Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / 71 yaşlı generalın vəzifədəki son günləri

71 yaşlı generalın vəzifədəki son günləri

Bu il fevralın 19-da Daxili İşlər Nazirliyinin (DIN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 71 yaşı tamam olub. Bu, o deməkdir ki, R.Zeynalov “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də nəzərdə tutulan son müddətdən 1 il 3 aydan artıqdır dövlət qulluğunda çalışır…

İdarə rəisinin tərcümeyi-halında göstərilir ki, o, 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından etibarən isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışır. Beləliklə, R.Zeynalov 28 ilə yaxındır iş yerini dəyişməyən tək-tük yüksək çinli məmurlardandır.

Əsasnaməyə görə, daxili işlər orqanlarında xidmət keçmənin son həddi əməkdaşların xüsusi rütbələrindən asılıdır:

1)Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar – 50 yaş (bu rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə onlar daxili işlər orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər);

2) orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar – 55 yaş;

3) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:

polis general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində – 60 yaş;

polis general-polkovniki – 65 yaş.

Əsasnamədə o da qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.

Bundan başqa işlədiyi son 5 ildə xidməti vəzifələrini nümunəvi yerinə yetirmiş, təltif olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik, orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər. Beləliklə, DİN sistemində Prezident tərəfindən təyin edilən şəxslər istisna olmaqla digər əməkdaşlar tutduğu vəzifədən, rütbədən asılı olmayaraq 70 yaşdan artıq xidmət edə bilməzlər.

Xatırladaq ki, R.Zeynalovun son xidmət müddətinin başa çatmasından 3 ay keçəndən sonra – 2021-ci il mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq onun xidmət müddətini 1 il uzadıb. Hazırda bu əmrin də müddəti artıq 20 gündür başa çatıb. Lakin R.Zeynalov yenə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinin icrasını davam etdirir.

Göründüyü kimi, bu vəzifəyə təyinatı Daxili İşlər naziri həyata keçirir. Əsasnamədə isə yalnız müvafiq icra hakimiyyəti orqanının başçısı (Prezident) tərəfindən təyin olunan şəxslər üçün vəzifədə son yaş həddi nəzərdə tutulmur. Yəni Ramiz Zeynalovla bağlı qanunvericilikdə nəzərdə tutulmayan istisna halın səbəbi müəmmalı olaraq qalır.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “AzPolitika.info”ya şərhində bildirib ki, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də polis general-polkovniki üçün nəzərdə tutulan son müddət 65 yaşdır.

O, əlavə edib ki, Əsasnamənin 139 -cu bəndinə görə son 5 ildə nümunəvi xidmət etmiş zabitlərin xidmət müddəti zərurət olduğu halda 5 il artırıla bilər: “Daxili İşlər nazirinin müvafiq əmri ilə Ramiz Zeynalovun xidmət müddəti( 5 il artırıldıqdan sonra-red.) daha 1 il uzadılıb. Qanunla bu müddət başa çatdıqdan sonra Ramiz Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi səlahiyyətləri başa çatıb.

Eyni zamanda qanunda “səlahiyyətləri başa çatmış vəzifəli şəxs həmin vəzifəyə yeni təyinat olanadək öz səlahiyyətlərini yerinə yetririr” kimi norma nəzərdə tutulmur. Ona görə də səlahiyyət müddəti başa çatdıqdan sonra Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi səlahiyyətlərini davam etdirməsi və BDYPİ-nin rəisi kimi çıxış etməsi qanuni deyil”.

Xatırladaq ki, iyulun 2-si Azərbaycanda daxili İşlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bəzi mənbələr bu tarixdən sonra Ramiz Zeynalovun təqaüdə göndəriləcəyini istisna etmirlər.

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …