Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Cəmiyyət / 73 yaşlı alim-məmur AMEA-nı canlandıra biləcəkmi?

73 yaşlı alim-məmur AMEA-nı canlandıra biləcəkmi?

Akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib. 1949-cu ildə dünyaya gələn İsa Həbibbəyli ictimaiyyətə tanış adamdır. Onun PA-nın və akademiyanın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdən biri olduğu haqda iddialar da var. Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Nə Ramiz Mehdiyevin dövründə, nə Arif Həşimovun zamanında AMEA-nın fəaliyyətində hər hansı bir dönüş, canlanma olmadı. Onu da qeyd edək ki, bir müddət öncə AMEA-nın bir sıra strukturları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Akademiyada strukturların da yenilənməsinə, birləşməsinə ehtiyac var. AMEA-nın hətta formal bir təşkilat kimi qaldığını söyləyənlər də var.

İsa Həbibbəyli akademiyanın mövcud funksiyaları ilə onu canlandıra biləcəkmi? Gözləntilər nədir? İsa Həbibbəylinin AMEA rəhbəri olması sosial və normal mediada da ciddi müzakirələrə səbəb olub. Araşdırmaçı jurnalist, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev hesab edir ki, bu təyinat AMEA-nı daha da batıracaq. Məsuliyyətli bir dövrdə AMEA-nın prezidenti kimi bir vəzifəyə göstərdiyi yüksək etimada görə dövlətimizin başçısına minnətdaram.

Qeyd edək ki, İsa Həbibbəyli jurnalistlərə açıqlamasında qarşıda duran bır sıra vəzifələrdən danışıb: “Qarşımızda AMEA-nın nüfuzunu bərpa etmək, onun yenidən təşkilatlanmasını həyata keçirmək və AMEA-nın dünya elminə inteqrasiyasını həyata keçirmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək və dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında  nöqsanlar hələ də var

Qulu Məhərrəmli

BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İsa Həbibbəylinin prezident seçilməsinin birmənalı qarşılanmamasına çox təbii baxıram. Çünki o özü də birmənalı adam deyil. Akademiya rəhbərliyində adətən tanınmış, görkəmli, elm sahəsində ciddi uğurları olan, daha dəqiq elmləri təmsil edən insanlar olur. İndi birdən-birə onun seçilməsi, əlbəttə, müəyyən bir reaksiya doğurur. Əlbəttə, Akademiya rəhbərinin kimin adamının olması,  keçmişdə kim olması və sairə müzakirə mövzusu deyil. Çünki biz yaşadığımız sistemdə bunlar təbii ola bilər. Amma onun elmi uğurları, keyfiyyətləri, bacarığı, indiyə qədər qazandığı nailiyyətlər müzakirə olunmalıdır. Mən hesab edirəm ki, akademiyanın indiki durumu çox qeyri-müəyyəndir. Orada da İsa Həbibbəylinin nə isə yaradacağına əmin deyiləm. Elə sahələr var ki, ora kül üfürmək olur, ictimaiyyəti aldatmaq olur, yalançı mesajlar vermək olur, işləmək görüntüsü yaratmaq olur. Amma elm sahəsi konkret özünüifadə meydanıdır, ona görə gərək öz elmi təfəkkürünü, düşüncəni göstərə biləsən. Bu olmayanda, insanlar başlayır  üçüncü, dördüncü dərəcəli işlərlə məşğul olmağa, cürbəcür sərgilər keçirirlər, şeirlər yazırlar, nağıllar danışırlar. Bununla da ictimaiyyəti aldatmağa çalışırlar. Akademiyanın yeni rəhbəri heç bir cəhəti ilə fərqlənməyən adamdır. Uzun müddət vitse-prezident olub, bəlkə də onun kiçik elmi təhqiqat institutunda lokal təşkilatçılığı mövcuddur. Amma akademiya prezidenti böyük fəaliyyət meydanıdır. Açığı, İsa Həbibbəylinin orada böyük fəaliyyət göstərəcəyinə ciddi şübhəm var”. 

Bakupost.az - Ana dilinin qətli və akademikin 2 milyonluq yeyintisi

İdris Abbasov 

Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov da mediaya açıqlamasında yeni prezidentin müsbət dəyişikliklərə təkan verəcəyinə inanmadığını deyib: “Hazırkı tərkiblə akademiyanın inkişafı ilə bağlı hər hansı bir möcüzənin olacağına qətiyyən inanmıram. Neçə ildir bu istiqamətdə mübarizə aparıram, sözümü deyirəm, təkliflər  verirəm. Amma yenə də orada hər hansı müsbət hərəkətlilik yoxdursa, bundan sonra da olacağına inanmıram. İsa Həbibbəylinin AMEA prezidenti  seçilməsi heç bir müsbət dəyişikliklə  nəticələnməyəcək. O seçilərsə, elmi tədqiqatlar üçün iş şəraiti yaradacaq, plagiatizmə qarşı mübarizə aparacaqmı? Həmçinin elmi tədqiqatların keyfiyyəti ilə maraqlana biləcəkmi?! Sadaladığım bütün istiqamətlərdə müsbət addımların atılması vacibdir. Sadəcə, formal olaraq seçilmək və fəaliyyət göstərmək kifayət deyil. Akademiyanın inkişafa meylli, öz səhvlərini etiraf etməyi bacaran rəhbərə ehtiyac var. AMEA-da köklü dəyişiklikliyə ehtiyac var, tərkib tamamilə yenilənməlidir. İlk olaraq akademiyada ciddi şəkildə yoxlamalar aparılmalıdır. Məsələn, 600-700 manat əmək haqqı alan alim hansı yolla villalara sahib olmağı bacarıb? Bu kimi hallar araşdırılmalıdır. Elm təmizliyi, saflığı sevir. Əgər orada dürüstlük, səmimiyyət yoxdursa, necə müsbət dəyişiklikdən, inkişafdan söhbət gedə bilər? Mən AMEA-nın hazırkı fəaliyyətini “akademşəbəkə” adlandırıram, orada olanlar elmə  deyil, kimlərinsə maraqlarına xidmətdir. Faktları təqdim edib, mənfilikləri göz önünə gətirdiyimiz zaman İsa Həbibbəyli niyə reaksiya vermirdi? Oradakılar həqiqəti qəbul etmək istəmirdilər, bütün doğruları, faktları böhtan adlandırırdılar. Məsələn, Vladimir Lenin “Oxumaq, oxumaq, yenə də oxumaq” deyib. İsa Həbibbəyli də baş redaktor olaraq cümlədən öz işində istifadə edib, amma heç bir istinad verməyib. Axı bu düzgün deyil, heç bir reaksiya da bildirilmir. Bu səbəblə akademiyanın müsbət gələcəyinə ümidim yoxdur”.

Həmçinin oxuyun

Zaur Baxşəliyev Nərminin qətlinə görə məhkəməyə çağırıldı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın …