Ana səhifə / Cəmiyyət / “83 yaşı olmasına baxmayaraq, elə bilərdin 35-40 yaşı var” – Əlisa Cabbarov

“83 yaşı olmasına baxmayaraq, elə bilərdin 35-40 yaşı var” – Əlisa Cabbarov

“Rüstəm müəllimin 83 yaşı olmasına baxmayaraq, kənardan baxsan, elə bilərdin 35-40 yaşı var…”

Bu sözləri Yenisabah.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib. O, Rüstəm İbrahimbəyovun vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki adlandırıb:

“Biz Rüstəm İbrahimbəyovla 10 ilə yaxındır ki, bir yerdə işləyirik. Rüstəm müəllim peşəkarların qədrini bilən, yaş, vəzifə fərqi qoymayan, kollegial bir insan idi. Hamı ilə işləməyə həvəsli idi. 

Yaşına baxmayaraq enerjili idi, 83 yaşı olmasına baxmayaraq, kənardan baxsan, elə bilərdin 35-40 yaşı var. Çox enerjili, əzmli, sevgi dolu bir insan idi. 

Rüstəm bəyin çox iti yaddaşı var idi, mən yaşca ondan xeyli kiçik olsam da bəzi detalları, rəqəmləri o mənə xatırladırdı. Adamı şoka salacaq dərəcədə iti yaddaşı var idi. Sevgi dolu, çox emosional insan idi Rüstəm İbrahimbəyov. 

Emosionallağı dəniz kimi idi, bir anda dalğalanıb coşa bilərdi, sonra bir anda sakitləşərdi. Rüstəm İbrahimbəyov Azərbaycasn kinosu üçün çox böyük itkidir, çünki bir çox məsələ onunla razılaşdırılıb, məsləhət alınıb daha sonra həll edilirdi. İndi isə elə bir insan olmayacaq…”

Əlisa Cabbarov qeyd edib ki, müəyyən müddətdən sonra qurultay keçirilərək Kinematoqrafçılar İttifaqına yeni rəhbər seçiləcək:

“Bizim xalqımızın adət-ənənələri, yazılmamış qanunları var. Etik qaydalara görə, yaxın 40 gün ərzində yeni rəhbər seçmək mövzusu bizim üçün aktual deyil. Bizim üçün bu dəqiqə vacib olan Rüstəm müəllimin xatirəsini yad etmək və müəyyən prosedurları həyata keçirməkdir. Amma təbii ki, bir müddət keçdikdən sonra nizamnamənin tələbləri yerinə yetiriləcək”.

Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov uzun sürən xəstəlikdən iki gün öncə dünyasını dəyişib.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …