Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Adil Vəliyev Biznesmen, yoxsa icra başçısı?

Adil Vəliyev Biznesmen, yoxsa icra başçısı?

Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil.
Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər. Azərbaycan o qədər də böyük ölkə olmadığından hər kəsin hər şeydən xəbəri var.

Ötən ayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasının yanmasından sonra Bakının rayonlarına rəhbərlik edən şəxslərlə bağlı araşdırmalar gündəmə gəlib.
Modern.az saytının bu yazısında Sabunçu rayonu barədə söhbət açılacaq.
Və öncədən qeyd edilməlidir ki, rayon sakinləri 2012-ci ilin aprel ayında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Adil Vəliyevdən o qədər də razı deyillər. Ondan kifayət qədər narazılıqların olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Adil Vəliyev 1960-cı il aprelin 20-də Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1992-1996-cı illərdə Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri olub. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyində rəis müavini vəzifəsində işləyib.
2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Eurostyle” LTD şirkətində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə birinci müavini Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub. O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Sabunçu rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Adil Vəliyevin özü ilə danışmaq istəsək də bu, alınmadı.

Onun köməkçisi Müslüm Mahmudov isə Modern.az saytına bildirdi ki, bu barədə mətbuatda kifayət qədər yazılıb: “Əgər rayonda görülən işlərlə maraqlansanız, böyük məmnuniyyətlə cavablandırardım. Amma sizin aydınlıq gətirmək istədiyiniz məsələ şəxsi olduğundan heç bir şəkildə kömək edə bilməyəcəm…”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qanunların icra başçılarına bizneslə məşğul olmağa imkan vermədiyini deyir:

“Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam. Hökumət adamı dövlətin işilə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətinin təmin edilməsilə məşğul olmalıdır. Məmurun vəzifəsi budur.
Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin”.

Həmçinin oxuyun

Tiktokerlərin həbsi: “Cəmiyyət necədirsə, sosial şəbəkələr də elədir”

“TikTok” sosial şəbəkəsində azərbaycanlı istifadəçilərdən bir neçəsinin həbs olunduğu bildirilir. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda …

Bir cavab yazın