük və yaydıq. Öncə onu soruşum: atanızla bağlı mediada yaranan imiclə razısızmı? Onun həqiqi imicinə nə qədər uyğundur? 

– Deyərdim ki, atamla bağlı formalaşdırılan imic onun gerçək imici ilə tamamən ziddiyyət təşkil edir. Açığı, mən o adını çəkdiyiniz şəxslərlə, olaylarla bağlı rəy vermək də istəmirəm. Çünki mənim bu işlərdən xəbərim yoxdur. Amma bir məqamı nəzərinizə çatdıracam: ittiham aktları hər birinizdə var. İttihamların içində nə ölüm işi, nə adam bıçaqlama, nə yaralama işi yoxdur. Məhkəmələrin gedişindən də görürsüz. O qədər “zərərçəkən”lər üzə çıxıb ki. Hələ bundan sonra da çıxacaq. Az qala yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar. Sizcə, Akif Çovdarovla bağlı ölüm işi olsaydı, bunun üçün də saxta şahidlər tapıb, onun üzünə qoymazdılarmı? İlk növbədə bu məsələnin şişirdilməsində maraqlı olardılar.

– Hər halda, bunlar siyasi işlərdir… 

– Bilmirəm. Mən versiyamı dedim.

– Aqil Xəlil olayı mənim dəqiq yadımdadır. Jurnalist atanızın şəklini çəkmişdi və iddia etmişdi ki, onu “şnur”la boğmağa çalışan Akif Çovdarov idi. Yadınızdadır o hadisə? 

– Eşitmişdim. Mən o vaxt burda deyildim, amma eşitmişdim.

– Atanızla bu haqda danışmışdız heç? O nə deyirdi bu haqda? 

– O məsələnin necəliyini bilmirəm. Amma siz özünüz təsəvvür edin ki, birincisi, bu adam MTN-də yüksək vəzifədə olan adam idi. Polkovnik idi onda. Aqil Xəlilsə onda heç jurnalist deyildi, “stajor” idi. Yəni siz nə dərəcədə ağlabatan hesab edirsiz ki, MTN-in polkovniki, canlı-cəsədli adam düşsün jurnalistin dalınca, onu tutub, döysün? Bu, mümkün idimi, sizcə?

– Hər halda, həmin vaxt Aqil Xəlil çox təhlükəli bir hadisənin üstünü açmışdı və bu qəzəbə səbəb olmuşdu… 

– (Etiraz edir) Xanım, orda təhlükəli hansı hadisə var idi? Yazırdılar ki, Akif Çovdarov Zeytunluqda torpaqlar alır. İstintaq həmin vaxt da araşdırdı. Gedin siz də maraqlanın. Akif Çovdarovun adına Zeytunluqda torpaq sahəsi olubmu, varmı?

– O vaxtdan bu vaxta qalarmı? Başqasının adına keçirmə ehtimalı da var… 

– Hər bir sənədin kökü var. Torpaq mənim adımadırsa, bunu sonradan kiminsə adına keçirirəmsə, onun kökündə qeyd olunur ki, əvvəl kimin adına olub. Ona görə də Aqil Xəlillə bağlı hadisəni mən jurnalist fantaziyası hesab edirəm. Populyarlaşmaq, süni ajiotaj yaratmaq üçün atamın adından istifadə etdilər. Aqil Xəlilin bıçaqlanmasına gəlincə, əgər gerçəkdən elə bir şey olsa, indi cinayət işində bu hadisənin də adı olardı. Əgər o gerçəkdən bıçaqlanmışdısa, gəlib şikayət edərdi.

– Onun şikayətləri olub müvafiq orqanlara. Avropa təşkilatlarına… 

– Olubsa, cinayət işində adı olardı bu hadisənin. Mən bu olayı atama sığışdırmıram. İnanmıram ki, belə bir şey ola bilər.

– Bəs Akif Çovdarovu əslində niyə həbs ediblər? Sizin versiyanız nədir? 

– Mən ona nə deyim? Bu, siyasi söhbətlərdir və mən buna qarışmayacam.

– Hazırda atanızın davam edən məhkəməsinə jurnalistlər buraxılmır. Əvvəl belə versiya vardı ki, özü və ailəsi jurnalistlərin prosesdə iştirakını istəmir… Əslində ailənin bu məsələdə mövqeyi nədir? 

– Bizim vəkillər bir neçə dəfə vəsatət qaldırdılar ki, media prosesdə iştirak etsin. Amma vəsatət qəbul edilmədi. Medianın iştirakı mənim üçün də xoş olardı. İçəridə baş verənləri, yalançı zərərçəkmişlərin nə qədər saxtakar ifadə verdiklərini bütün ictimaiyyət görərdi. Bu gün jurnalistlər prosesdən çıxan vəkillərdən müsahibə alırlar. Amma vəkillər deyir ki, jurnalistlərə bir kitablıq söz danışırıq, gedib üç cümlə yazırlar. Bununla ictimaiyyətə necə məlumat verə bilərsiz ki, gerçəkdən içəridə nə baş verir? Ya da içəridə kiminsə adamı, diktofonu var. Onlar da istədikləri kimi yazıb verirlər məhkəməni.

– Hansı media orqanını nəzərdə tutursuz? 

“Allaha şükür, birtəhər dolanırıq, acımızdan ölmürük, …”

– Özünüz yaxşı bilirsiz, kimlər məhkəməni necə yazır. Günün sonunda geniş yazan saytlar var. Özləri də etiraf edirlər ki, bizim içəridə müxbirimiz oturub, diktafonumuz var.

– Bunun nəyi sizə ziyandır ki? İçəridə heç olmasa bir müxbir var və olanları yazır… 

– Ziyan odur ki, həmin media orqanları istədikləri kimi yazırlar. Nəyi istəsə, ixtisar edir, nəyi istəsə, əlavə edir.

– Həmin məqamlara qayıdacağıq yenidən… Amma mən sizin barənizdə də danışmaq istəyirəm. Bu günə qədər Ruslan Çovdarovun adı mətbuata tanış deyildi. Son bir neçə ayda verdiyiniz müsahibələr və sosial şəbəkədəki aktivliyiniz sizi cəmiyyətə tanıtdı. Bəs bu günə qədər siz nə işlə məşğul idiz? Kimsiniz, təhsiliniz, işiniz… Qısaca özünüzü oxuculara tanıdın, mümkünsə… 

– 34 yaşım var. Mən son bir ildə heç bir işlərə qarışmırdım, yazılara reaksiya vermirdim, status paylaşmırdım. Amma son dövrlər cəmiyyətdə atamın adını ifrat dərəcədə şişirdib, onun barəsində qorxunc obraz yaratdılar. Bu zaman istər-istəməz insan bunu özünə sığışdırmır. Jurnalist yazısı oxunsun deyə, yazının içindən bir dəxli olmayan cümləni götürüb başlığa qoyur və yanlış rəy yaradır cəmiyyətdə.

İnsanlar da çox vaxt başlığı oxuyur, yazının içinə baxmırlar. Beləliklə, səhv təəssürat yaranır atamla bağlı. Qorxunc adam kimi təqdim edirlər atamı. Çox adam da yazının başlığını görüb, atam barədə pis fikirlər, şərhlər yazır. Bir-iki dəfə fikrimi bildirdim bu barədə. Özümə gəlincə, atam vəzifədə olanda da, özüm vəzifədə olanda da çalışmışam hər zaman qalmaqaldan uzaq olum. ə

– Harda təhsil almısız? 

– İqtisadiyyat Universitetində.

– Xaricdə oxumamısız? 

– Xaricdə kurslarda olmuşam.

– Mən sizin Oksford Streetdə şəkillərinizi görmüşəm sosial şəbəkədə. Düşündüm ki, yəqin təhsilinizdə bir Oksford izi də var. 

– Xeyr, orda MBA proqramlarında olmuşam. İkinci təhsilimi burda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində almışam.

– Özünüzsə Milli Məclisdə sektor müdiri işləmisiz. 34 yaş üçün böyük vəzifə sayılır. Müsabiqədən keçmisiz, ya tanışlıq, atanızın əlaqələri vasitəsilə işə düzəlmisiz? 

– Birincisi, 34 yaş heç də az yaş deyil. İkincisi də, dövlət qulluğuna işə düzələndə müsabiqədən keçilir və mən keçdim. Mən də orda ilk növbədə məsləhətçi vəzifəsinə təyin edildim. Hər 5 ildən bir attestasiya keçirilir. Mən də o attestasiyanı keçdim. 2012-ci ildə iqtisadi qanunvericilik şöbəsində mülki hüquq üzrə qanunvericilik sektorun müdiri olmuşam.

– Amma indi işdən çıxarılmısız… 

– Bəli.

– Hadisələrdən dərhal sonra, ya necə? 

– (Gülür). Hə, bu, bir qədər qarışıq məsələ oldu. Mən artıq dövlət işindən özüm çıxmaq istəyirdim ki, biznes və sahibkarlıqla məşğul olum. 2015-ci ilin may ayı idi. Şifahi də bildirmişdim işdən çıxmaq istədiyimi. Sonradan yazılı ərizəmi də yazmışdım.

– O zaman MTN olayları baş verməmişdi… 

– Xeyr, may ayı idi hələ. Həmin vaxt həm evdən, həm də işdən mənim bu qərarıma etiraz etdilər. Atam da istəmirdi mənim işdən çıxmağımı. İşdə də razı deyildilər deyə ərizəm baxılmamış qaldı. 2015-ci il oktyabrın 20-21-i idi, dəqiq xatırlamıram, Eldar Mahmudov artıq vəzifəsindən çıxarılmışdı. Amma atam hələ işində qalırdı, 6-cı baş idarənin rəisi idi. Mənə Kadrlar Şöbəsinin rəisi zəng vurub görüşə çağırdı. Dedi ki, sizin ərizəyə artıq baxıldı, işdən çıxmaq istəyirsizsə, çıxa bilərsiz. Mənim özüm də çıxmaq istəyirdim, düzdür. Amma həmin anda olması mənə də təsir elədi. Sonucda öz ərizəmlə işdən çıxmış sayılıram. İşdən çıxarılanda atam vəzifədə ola-ola heç bir özünə hörmət edən telekanal etmədiyi hərəkəti ANS sensasiyalı xəbər etdi. “Ruslan Çovdarov işdən qovuldu”, “Akif Çovdarov həbs edildi”. Halbuki atam ondan sonra bir ay vəzifəsində qaldı. Ruslan Çovdarov nazir idimi və yaxud nə böyük vəzifəsi var idi ki, işdən çıxarılmağım ANS üçün bu qədər maraqlı mövzu olsun. ANS kanalında Akif Çovdarovla bağlı verilişə qədər belə hazırladılar. Hətta evinin qapısına qədər müxbirlərini göndərdilər. Niyə məhz Çovdarov? ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu.

– Bəs işdən çıxarılandan sonra nə işlə məşğulsuz?

 

– Heç nə. Mən faktiki bir ildir ki, işsizəm.

– Necə və nəylə dolanırsız? 

“ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu”

– Allaha şükür, birtəhər dolanırıq. Acımızdan ölmürük. İndi mənim də, ailəmizin də bir nömrəli qayğısı atamdır. Mənim yeni iş görməyə nə maddi imkanım var, nə də fiziki. Atam türmədədir, ailədən türmədə birinin olması isə ciddi qayğılar deməkdir. Dövlət işində işləmək isə… (gülür) Artıq mümkün deyil.

-Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb? 

(davamı növbəti sayımızda)

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın