Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / 9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə görə 5 min 350 dollar, yəni 9 min 95 manat müəyyən edilib. Mövcud qiymətlər insanların narazılığına səbəb olub. Belə ki, əksəriyyət Həcc ziyarəti üçün tələb edilən məbləğin yüksək olduğunu düşünür.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, ilk baxışda qiymətlər kifayət qədər yüksək görünür. Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşının maaşına, minimum əməkhaqqına baxanda qiymətlər aşağı deyil:

“Hesab edirəm ki, bu məsələyə tam aydınlıq gətirilməlidir. Vətəndaşlarda narahatlıq yaranıb. Ola bilər, bunun səbəbi qarşı tərəfdə qiymətin yüksəlməsi, xərclərin artımı ilə bağlıdır. Bəlkə Həclə bağlı müəyyən şərtlər irəli sürülüb. Vətəndaşlara xərclər haqqında geniş məlumat verilməli, xərclər artıbsa, açıqlanmalıdır ki, suallar aradan qalxsın”.

Deputatın fikrincə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə aydınlaşdırmanı təmin etməli, geniş məlumatı ictimaiyyətə çatdırmalıdır:

“Xərclərə nə daxildir, bilinməlidir. Səudiyyə Ərəbistanı hansı xidmətlərin qiymətini qaldırıb, bunlar açıqlanmalıdır. Bizə də bununla bağlı müraciət edənlər olub. Ona görə məsələyə aydınlıq gətirilməsinin tərəfdarıyam”.

Qeyd edək ki, sonuncu dəfə Həcc ziyarəti 2019-cu ildə həyata keçirilib. Bu zaman Azərbaycandan 1400 zəvvar hər biri 4285 dollar ödəniş etməklə ziyarətə yollanmışdı. 

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …