Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Abutalıbovun sərəncamı Bakıda aranı qarışdırdı

Abutalıbovun sərəncamı Bakıda aranı qarışdırdı

Bakıda yaşıllıqların məhv edilməsi adi hala çevrilib. Ağacın kəsilməsi bir cərimə ilə yekunlaşırsa, böyük bina tikən iş adamı üçün bu elə də faciəvi deyil. Əsl faciəni o ağacı əkib illərdir böyüdən insan çəkir. Əhmədli qəsəbəsi, Məhəmməd Hadi 41 ünvanında yerləşən binanın sakinləri baş verəcək ağac qətliamını nəzərə alaraq indidən həyəcan təbili çalırlar. Sakinlər milli.az-a yazırlar ki, həyətlərində böyük bir yaşıllıq ərazi artıq hasarlanıb. Orada hansısa bina tikiləcəyi barədə məlumatlar var.

Məktubda deyilir ki, kəsilmə təhlükəsi olan ağacları binanın sakinləri əkiblər və uzun illərdir onları qoruyurlar, qayğısına qalırlar: “Yaşıllıqları məhv etmək yox, əksinə, qorumaq və çoxaltmaq hər kəsin borcudur. Xüsusən də bu qədər insan və avtomobil sıxlığı olan meqapolisdə, oksigenə, yaşıllığa ən çox ehtiyac duyulan bir yerdə bir ağacı belə kəsmək, bəlkə də, cinayətdir.

Binamız “Əhmədli” metrostansiyasının və böyük avtomobil yolunun tam kənarındadır. Bu ərazidə tək yaşıllıq, bəlkə də, yalnız bizim binanın önündəkidir. Orada da tikinti aparılacaqsa, oradakı bütün ağaclar kəsiləcək, yaşıllıq tamamilə məhv ediləcək. 30-40, 50 illik ağacları necə kəsmək olar? Üstəlik yeni binanın tikiləcəyi yer bizim yaşadığımız binaya çox yaxındır. Yaşayış yerinə bu qədər yaxın məsafədə tikinti aparmaq da qanunsuzdur və bizim bütün hüquqlarımızın pozulması deməkdir. Biz, 41 saylı binanın sakinləri ərazimizdəki yaşıllıqların məhv edilməsinə və evin önündə başqa bir binanın tikilməsinə qəti şəkildə etiraz edirik və bunun baş verməməsi üçün sizin saytınız vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətindən, Xətai Rayon İcra Hakimiyyətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, bütün aidiyyatı qurumlardan tədbirlər görmələrini xahiş edirik”.

Saytın əldə etdiyi məlumata görə, həmin ərazi Qarabağ əlillərinə bina tikilməsi üçün ayrılıb. Sakinlər həmin ərazidə bina tikilməsinə etiraz etdiklərinə görə əlillər məhkəmə iddiası da qaldırıblar. Məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirib. Çünki həmin ərazi BŞİH-in başçısı Hacıbala Abutalıbov tərəfindən ayrılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sayta açıqlamasında bildirib ki, həmin məsələ ilə bağlı artıq onlara şikayət daxil olub. Nazirliyin müvafiq departamentinin əməkdaşları həmin ərazidə araşdırma aparırlar.

Həmçinin oxuyun

Azərbaycandakı milyarder və milyonçular…

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. …

Bir cavab yazın