Bazar , Sentyabr 22 2019
Ana səhifə / Cəmiyyət / ABŞ Azərbaycana barış təklif edir

ABŞ Azərbaycana barış təklif edir

Vaşinqtonla Bakı arasında yeni anlaşma; Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Bakıya səfəri Ağ Evin “daşları yerinə qoymaq” istəyindən xəbər verir; Qərbin insan haqları və demokratiya məsələsində Azərbaycan hakimiyyətinə söz keçirə bilmədiyi artıq faktdır ; “Rəy” Monitorinq Mərkəzi seçkilərə 3 il qalmış prezidentə etimad məsələsini niyə gündəmə gətirdi?
Ağ Evlə rəsmi Bakı arasında zaman-zaman müşahidə olunan gərginliyin əsl səbəbləri haqda mediada müxtəlif versiyalar olsa da, hakimiyyətin davranışlarında daha çox iki xətt aydın sezilir: Amerikanın Azərbaycanın daxili siyasətə qarışması və dövlət çevrilişi cəhdi. Bu iddialar hələ sabiq səfir Riçard Morninqstarın Ukraynada Maydan hərəkatının davam etdiyi bir vaxtda AzadlıqRadiosuna verdiyi müsahibədən sonra daha tez-tez səslənməyə başlayıb.

Amerika səfirinin hakimiyyətə ünvanlanan “Ukraynadakı hərəkatdan dərs çıxarmaq” barədə dedikləri bir vaxtlar Bakının enerji sahəsində ən əsas lobbiçilərindən biri olan Morninqstarın “ulduzunu” birdəfəlik söndürdü. Təxminən bir neçə aylıq fasilədən sonra Bakıya gələn yeni səfir Robert Sekutanın mesajları münasibətlərin normal axara dönəcəyinə müəyyən ümidlər yaratmışdı. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın fevralda Bakıya səfərində “rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun.

Azərbaycanda inqilabdan söhbət gedə bilməz” bəyanatı da gərginliyi yalnız müvəqqəti azaltdı. Bundan sonra ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskinin Bakıya nəzərdə tutulan səfəri təxirə salındı. Olayı şərh edən Dövlət Departamentinin nümayəndəsi “ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır” deyə, şərh etdi. Bu həm də o demək idi ki, Vaşinqton vətəndaş cəmiyyəti və demokratiya məsələləri ilə bağlı Azərbaycan hakimiyyəti ilə dialoqu dayandırıb.

 

Avropa Oyunları ərəfəsi Azərbaycana qarşı beynəlxalq təzyiq masasının ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki otağından idarə edilməsi iddialarından tutmuş, son iki həftədə Bakıdakı səfirliyin “ABŞ Azərbaycanda çevriliş hazırlamır” tipli iki bəyanatı da münasibətlərin hələ də gərgin notlarından xəbər verir.

Vaşinqton-Bakı münasibətlərində gərginlik şübhəsiz ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinə sərfəli deyil. Xatırlayırsızsa, hələ bir neçə ay əvvəl nüfuzlu ABŞ konqresmenləri Barak Obamaya müraciətində Azərbaycanın önəmini xüsusi vurğulamışdılar. Amerikanın Azərbaycan hakimiyyətini bilinən və gizli qalan yollarla sıxışdırması rəsmi Bakının Rusiyaya meyllənməsinə şərait yaradıb. Amerika istəyir ki, onun “Bakıdakı adamları” kimi həbs edilənlər sərbəst buraxılsın, siyasi əqidəsinə görə tutulanlar azad edilsin. Rəsmi Bakı isə bu şərtləri və xahişləri qəbul etmir və son aylardakı tövrü bir daha bunu sübut etdi…

Vaşinqtonun xoşuna gəlsə də, gəlməsə də, ortada olan real mənzərə budur. Son il yarımda baş verənlər Amerikanın insan haqları və demokratiya məsələsində Azərbaycan hakimiyyətinə söz keçirdə bilməməsini fakt kimi ortaya qoyub. Faktla isə barışmaq lazımdır!

ABŞ-ın Azərbaycanda çevriliş etmək planları ilə bağlı iddiaların nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Həm də ona görə ki, Amerika göydən düşüb, bu çevrilişi özü edə bilməz. Ölkədə radikal dəyişikliklər üçün aylar, illər, adamlar, pullar və ən əsası, insan resurslarına malik müxalifət lazımdır. Bunların heç biri, faktiki olaraq, yoxdur. Amerikanın hətta dolları belə fevraladək manatdan ucuz idi…

Fəqət, rəsmi Bakı bu qəbildən olan iddialardan əl çəkmir. Bu çevriliş ittihamlarının fonunda daha bir diqqət çəkən hadisə də baş verib. “Rəy” Monitorinq Mərkəzi iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayaraq, Azərbaycan əhalisinin ölkə prezidentinə etimadının yüksək olduğunu bəyan edib. Rəy sorğusunun elan edilən nəticəsinə görə, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Yenə də elan olunmuş nəticəyə görə, “ölkə əhalisinin 73 faizi prezidenti postunda İlham Əliyevə alternativ görmür”. Prezident seçkilərinə 3 il qalmış, ABŞ-a qarşı yönələn çevriliş ittihamları fonunda belə bir sorğunun nəticələrinin elan edilməsi maraq doğurur…

“Amerikanın qorxulu planları” haqda məlumatların tirajlanmasında, əlbəttə, bugünlərdə “ABŞ Putini oliqarxların əli ilə devirmək istəyir” xəbərini mediaya sızdıran Rusiya kəşfiyyatının da əlinin olması tam mümkündür. Çünki Rusiya yaranmış əlverişli vəziyyətdən istifadə edərək Bakını yanına çəkmiş kimi görünə, Vaşinqtonu qıcıqlandıra bilib. Azərbaycanın artıq Şanxay Əməkdaşlıq Təşkilatı ilə üzvlük prosedurları başlayıb. Bu, Azərbaycan hakimiyyətinin müstəqil siyasi xətti də ola bilər, Vaşinqtona üstüörtülü mesaj da.

Yəni dünənədək Azərbaycanı Brüsseldə və Vaşinqtonda ayaq üstə alqışlayanlar indi tonu dəyişirlərsə, iqtidar da səmtini dəyişir.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın ötən həftəsonu Bakıya səfəri Amerikanın “daşları yerinə qoymaq” istəyindən xəbər verir. Bu, son aylar okeanın o tayından Bakıya gələn (həm də hakimiyyətin əleyhdarı olmayan) ilk yüksək səviyyəli heyətdir. Rəsmi Bakının ölkədaxili siyasətə aid olmayan bütün mövzularda amerikalılarla müzakirələrə hazır və həvəsli görünməsi də ortadadır. Aydındır ki, insan haqları məsələsində Avropa və Vaşinqtonla münasibətlərin soyuması iqtidarın da, Azərbaycanın da maraqlarına uyğun deyil.

Məlumatlara görə, prezidentin İtaliya səfərinin bir mənası da Avropa liderləri ilə yeni danışıqlara təkan məqsədi daşıyıb. İtaliya Avropa Birliyində barışdırıcı missiyası ilə tanınır və Rusiya ilə AB arasında sanksiyaların yumşaldılmasına dair gizli danışıqlar da bu ölkədə aparılır. Putinin gedə biləcəyi yeganə Avropa Birliyi ölkəsi də İtaliyadır. İstisna deyil ki, Azərbaycan rəhbərinin Milandan sonra Romaya gedərək dövlət rəsmiləri ilə görüşü Bakı ilə Avropa Birliyi arasında münasibətlərə yeni təkan vermək məqsədi daşıyıb.

Amerikanın Bakı ilə münasibətləri düzəltmək istəyi həm də dünyada gedən geopolitik savaşın daha da qızışması ilə bağlıdır. Çünki indi Rusiya ətrafında bir komanda yığımı oyunu gedir və rəsmi Bakı sıxışdırıldıqca, özünə bu kimi ittifaqlarda mövqe axtara bilər. Bu isə Azərbaycanı demokratiya məsələsində sıxıb, regiondakı müttəfiqini itirə bilən Amerikanın maraqlarına ciddi zərbədir. ABŞ anlayır ki, hazırkı perspektivdə Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın çevrəsini müəyyən edib danışıqlar masasına oturmaq daha vacibdir.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …

Bir cavab yazın