Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / 7 MİN SAKİNİ OLAN QƏSƏBƏNİN MƏKTƏBİ YOXDUR… – SABUNCU RAYONUNDA RƏZALƏT

7 MİN SAKİNİ OLAN QƏSƏBƏNİN MƏKTƏBİ YOXDUR… – SABUNCU RAYONUNDA RƏZALƏT

Bakının şimal-şərqində, Abşeron yarımadasının ortasında yerləşən Balaxanı qəsəbəsi paytaxtın ən qədim yaşayış məskənlərindən biridir. Sabunçu qəsəbəsi, Ramana , Digah və Məhəmmədi kəndləri ilə də qonşudur. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

 

Onu da qeyd edək ki, 1989-cu ildən qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlayıb. Yeni Balaxanı massivi ( Qeyri rəsmi Fazenda adlanır- müəllif ) qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınıb.  Ötən illər ərzində Bakı və qəsəbələrin sosial-iqtisadi inkişafi ilə bağlı Dövlət Proqramı çərçivəsində Balaxanıda da bir sıra işlər görülüb. Belə ki, qəsəbənin qaz xətti yenidən qurulub. Bütün evlər tamamilə qazlaşdırılıb və “SMART” tipli kartlarla təchz edilib. Köhnə elektrik dirəkləri yenisi ilə əvəzlənib, yeraltı elektrik kabelləri çəkilib.

Acaq Yeni Balaxanı (Fazenda) sakinlərinin əsas problemi məktəblə bağlıdır. Məsələ ondadır ki, sözügedən yaşayış massivində məktəb olmadığından sakinlər çox əziyyət çəkir. Bu çatışmamazlıqla bağlı ərazidə yaşayan bir qrup alideyn Azinforum.az-a şikayət ünvanlayıb. Qəsəbə sakini Təvəkkül Mirzəyevin sözlərinə görə, onlar bu səbəbdən məcburən uşaqları məsafəcə uzaqda yerləşən digər məktəblərə aparırlar: “Bu da əlavə xərcdir. Piyada getmək mümkün olmadığına görə, uşaqlara maşın tuturuq. Bir uşağın aylıq xərci 30 manatdır. Mənim 3 uşağım var və bu səbəbdən ayda 90 manat pul ödəyirəm.  Yaşayış massivində təxminən 7 min nəfərə yaxın əhali yaşayır, amma məktəb yoxdur. Dəfələrlə şikayət etsək də bunun bir nəticəsi olmayıb. Qəsəbədə 259, 69  və 4 saylı məktəblər fəaliyyət göstərir, amma məsafəcə “Fazendaya ” çox uzaqdır. Özüm fəhlə adamam ailəni bir təhər dolandırıram. Əvvəlki kimi iş də olmur. Elə olur aylarla işsiz evdə otururam. Tikinti sektorunda müşahidə olunan durğunluq bütün məhəllə sakinlərinn sosial vəziyyətinə mənfi təsir göstərib. Ona görə də, istəyimiz budur ki, yaşayış massivində yeni məktəb tikilsin”.

Digər valideyn Hafiz Əliyev də analoji fikirdədir: “Vallah bilmirsən dolanışıq dərdin çəkim , yoxsa məktəb dərdini… Məhəllədə elə valideyn var ki, imkanı yoxdur uşağına maşın tutsun. Üzü qışa doğru gedir. Bu o deməkdir ki, qışda iş zəif olur. Burda yaşayanların da əksəriyyəti  “çasnı” işlə məşğul olur. Ona görə də heç olmasa yeni məktəbin tikilməsini istərdik”. 

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da,  məsələyə məhsul olan şəxslər sualımızdan yayındılar.

VİDADİ 
Azinforum.az

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın