Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / “Adamları təhqir etmək, məzələnməkdir…” – Gənc yazarlardan sərt reaksiya

“Adamları təhqir etmək, məzələnməkdir…” – Gənc yazarlardan sərt reaksiya

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) ərsəyə gətirdiyi kitab müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, “Azerbaycan Edebiyat Antolojisi” adlı kitabda 100 azərbaycanlı gəncin şeir, esse və hekayələri toplanıb. 

Sözügedən kitabın təqdimatı ötən gün baş tutub və sosial şəbəkələrdə nəşr barədə tənqidi paylaşımlar edilib.

Qeyd olunur ki, kitabda hərf səhvləri çoxdur və tərcümə natamam şəkildə edilib. Hətta kitabda şeiri dərc edilən şair, tərcüməçi Qismət Rüstəmov da məsələyə biganə qalmayıb.

O, sosial şəbəkədə kitabın bir hissəsini paylaşaraq təəssüfləndiyini bildirib: “Türkçə antologiya təqdim olunub. İçində mənim də şeirlərim var, öz mətnlərimi gördüm, dəhşətə gəldim.  Bu tərcümə deyil, adamları təhqir etmək, onlarla məzələnməkdir. Paylaşdığım fotoda şeirimin bir fraqmenti görünür, hərf səhvləri doludur, bəzi misralarda sözlər yoxa çıxıb, bəzi hissələr elə gündədir ki, “Google translate” bundan yaxşıdır. Zorla deyil ki, yolaverdi, başdansovdu işlər qanımıza işləyib. Yekə bir təəssüf”.

Şair Şəhriyar Del Gerani də nəşri tənqid edib: “Əslində, maraqlıdır. Ciddi sözümdür. Bu tip işbazlar əvvəl-axır özlərini biabır etməliydilər. Belə çıxır ki, dostumuz Fəridin (Fərid Hüseyn) adını sadəcə “kullanıb”lar. Dostlardan xahiş edirəm, kimdə varsa, mənim şeirlərim olan səhifəni çəkib göndərsinlər”.

Kitabın redaktoru Rəşid Məcid “Qafqazinfo”ya tənqidlərlə razılaşdığını bildirib:“Qismət Rüstəmovun paylaşımı ilə tanışam. Ola bilsin ki, bir az tələsikliyə yol verilib. Tərcümədə qüsurlar var. Məsələ burasındadır ki, şeir türk dilinə çevrilməsə daha yaxşı olar. Ya şrifti dəyişsinlər, ya da anlaşılmaz sözlərin lüğətini yazsınlar.  Görünür ki, qeyri-diqqətsizlik olub. Yəqin ki, gələn dəfə bu problem olmayacaq. Xoş bir təşəbbüsdür. İstəməzdim ki, bu iş mənfi reaksiya ilə qarşılaşsın. Mən də tərcüməçiyə bildirəcəm ki, gələcəkdə bunları diqqətə alsın. Əsasən şeir tərcüməsində belə qüsurlara yol verilib. Tənqid edənlərin fikirlərini də təbii qarşılayıram”.

Qeyd edək ki, kitab  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik münasibətilə Türkiyədə nəşr edilib. Nəşri düzənləyən Fərid Hüseyn, Günel Şamilqızı, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Yazıları Türkiyə türkcəsinə Məhəmməd Rza uyğunlaşdırıb.


Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …