Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Cəmiyyət / Akademik Ramiz Məmmədovun anım günü keçirilib

Akademik Ramiz Məmmədovun anım günü keçirilib

Bu gün “Soydaş” İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, mərhum akademik Ramiz Məmmədovun xatirəsinə həsr olunmuş anım günü keçirib.

Tədbirdə mərhum akademikin ailəsi, dostları və elm adamları iştirak edib. Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı tədbiri açaraq, bildirib ki, akademik Ramiz Məmmədovun ölümü Azərbaycan elminə ağır itki olmaqla yanaşı, həm də ictimai mühütimiz üçün bir itki oldu: “Akademik Ramiz Məmmədov daha çox dünyada Türk dünyasının coğrafiyası ilə məşğul olan bir alim kimi tanınsa da, biz onu həm də fəal ictimayyətçi, soydaşlarımızın problemləri ilə yaxından məşğul olan, bu problemlərin aradan qaldırılmasına çalışan bir vətənpərvər, çalışmaqdan yorulmayan bir insan kimi tanıyırdıq. O həm də bizim ağsaqqalımız, məsləhətçimiz və gənclərə doğru yolu gösdərən bir bələdçi idi”.

Professor Tapdıq Həsənov akademik Ramiz Məmmədovla bağlı xatirələrini bölüşərək, qeyd edib ki, Ramiz Məmmədovun əsas uğuru onun landşaft coğrafiyasına böyük marağının olması, bu sahədə öncüllərdən biri və yorulmadan çalışmaq əzminin olması idi: “Dünyanın aparıcı ölkələrində dəfələrlə beynəlxalq konfranslarda iştirak edirdi və bu sahədə aparıcı dünya alimləri də onu çox yaxşı tanıyırdı”.

Daha sonra çıxış edən professor Hidayət Nuriyev, professor Saleh Nağıyev, professor Niyazi Mursaqulov, coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya elmləri namizədi Mirruh İsmayılov, BDU-nun dekanı Şəkər Məmmədova, Xəzər klinikasının baş həkimi İlqar Yusubov, texnika elmləri namizədi Hüseyn Artıkoğlu, əməkdar jurnalist İlyas Adgözəlli, tədqiqatçı-alim Asif Ozan, uşaqlıq dostu Əkbər Əliyev mərhum akademik Ramiz Məmmədovla bağlı xatirələrini danışıb, onun Azərbaycan elminə verdiyi töhfələri, ictimai fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda akademik Ramiz Məmmədovun oğlu Tural Məmmədov ailəsi adından bütün qonaqlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov 6 iyun 2021-ci ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü seçilib. R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.

Həmçinin oxuyun

“43 min nəfərin narazı olması normaldır” – Nazir

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 …